NİZAMİ HARALIDIR? MÜBAHİSƏLƏRƏ CAVABLAR SİLSİLƏSİNDƏN

Professor Kamil Allahyarov:

“İranın “İrna” rəsmi xəbər agentliyinin 16 fevral 2021-ci il tarixində yaydığı məlumata görə, İranın Mərkəzi Ostanında, Qum şəhəri yaxınlığında yerləşən Təfriş şəhərindən yarım kilometr kənarda olan Tad kəndinin qəbristanlığında Nizami Gəncəvinin ailəsinə aid çoxlu qəbir daşları vardır. Ancaq məlumatda bu daşlara həkk olunmuş adlar barədə heç nə deyilmir. Ona görə də bilmək olmur ki, Şeyx Nizami “buradan Gəncəyə köçəndən sonra” onun hansı qohumlarının qəbri Tad kəndində qalıbdır. Bu məsələ ilə bağlı yalnız Nizamiyə mənsub edilən və çoxdan bəri mübahisələrə səbəb olan bu iki beytə istinad edilir: “Gəncə dənizində mirvari kimi gizlənsəm də,/ Qum əyalətinin dağlıq hissəsindənəm. // Təfrişdə “Ta” adlı bir kənd vardır,/ Nizami oradan şöhrət tapıbdır”. Mərkəzi (Tehran ətrafı) ostanın “Mədəniyyət abidələri, əl sənətkarlığı və turizm idarəsi”nin məsul işçisi Məryəm Kərimzadə “İrna”nın muxbirinə deyib ki, “Tad kəndinə turistlərin gəlməsi üçün burada küçələrə daş döşənilib və 2019-cu ildə buradakı abadlıq işlərinə, o cümlədən Nizaminin evinin təmirinə 500 milyon riyal vəsait ayrılmışdır. Yeni ildə də bu işlər davam etdiriləcəkdir. 2009-cu ildən bu kənd maddi-mədəni irs nümunəsi kimi qorunur”.

 Qeyd etmək lazımdır ki, yerli əhali də Təfrişdəki küçə və məktəblərə, parklara “Nizami Təfrişi” adı veriblər. Halbuki coğrafi və tarixi əsərlərdən məlumdur ki, Nizaminin dövründə bu şəhər Təfriş yox, Tebres adlanırdı və təqribən iki əsrdən sonta sonuncu “Təfriş” forması almışdır. Nəhayət, bunu da demək lazımdır ki, yuxarıda göstərilən beytlər nəinki şairin əsərlərinin 17-ci əsrdən əvvəl yazılmış əlyazmalarında, hətta müasir dövrdə İranda çap olunmuş “Xəmsə”lərin də əksəriyyətində yoxdur. Çünki bu beytləri kimsə 16-cı əsrdən sonra bəzi əlyazmalara əlavə edib və yalnız bundan sonra bəzi təzkirəçilər də həmin beytlər barədə məlumatlar yazıblar. İranda ən ciddi nizamişünaslar kimi tanınmış Seyid Nəfisi, Vəhid Dəsgerdi və Əbdülhüseyn Zərrinkub da bu beytlərin Nizamiyə mənsub olmasına inanmamışlar”.

Şərhlər bağlıdır.