ÜÇ ÜRƏYİ BİR YARPAQDA KİM ÇƏKİB…

Bir saplaqda üç ürəyin şəkli var!..
Hər yarpaqda dünyamızın həkki var!..
İndi kimin yaradana şəkki var,
Üç ürəyi bir yarpaqda kim çəkib?!.
Bu sətirlərin müəllifi həyatdakı gözəllikləri anlayıb duyan, özü də bu gözəlliyi əbədiləşdirməyə çalışan təbiət vurğunu, yaradıcı insandır. Təbiət adlı böyük rəssamdan dərs alaraq insan portretləri çəkir. Və onları elə canlandırır ki, əsərlə seyrçi arasında xüsusi ünsiyyət yaranır. Tablolardan boylanan qəhrəmanlar müəyyən anlığa sənət əsəri ilə qarşı-qarşıya dayandığını unutdurur…
Əsərlərin aşağı küncündə iki qoşa hərfli imza var: MH–açması: Hüseyn Mirtəqəvi

İşləyərkən faner, andız kökündən hazırlanan təbii boya, skalpel (cərrah bıçağı), eskizlər və günlərlə beynində götür-qoy edərək ürək süzgəcindən keçirtdiyi kompozisiya ilə baş-başa qalır… Və beləcə faner üzərində müxtəlif surətlər canlanmağa başlayır.
Molbert arxasına keçən rəssam əvvəlcədən boyayaraq qurutduğu faner üzərinə kağızda çıxarılmış eskizləri yerləşdirib yüngül cızma işi aparır. Bunu tamamladıqdan sonra əlindəki skalpellə obrazı zərgər dəqiqliyi ilə işləməyə başlayır. Qəhrəmanlarının ruhunu, düşüncələrini fonda verdiyi kompozisiya ilə tamamlayır. Məhz burada sənətkar təxəyyülü, məharəti öz gücünü daha qabarıq büruzə verir. Ağ-qara, işıq-kölgə vasitələrindən məharətlə istifadə real görüntü yaradır. Sənətkar yaradıcılıq prosesində cizgilərin incəliyi və qalınlığının dəqiqliyi üçün fərqli ölçüdə üç-dörd cərrah bıçağından istifadə edir. Rəssam səliqəsi, zərifliyi, duyumu bütün tablolarına hakimdir. Ərsəyə gətirdiyi hər bir portretdə insanın zahiri və ruhu arasındakı harmoniya yaradıcılıq məsuliyyətinin, qəhrəmanını hərtərəfli öyrənmək cəhdinin nəticəsidir.
…Nədənsə onun əsərlərini ksiloqrafiya nümunələri kimi təqdim edirlər. Amma burada çox böyük yanlışlıq var. Çünki Hüseyn Mirtəqəvinin bədii-texniki üslubu xeyli fərqlidir, orjinaldır. Araşdırmalara əsasən əminliklə deyə bilərik ki, yaradıcılıq prosesində tətbiq etdiyi vasitələrdən rəssamların ayrı-ayrılıqda fərqli şəkildə istifadəsini nəzərə alsaq belə, faner üzərində cərrah bıçağı ilə insan portreti bir yenilikdir. Mirtəqəvi yaradıcılığı fərdi, özünəməxsus metodu ilə fərqlənir.
Təkcə Nəsiminin portreti yetər ki, Mirtəqəvi sənətinin böyüklüyünü ifadə etsin. Böyük mütəfəkkirin yubileyi ilə əlaqədar çəkilən rəsmlər içərisində “Ənəlhəqq”i ən canlı və dolğun əsər saysaq, yanılmarıq.
Şərhsiz təqdim etdiyimiz yaradıcılıq nümunələrinin sizdə daha geniş təəssürat yaradacağına əminik. Necə deyərlər, sənətkar haqqında ən düzgün fikri onun əsərləri diqtə edir.

Epiloq əvəzi

Maraqlı insan, ətəyindən elm tökülən adam…
İxtisasca ekoloqdur. Uzun illər Qızılağac qoruğunda işləyib. Torpağa, təbiətə xüsusi bağlılığı var. Rəssam baxışı, güclü müşahidə qabiliyyəti sayəsində fauna və flora aləminə, təbiət hadisələrinə dərindən bələddir. Elə əsərlərində təbiət lövhəsi verərkən detallara varması da, məhz bundan irəli gəlir.
Elm adamıdır – Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin Sözlük redaksiyasının müdiridir. Söhbətlərini maraqla dinləyən gənc tələbə onu dostlarına məhz belə xarakterizə edib – ətəyindən elm tökülən adam…
Həm də şair ruhludur. Duyğularını şeirə çevirir. Deyir ki, şair deyiləm, amma arada ürəyimdəkiləri sapa düzürəm.
Həyatındakı keşməkeşlərin də yaradıcılığına təsiri danılmazdır…
Gözəllik aşiqidir. Eybəcərlik içində belə yaxşı olanı görüb tapır və dəyər verir. Bəlkə də ona görə əsərləri bu qədər ifadəli və ürəyəyatandır.

Lilparından bulaq özü görünmür,
Çiçəyindən budaq özü görünmür,
Dumanından bu dağ özü görünmür,
Duman, çəkil, bu gözəllik görünsün!..

 

Nüşabə Şahılı

Şərhlər bağlıdır.