İrakli Kobaxidze : QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz,
müxalifət sanksiyalar məsələsində geri çəkilməyə məcbur oldu.
Azerbaycan-ruznamesi.org report.az-a istinadən xəbər verir ki,
Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyri-hökumət təşkilatlarının
(QHT) xarici maliyyə mənbələri vasitəsilə ölkənin daxili siyasətinə
müdaxilə etmələrinin yolverilməz olduğunu deyib.
O, ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun
Gürcüstanda analoqunun qəbul edilməsinin alternativsiz olduğunu
vurğulayıb.
“ABŞ hökuməti etiraf edib ki, USAID, NED və digər mexanizmlər müxtəlif
ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyi pozmaq üçün istifadə olunub.
Belə şəraitdə QHT-lərin fəaliyyətində tam şəffaflığın təmin edilməsi
vacibdir. Onların xarici maliyyələşmə vasitəsilə siyasi müdaxilə alətinə
çevrilməsinə yol vermək olmaz”, – Baş nazir qeyd edib.
Kobaxidzenin sözlərinə görə, ölkənin daxili işlərinə xarici təsirlərin
qarşısını almaq üçün bu qanunun qəbulu zəruridir.
Gürcüstanın Baş naziri həmçinin müxalifətin ölkəyə sanksiyalar tətbiq
olunması ilə bağlı apardığı kampaniyanın nəticəsiz qaldığını bildirib. O,
cəmiyyətin bu məsələyə fərqli yanaşması səbəbindən müxalifətin geri
addım atmaq məcburiyyətində qaldığını söyləyib.
“Əgər sanksiyalar tətbiq edilsəydi, eskalasiya baş verəcək və iqtisadiyyat
çökəcəkdi. Həmin dövrdə müxalifət məhz bunu tələb edirdi. İndi isə
arqumentləri qalmadığı üçün yalan danışmağa məcburdurlar”, – o bildirib.
İ.Kobaxidze eyni zamanda sabiq prezident Salome Zurabişvilinin bu
məsələdə yanlış açıqlamalar verdiyini deyib və bunu müxalifətin çətin
vəziyyətdə olması ilə əlaqələndirib.
Ruslan Həsənov
Şərhlər bağlıdır.