Azərbaycanlılara qarşı törədilmiş soyqırım tarixindən
Ərdəbilin Səmərin kəndi: fədailərinin xatirəsi əbədi yaşayacaqdır
Məhəmməd Rza şahın 21 Azər hərəkatını qalibiyyətlə başa vurub 1945-ci ilin
dekabr ayının 12-də öz Milli hökumətini qurmuş Azərbaycan xalqına, onun
azadlıq mübarizəsinə qarşı 1946-cı ilin noyabr ayından başlayaraq ordu
hissələri göndərməsi şahlıq rejiminin başdan-başa xəyanət və cinayətlərlə dolu
tarixinin ən bədnam və ən qanlı səhifələrindən birini təşkil edir. Amerikalıların
təhriki, şahın xüsusi fərmanı ilə Azərbaycana göndərilən ordu hissələrinin izi
təxribat, kütləvi qırğın və qan ləkələrindən ibarət olmuşdur.
Xaincəsinə qəflətən Azərbaycana soxulmuş cəlladların ayağı hara dəymişsə,
orada aldatma, hiylə və riyakarlıq, saysız-hesabsız cinayətlər, kütləvi qırğınlar
özünü göstərmişdir. Bu kütləvi qırğınlardan biri də Ərdəbil yaxınlığındakı
Səmərin kəndində baş vermişdir. Bu zaman Səmərin fədailərinin bir hissəsi
Tarım yaxınlığında, digər hissəsi isə Kisala səngərlərində vuruşurdular.
Onlar müqaviməti dayandırmaq əmri aldıqdan sonra geri çəkilərkən qarşılarına
çıxan düşmən qüvvələri ilə vuruşur, vurur, vurulur, şəhid olur və yaxud dağlara
çəkilirlər.
Fədailərdən bir hissəsi öz doğma kəndləri Səmərinə qayıtdıqda burada
öncədən gəlib öz mövqelərini bərkitmiş olan İran mərkəzi hökumətinin ordu
hissələri, vaxtilə Tehrana qaçmış mürtəce feodalların, o cümlədən kəndin
mülkədarı Tağı Ənvarinin silahlı dəstələri ilə qarşılaşırlar.
Düşmənin təslim olmaq təklifinə rəd cavabı verən igid Azərbaycan fədailəri
vuruşur və nəhayət silah və say cəhətdən müqayisə edilməz dərəcədə
üstünlüyə malik olan düşmən qüvvələrinin mühasirəsinə düşürlər.
Patronları qurtarmış fədailərdən bir neçəsi, o cümlədən Celoxan, Poloxan və
onun qaraşı Yusif tutularaq başqa fədailərin gözləri qarşısında güllələnirlər.
Buna baxmayaraq Səmərin fədailəri yenə də düşmənə təslim olmurlar.
Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanları yerdə qalmayacaqdır!
P.S. Ərdəbilin Səmərin kəndində 1946-cı ilin dekabr ayında İran ordusu
tərəfindən Azərbaycan fədailərinə qarşı törədilmiş qırğından görüntülər
aşağıdakı fotolarda təqdim edilir.
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.