Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə XX əsr tariximizdə şanlı
səhifə açan, Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illik yubileyi ölkəmizin
bütün bölgələrində qeyd olunur. Bu unudulmaz tarixin ən böyük önəmi ondadır
ki, o, Yaxın və Orta Şərqdə Azərbaycanı müstəqil, demokratik, suveren bir
dövlət kimi dünyaya tanıtdırmış oldu. Buna görə də o tarixdən aylar, illər,
qərinələr ötsə də, o Azərbaycan tarixinin milli təfəkküründə, xalqımızın qəlbində
unudulmaz və həmişə yaddaqalan tarixi hadisə kimi yaddaşımızda qalacaqdır.
Cümhuriyyətin 100 illik tarixi yubileyində bu dövləti yaratmış, onun uğrunda
böyük fədakarlıq göstərmiş insanları — Məhəmməd Əmin Rəsulzadəni, Fətəli
xan Xosykini, Əlimərdan bəy Topçubaşovu, Xəlil bəy Xasməmmədovu, Nəsib
bəy Yusifbəylini, Əkbər ağa Şeyxülislamı və bu sırada olan başqalarını yad
etmək, onların müqəddəs ruhlarına rəhmət diləmək bizim hər birimizin
borcudur. Bu böyük insanlar sırasında cümhuriyyətin banisi, böyük milli ideya,
məslək və dönməzlik nümunəsi olan Məhəmməd Əmin Rəsulzadənin xüsusi
yeri vardır. Bu yer onunla ölçülür ki, o, Cümhuriyyətə şərəflə başçılıq etmişdi.
Həm də bu yer onunla ölçülür ki, o, dünyasını dəyişib haqq dünyasına
qovuşandan sonra belə, biz nəsillərə çoxqiymətli və əvəzolunmaz, zəngin bir
irs qoyub getmişdir. Onları neçə-neçə cildlərə sığan və bizə Azərbaycanın
yenidən müstəqilliyə qovuşduğu günlərdə də belə yol göstərən mayakdır.
Məhəmməd Əmin irsində İran, onun tərkib hissəsi sayılan Cənubi Azərbaycan
mövzusu xüsusi yer tutur. Neçə-neçə tədqiqat materialı ola bilən bu mövzunu
bir yazıda əhatə etmək, orada qoyulmuş məsələləri yetərincə tədqiq edib ortaya
gətirmək mümkünsüz bir işdir. Buna görə oxuculara təqdim olunan bu yazıda
Cənubi Azərbaycanla, onun coğrafi, elmi, siyasi, iqtisadi və mədəni problemləri
ilə bağlı daha müasir məsələlər üzərində dayanacağıq.
Məhəmməd Əmin Rəsulzadənin yazılarında Cənubi Azərbaycanın etno
coğrafiyası: Cənubi Azərbaycanla bağlı (coğrafi, tarixi, iqtisadi, mədəni və s.)
məsələlər 40-dək İrandan məktublarında və bir sıra yazılarında şərh olunur.
Onun İranın bu bölgəsi haqqında ətraflı materialları “Türk yurdu”, “İrşad” və
“Əbilülrəşid” dərgilərində çap etdirdiyi silsilə məqalələrdə ətraflı verilmişdi.
Məhəmməd Əmin o zaman 9 milyon əhalisi olan İranı çoxmillətli və çoxsaylı
etnoslardan ibarət olduğunu yazır ki, bu əhalinin də üçdə birini, təqribən 3
milyondan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini deyir. O, Azərbaycan
türklərinin Arazın sağ qolundan Culfa, Gərgər, Ələmdar, Xoy və Mərənddən
başlamış Tehran yaxınlığındakı Kərəc, Zərənd, Xar, Vəramənd, Həmədan və
onun ətrafınadək olan yaşayış məntəqələrinin sakinlərinin əksəriyyətinin türk
olduğunu yazır. İran ərazisinin üçdə birini təşkil etdiyi bu bölgələrdə
yaşayanların özünəməxsus tarixləri, mədəniyyətləri, dil, adət-ənənələrinin və
milli xüsusiyyətlərinin olduğunu qeyd edir. Mişev, Səhənd və Savalanın
əhatəsində yerləşən Təbriz şəhərinin bu ərazidə ən böyük elm, mədəniyyət və
sənətkarlıq mərkəzlərindən biri olduğunu bildirir. Şəhərin əhalisinin o zaman
250 min nəfər olduğunu və hər kvadratkilometrə 31 adam düşdüyünü deyir.
Burada yaşayan əhalinin xeyli hissəsi ticarətlə məşğul olsa da, toxuculuq, fərş
emalatxanaları, dəmirçilik, başmaqçılıq, dabbaqlıq, dülgərlik, ağac oyma işləri
və s. geniş yayıldığını, əl sənəti işlərinin mövcud olduğunu qeyd edir.
Məhəmməd Əmin Rəsulzadə öz yazılarında Qaşqay və Xorasan ətrafındakı
əhalini türk etnosuna daxil edərək onları xalis türk hesab edir. O, Qaşqay
türkləri haqda daha geniş məlumat verir. Qaşqay və Xorasan türklərini
Azərbaycan türklərinin bir qolu hesab edir. Onların tarixi olaylar nəticəsində
Azərbaycan ərazisindən ayrı düşmələrinə baxmayaraq, bir türk olaraq öz milli
kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxladıqlarını deyir. Qaşqayların
8 qoldan ibarət olduğunu yazan Məhəmməd Əmin sayca o vaxt 350 min nəfər
olan Qaşqay ellərinin əsasən Şiraz ətrafında məskən saldıqlarını qeyd edir.
Ümumiran ərazisində “Qaşqay eli” kimi tanınan türk mənşəli bu toplum öz milli
adət-ənənələrinə sadiq qalmış, onu bütün yad təsirlərdən qoruyub saxlaya
bilmişdir. Qaşqayların məişətindən danışarkən onların çoxuşaqlı ailələrdən
ibarət olduqlarını vurğulayır. Əsasən çadırlarda yaşayan bu insanlar Şirazın
dağ ətəyində məskunlaşıb, ilin bir hissəsini yaylaqlarda, bir hissəsini isə
qışlaqlarda keçirirlər.
Qaşqay türk tayfaları haqqında ilk dəfə yetərincə yığcam, ətraflı məlumat verən
Məhəmməd Əmin Rəsulzadənin “Türk yurdu” qəzetində və “İrşad” dərgisində
çap etdirdiyi silsilə məqalələrində bu haqda geniş bəhs edir. Məqalələrdən bəlli
olur ki, Qaşqay qadınları ailəsinə, uşağına bağlı olub, həyat yoldaşına vəfalı və
hətta təsərrüfat işlərində onun yaxın köməkçisidir. Qaşqay qadını ailənin məişət
işlərini yerinə yetirməklə yanaşı, yun əyirməkdə, boyamaqda və kiçikhəcmli
“Qaşqay türk xalçaları”nı toxumaqda çox mahir olurlar. Onların toxuduqları
xalçalar öz bədii tərtibatına, ornamentinə, rəng çalarlarına, ən başlıcası
keyfiyyətinə görə bazarda yaxşı satılır və çoxsaylı müştəriyə malik olur.
Qaşqaylar öz ana dillərinə, milli adət və ənənələrə çox bağlı olan türk
cəmiyyətidir. Onların kişiləri bir dəfə evlənər və xanımlarına vəfalı olurlar.
Qadınlar üzüaçıq kişilərlə birlikdə məclislərdə iştirak edə bilərlər. Qaşqayların
toy və yas mərasimləri Azərbaycandakı türklərə uyğun və oxşar olur.
Məhəmməd Əmin Rəsulzadənin yazılarından məlum olur ki, Qaşqaylar Cənubi
Azərbaycandakı türklərin bir qoludur və Çingiz xan İranı istila etdiyi zaman Fars
əyalətində həmişəlik məskunlaşmış türklərdir.
Məhəmməd Əmin Rəsulzadə 1906-1911-ci illərdə İranda olarkən öz
yazılarında Cənubi Azərbaycandakı siyasi durumdan, Məşrutə inqilabından, bu
inqilabın rəhbəri olmuş Sərdari Milli Səttarxandan və onun silahdaşlarından
ətraflı və məhəbbətlə bəhs etmişdi. O, XX əsrin əvvəllərində İranda xalq
hərəkatının dirçəlişində, millətin oyanmasında və rejim əleyhinə mübarizəyə
qoşulmasında Məşrutə hərəkatının xüsusi rol oynadığını qeyd edir və bu işdə
üzvlərinin böyük əksəriyyətinin azərbaycanlı türklərdən ibarət olan “İranlıların
sosial demokrat” firqəsinin təşkilatçılıq və təbliğatçılıq işlərinin önəmi üzərində
xüsusi dayanır. O, yazır ki, bu partiyanın üzvlərinin çoxu Qafqazda olmuş,
işləmiş və müxtəlif siyasi cərəyanlardan qidalanmış cənublu fəhlə və
sənətkarlar idilər. Sosial Demokrat Firqəsinin Təbriz qolunun kütləni təşkil
etməkdə, şahlıq diktaturası əleyhinə, konstitusiya uğrunda mübarizədə,
məşrutəçiləri əsas hədəfə istiqamətləndirmək işində cəsarətli və dönməzliyini
xüsusi qeyd edir. Səttarxanın başçılığı altında məşrutəçilərin inadlı mübarizəsi
qarşısında geri çəkilmək məcburiyyətində qalan Müzəffərəddin şah son
hesabda ölkədə konstitusiyalı şahlığın yaradılmasına razılıq verir. Bu, İran
tarixində çox böyük siyasi hadisə idi. Lakin ata Müzəffər öləndən sonra şahlıq
taxtına yiyələnmiş oğul Məmmədəlinin xalqın əleyhinə olan əməllərinə qiymət
verən M.Rəsulzadə yazır: “İran tarixində ilk dəfə olaraq konstitusiyanın
qəbuluna və parlamentin çağırılmasına razılıq vermiş Müzəffərəddin şahdan
fərqli olaraq, Məmmədəli şah konstitusiyanı rədd etmiş, parlamenti qovmuş və
üstəlik olaraq qəddarlıqda ad çıxarmış Mirzəlixan Atabəyi baş nazir vəzifəsinə
gətirmişdi. Bundan sonra parlament qovulmuş, fəal demokratları dara
çəkdirmişdi. Şahın haqsız əməllərinə dözməyən türk balası, məşrutəçi
Abbasağa baş naziri terror edib öldürmüşdü. Abbasağanın dara çəkilməsinin
40-cı günü Tehranda yaşayan 10 min nəfərdən çox azərbaycanlı türklər
mövcud rejimə qarşı protest əlaməti olaraq əzəmətli mitinq keçirmişlər”.
Məhəmməd Əminin yazılarında İrandakı I və II çağırış parlamentdə
azərbaycanlı türk elçilərinin fəaliyyətinə xüsusi yer verilir. O, azərbaycanlı
deputatların rejim əleyhinə olan çıxışlarındakı kəskinliyi və radikallığı qeyd
edərək bu çıxışların ümumiran miqyasında milli oyanışa göstərdiyi təsirə işarə
edərək yazır ki, bu çıxışlardakı haqlı tələblər və təkliflər milləti ayağa
qaldırmaqla yanaşı, şahlıq rejiminin İranı böyük fəlakətlərə doğru sürüklədiyini
deyirdi. İran daxilində 70-dən çox siyasi təşkilatın yarandığını qeyd edən
Rəsulzadə bu qurumlarda azərbaycanlı türklərin əsas və aparıcı rol
oynadıqlarını yazır, onların bir çoxunun Fransadakı Yakobinçilər inqilabındakı
klublara oxşadıqlarını qeyd edən Rəsulzadə Tehrana, şah sarayına gələn
kəskin məzmunlu ərizə, şikayət və teleqrafların çoxunun Azərbaycan türkləri
tərəfindən göndərildiyini yazır.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərində Səttarxanın başçılığı
altında yaranmış məşrutə inqilabının üzərində xüsusi dayanaraq hərəkatın
başçısı Səttarxanı milli qəhrəman adlandırır. O, Səttarxanla şəxsən
görüşdüyündən məmnun qaldığını yazır. O, Təbrizin 11 ay şah qoşunları və
irtica qüvvələri tərəfindən mühasirədə qalarkən əhalinin qəhrəmanlıq və
dözümlülüyünə yüksək qiymət verərək yazır ki, bu qəhrəman şəhər öz
dözümlülüyü və qəhrəmanlığı ilə bütün İrana nümunə göstərmişdi.
M.Ə.Rəsulzadə Təbrizin 11 ay mühasirədə saxlanılarkən məşrutəçilərin hər
cəhətdən — çörək və başqa ərzaq cəhətdən yaradılmış qıtlığa böyük dözüm
göstərib, çörək əvəzinə ot yeyib təslim olmadıqlarını əsrin qəhrəmanlığı
adlandırır.
Təbrizdən və Azərbaycanın başqa bölgələrindən şaha ünvanlanan məktub,
şikayət və teleqraflara cavab olaraq Məmmədəli şah bildirmişdi ki, “Onlara
çatdırın ki, atam onlara konstitusiya və parlament yox, fikir mübadiləsi və
söhbətlər aparmaq icazəsi vermişdi”. Rəsulzadə Təbriz üsyanını İranın başqa – İsfahan, Həmədan, Rəşt və Ənzəlidə, Azərbaycanın bütün şəhərlərində əks
səda tapdığını deyir və göstərir ki, Makuda vali xalqın çıxışlarına tab gətirməyib
şəhərdən qaçıb İrəvan xanlığına sığınıb.
Məhəmməd Əmin Azərbaycandakı türklərin igidliyi, qəhrəmanlığı, rejim
əleyhinə mübarizədə dözümlülüyü haqqında “İrane nov” qəzetində çap etdirdiyi
silsilə məqalələrində yazmışdır. Onun məqalələrində Azərbaycan türklərinin
tarixi, dili, milli kimliyi haqqında geniş məlumat verilir. Bu materiallar İran
tarixşünaslığında, etnoqrafiyasında və ədəbiyyatşünaslığında baş qaldırmış
şovinist baxışları ifşa etməkdə önəmli rol oynadı. Məhəmməd Əmin
Azərbaycanın bütövlüyünə işarə edərək yazır ki, “Azərbaycan türkləri təkcə
Rusiya ərazisində yaşayanlar deyil, Arazın o biri tayında İran adlanan
məmləkətdə də, onun coğrafiyasında, iqtisadi və mədəni həyatında çox mühüm
yer tutan bir xalqdır. Onun özünəməxsus ərazisi, dili, mədəniyyət və tarixi vardı,
onu inkar və təhrif etmək bu millətə qarşı haqsızlıq və ədalətdən kənar bir
əməldir”.
Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyət dövründə siyasi və beynəlxalq
durumun mürəkkəbliyini nəzərə alıb bütöv Azərbaycan ideyasını ortaya
gətirməmişdi, lakin bu bütövlüyü daim ürəyində saxlamışdı. Həmin dövrün canlı
şahidi olmuş Əlirza Turan öz xatirələrində yazır. “1946-cı ildə Sovet Ordusunun
İrandan çıxarılmağa məcbur edilməsini mən eşidəndə sevinə-sevinə gəlib Əmin
bəyə xəbər verdim. Lakin gözlədiyimin əksinə o sevinmədi, üstəlik çöhrəsində
kədər cizgiləri səpildi. Onun kommunistlərin məğlubiyyətinə sevinməməyi məni
təəccübləndirdi. Bunun səbəbini ondan soruşmaq istəyəndə dedi: “Kommunizm
gec-tez dağılacaq, amma Azərbaycanın birləşməsi tarixin vermiş olduğu böyük
bir fürsət idi. Təəssüflər olsun ki, bu fürsət əldən verildi”.
Rəsulzadə yazılarında fars şovinizminin zorakılığı nəticəsində türk dilinin İranda
sıxışdırıldığını, ölkədə, tədrisdə ona yer verilmədiyini dövrün böyük haqsızlığı
sayır. O, özünün “Azərbaycan və İran” adlı məqaləsində yazır: “Coğrafi
cəhətdən ikiyə bölünmüş bir millətin milli kimliyini danmaq, onları ayrı-ayrı
etnoslara aid etmək mümkün iş deyil. Mən Gəncə, İrəvan və Bakıdakı türkləri
Qaradağ, Təbriz, Xalxal, Marağa, Ərdəbildəkilərdən fərqli bir millət hesab edə
bilmərəm. Halbuki, onların vahid dili, eyni adət-ənənəsi, eyni məzhəbə qulluq
etmələri vardı… Yüz il bundan əvvəl bunlar vahid olmuşlar. İranın və rusların
siyasəti ilə iki yerə ayrılmış və indi məcbur etmək istəyirlər ki, siz azərbaycanlı
adını dəyişib Qafqaz türkü, Aran və ya Qafqaz albanı qoysanız, ancaq biz sizi
o zaman böyük qardaş kimi ağuşumuza basıb qəbul edərik”.
Rəsulzadə yazır ki, istər Qafqazdakı, istərsə İrandakı türklər bir millətin
varlığıdır. Bir kökdən yaranmış və adı azərbaycanlı olan bir millətdir. Çox qəribə
də olsa, 100 il bundan əvvəl fars şovinistləri tərəfindən ortalığa gətirilmiş əsası
olmayan, qeyri-elmi bir fikir Pəhləvi hakimiyyəti illərində daha da qol-budaq
ataraq siyasi bir cərəyana çevrilmişdi. Elmdən, məntiq və reallıqdan uzaq bir
“nəzəriyyə” hazırda qonşu İranda islami rejim dövründə də, çox təəssüf ki,
davam etməkdədir. Kəsrəvi, Əfşar və başqa adlarla fəaliyyət göstərən qeyri
elmi qurumların nəşr etdikləri kitablar və məqalələr toplusu yazan Rza
İnayətulla, Kavə Bayat, Seyid Cavad Təbatəbai, Natiq Xanləri, Abbas İqbal
Aşiyani, Məhəmməd Müqəddəm, Yəhya Zəka, Əbdüləli Karəng, “Fars dili
Azərbaycanda” kimi 10-dan çox şovinist müəllifin məqalələrindən ibarət nəşr,
eləcə də, Tehranda Kavə Bayatın redaktorluğu və giriş məqaləsi ilə çap
olunmuş “Azərbaycan tarixin dalğasında – 1918-1920-ci illər” məqalələr
məcmuəsi və sair bu səpgidə işıq üzü görmüş yazılar Məhəmməd Əmin
Rəsulzadə dövründə deyilmiş və yazılmış bayağı fikirlərin təkrarıdır ki, müasir
İranda yenə gündəmdədir. Məhəmməd Əmin Rəsulzadənin yazılarında Cənubi
Azərbaycandakı iqtisadi durum ayrıca yer tutur. O, “Türk yurdu” dərgisində çap
etdirdiyi məqalədə Azərbaycan türklərinin yaşadıqları ərazidə aqrar-kəndli
məsələsini, kənddəki iqtisadi bərabərsizliyi, ərbab-rəiyyət münasibətlərini
xüsusi şərh edir. Azərbaycandakı əkin sahələri, bağ-bağat üzərində aşağıdakı
sahibkarlıq növləri mövcuddur:
1. Dövlətin ixtiyarında olan “Xalisələr”
2. Varlı mülkədarların və yüksək mənsəb sahiblərinin ixtiyarında olan torpaq və
bağ-bağat sahələri və su mənbələri ki, bunlar ərbab mülkiyyəti sayılır.
3. Az miqdarda torpağı olan və ya torpağı olmayan kəndlilər ki, bunlara da
rəiyyət deyilirdi.
M.Ə.Rəsulzadə Cənubi Azərbaycanla bağlı yazılarında Azərbaycan
kəndlərində ərbab-kəndli münasibətlərindəki ədalətsizliyi cəmiyyətdə mövcud
olan ziddiyyət və fəsadların başlıca və əsas mənbələrindən biri saymışdı. Varlı
mülkədarlara məxsus suvarılan və dəmyə torpaqlarında çalışan torpaqsız və
az torpaqlı kəndlilərə qarşı müxtəlif vergilər və pay bölgüsündəki ədalətsizlik və
haqsızlıqlar Azərbaycan kəndlilərini ərbablardan asılı kütləyə çevirir. Bu
asılılığın əsasını Rəsulzadə kəndlərdə varlı torpaq sahibləri tərəfindən tətbiq
edilən çoxsaylı vergi və mükəlləfiyyətlərin çoxluğunda, kəndliyə qarşı tətbiq
olunan ədalətsizlik və zorakılıqda görür.
Torpağa, suya, gübrə və qoşqu heyvanlarına toxum, torpaq növünə görə
vergilər — bunları o, Cənubi Azərbaycan kəndlilərini var-yoxdan çıxaran,
onların və ailələrinin güzəranını dözülməz edən səbəblər hesab edir. Hər bir
kəndli istifadə etdiyi, əkib-becərdiyi torpaq üçün belə adla “Qapı xərci”, hər baş
heyvan üçün o zamankı pul vahidi ilə 5 qran 10 şahı, hər qoşqu heyvanı üçün
1 qran 5 şahı, hər qoyun üçün 14 qran, su üçün, torpaq üçün, səpki materialı
üçün kəndli ərbaba ödəniş etməli idi. Vergilər bölgələr üzrə müxtəlif olurdu.
Bunlardan əlavə, bayramlarda, sahibkarın özünün və ailə üzvlərinin ad
günlərində onlara toyuq, yumurta, yağ, pendir payı verməyə də borclu idi. Orta
əsr haqsızlıqlarını xatırladan bu qayda-qanunlar kəndliləri yorub, iqtisadi
cəhətdən müflisləşdirib var-yoxdan çıxardığı üçün çox vaxt onlar mülkədar
torpaqlarını buraxıb başqa yerlərə, əsasən sərhəd bölgələrinə mühacirət etmək
zorunda qalırdılar, çox vaxt isə Bakıya gəlib neft mədənlərində, dəmir yol
çəkilişində, Astarxan limanlarında ağır işlər görməyə məcbur olurdular. O
zaman Cənubi Azərbaycanda hökm sürən ağır iqtisadi şərait, zorakılığı və
çapqınçılıq üstəlik sahibkar zorakılığı və haqsızlıq Şimali Azərbaycana,
Qafqaza mühacirətə məcbur edirdi ki, onların sayı 160 minlə 200 min arasında
göstərilir.
Yekun olaraq, Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir
zamanda Məhəmməd Əminin zəngin tarixi-ədəbi irsi ozamankı İranı və Cənubi
Azərbaycanı, onun coğrafiyasını, etnik tərkibini, siyasi və iqtisadi durumunu
öyrənməkdə çox dəyərli məxəzlərdəndir. Bu mövzunu öyrənib elmi dövriyyəyə
gətirmək bizim tədqiqatçılıq və milli borcumuzdur.
Əkrəm RƏHİMLİ (Bije),
“Respublika” qəzeti ,14 Oktyabr 2018
Şərhlər bağlıdır.