AZƏRBYCAN QƏZETİNİN BAŞ REDAKTORLARI: H.F. XOŞGİNABİ FƏDAİLƏR KİMDİR?

“Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə Təbrizdə çıxan sayları 4 nəfərin baş redaktorluğu ilə işıq üzü görmüşdür. Həmzə Fəthi Xoşginabiyə nəşrin 152-246-cı saylarını çıxarmaq etibar olnumuşdur. Bu nümunələrə baxarkən göz önündə bacarıqlı təşkilatçı, müxtəlif janrlarda oxunaqlı yazıların müəllifi göz önünə gəlir.
Həmzə Fəthi Əli oğlu Xoşginabi 22 mart 1922-ci ildə Təbriz yaxınlığındakı Xoşginab qəsəbəsində dünyaya göz açıb. Bir il mədrəsədə təhsil alıb. Ailəsinin çətin güzəranına kömək etmək üçün ağır zəhmətlərə qatlaşıb. Gənc yaşlarından ədəbiyyata maraq göstərir, şeir və məqalələri 1941-ci ildən dövri mətbuatda dərc olunub.
Həmin ərəfədə Cənubi Azərbaycanda milli hərəkat başlayır. Həmzə Fəthi Xoşginabi Azərbaycan Demokrat Partiyasının üzvü olur. Güney Azərbaycanın şəhər və kəndlərini gəzərək inqilab ideyalarını təbliğ edir. Yerli təşkilatların yaradılmasında, partiyaya yeni üzvlərin cəlb edilməsində fəallıq göstərir. Bu hərəkat onun yaradıcılığında yeni bir mərhələnin başlanğıcı olur. Milli Hökumətin süqutundan sonra (1946) Şimali Azərbaycana mühacirət edir. Bakıda “Azərbaycan” qəzetində məsul redaktor olur.
Yazıçının 1956-cı ildə üç hekayələr məcmuəsi çap edilir.
Yazıçı 1956-cı ildə Moskvada Ali ədəbiyyat kurslarına daxil olur. İki il burada təhsil aldıqdan sonra təyinatla əvvəlcə Bolqarıstanda, sonra Tacikistanda çalışır. O, 1969-cu ildə Moskvaya qayıdır və SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Eyni zamanda ədəbi fəaliyyətini də davam etdirir.
Həmzə Fəthi Xoşginabi 1989-cu ildə Moskvada vəfat edib, Bakı şəhərində dəfn olunub. Paytaxtımızda küçələrdən biri yazarın adını daşıyır.
1946-cı il dekabrın 12-dən siyasi mühacir kimi Sovet İttifaqında yaşamışdır. Burada “Azərbaycan” qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor işləmiş (1947-1956).
O, ədəbi fəaliyyətə gənc yaşlarında farsca yazdığı şeir və hekayələrlə başlamışdır. 6-cı sinifdə ikən “Şaxtada qalmış bir qadın” adlı mənzum hekayəsinə görə Azərbaycan Maarif İdarəsi tərəfindən mükafatlandırılmışdır. İlk mətbu şeiri olan “Mən kəndliyəm” 1943-cü ildə Tehranda dərc olunmuşdur. Onun doğma Azərbaycan dilində yazıb-yaratmaq imkanı isə 1945- ci ildən sonra yaranmışdır. Bu vaxtdan siyasi felyeton və məqalələri, eləcə də “Zeynəb”, “Mehri”, “Züleyxa”, “İbrahim”, “Usta Ələkbər” və s. hekayələri, “Suvarılmış poladlar”, “Eşq və müharibə” povestləri Təbrizdə çap olunmuşdur. Mühacirət dövrü Bakıda Azərbaycan Demokrat Yazıçıları Cəmiyyətinin sədri olmuşdur. İran inqilabından dərhal sonra Təbrizdə Azərbaycan şairlər və yazıçılar cəmiyyətini yaratmış, onun sədri seçilmişdir (1979-1980). Bu cəmiyyətin orqanı “Ülkər” jurnalını təsis etmişdir.
Tərcüməçi kimi də fəaliyyət göstərmiş, rus, belorus və digər xalqların ədəbiyyatından nümunələri fars dilinə çevirmişdir. Hekayə, povest və romanları rus, fars, tacik, bolqar, gürcü dillərinə tərcümə olunmuşdur. İnqilabi fəaliyyətinə görə “21 Azər” medalı ilə təltif edilmişdir. Fəthi Xoşginabi 1989-cu ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.
Azerbaycan-ruznamesi.org qəzetimizin tarixi, baş redaktorları və onların mətbu irsi barədə oxucuları ətraflı məlumatlar verməyi qarşıya məqsəd qoyub. İlk olaraq H.F. Xoşginabidən başlayır və onun “Fədailər kimdir?” sərlövhəli yazısını oxuculara təqdim edirik.

FƏDAİLƏR KİMDİR?

Milli qoşunumuzu təşkil edən fədailər haqqında danışmaqdan ötrü keçmiş dövrdəki hərbi təşkilat haqqında da danışmalıyıq.
Hərbi xidmət idarlərində əsgərliyə çağırış etdikdən sonra idarə rəisinə pul verməyə imkan tapa bilməyən əsgərləri qoyun sürüsü kimi kazarmalara doldurub iki il tamam onları ac və susuz təzyiq altında saxlayaraq onlarda süni bir hərbi ruh yaratmışdılar. Tehran hökumətinin hakim dairəsi öz mövqeyini qorumaqdan ötrü Azərbaycanda xüsusi bir şərait yaratmışdır. Buradakı jandarmlar, əsgərlər azərbaycanlı olduqları halda mərkəzi hökumət tərəfindən Azərbaycan xalqını təzyiq altında saxlamaq üçün bir alət yerinə işlənirdilər. Tehran hökumətinin təhrikləri ilə jandarmların etdikləri cinayətlər xalqımızın yadından çıxmayıbdır. Amma biz deməliyik ki, nə üçün bu jandarmlar özlərinin bizimlə həmvətən olduqlarını nəzərə almırdılar? Bu çox aydındır.
Tehran hakim dairəsinin yaratdığı şərait elə tələb edirdi. Jandarmanı yaratmaqda mnun əsl məqsədi millətimizi boğmaq idi. Mərkəsi hökumətin hərbi qüvvələri isə öz vəziyyətlərindən razı olmamaqla bərabər bəzi zamanlarda Tehran hakim dairəsinin mənafeyini qorumaq üçün alət kimi istifadə olunurdular.
Hərbçilərdə heç vaxt həqiqi bir vətənpərvərlik ruhu yox idi. Onlarda olan hisslər hamısı süni bir hisslər idi. Rza şah bir gün Mazandaranda olan hərbi qüvvələrii görmək istəmişdi. Hərbçilərə baxış keçirən zaman Həsən adlı bir yefreytor sadə bir əsgərlə bir yerdə durmuşmuşlar. Rza şah Həsəni çağırır və soruşur:
– Pesər, Vətən çist? (Vətən nədir? – red.)
Həsən dərhal deyir ki:
– Qurban, vətən madəre əzize mən əst (Qurban olum, vətən mənim əziz anamdır – red.)
O sadə əsgər öz-özünə fikirləşir ki ki, yaxşı oldu, Allaha şükür, məni qabaqca çağırmadı, yoxsa cavab verə bilməyəcəkdim.
Birdən Rza şah əsgəri də çağırıb həmin sualı ondan edir. Bu əsgər deyir ki:
– Qurban, vətən madəre əzize Həsən əst (Qurban olum, vətən Həsənin əziz anasıdır).
Bu bir həqiqətdir. Əsgərlərdə olan bu duğu süni bir duyğu idi. Əslən onların vətənləri yox idi ki, vətən məhfumunu da anlasınlar.
Bu hərbi aparat Rza xanın və onun qara nökərlərinin qorxulu siyasətləri üstündə əmələ gəlmişdir. Bu əsgərlər hamısı qədim Roma ölkəsinin qladiatorları kimi eyni taleyə malik olmaqla Tehran hökumətinin “ali məqamları”nın tələb etdikləri təqdirdə öz həmvətənlərini öldürməyə məcbur olurdular. Amma nə cür oldu ki, bu aparat dəyişildi?
Onun əsas səbəbi əsgərlərilə hökumət arasında həqiqi bir əlaqənin olmaması və işarə etdiyim şəraitdən ibarət idi.
Biz indi əminik ki, Milli Hökumətimizin bünövrəsi çox yüksək səviyyədə möhkəmdir, çünki onu millətimiz yaradıb və millətimiz də onu qorumağı təzmin edir.
Ayaqyalın, lüt, soyuq gecələrdə silah götürən fədailər 24 il basqı və zülm altında yaşayan millətimizi, onun iradəsini, yaşamaq eşqini bütün dünyaya tanıtdıra biləcəklər.
İndi xalqımızda öz vətənlərinə və həqiqi əsgərlik xidmətinə təsəvvür olunmaz dərəcədə bir maraq və eşq görünür. Bu eşq və maraqlar millətimiz tərəfindən təzahür edən etimad ruhundan, qəhrəmanlıqdan və fədakarlıqdan ibarətdir. Fədailərimiz xalqımızın ən qabaqcıl qəhrəmanlarıdırlar ki, dünən ölkəmizin həyat üçün lazım olan məhsullarını yaradırdılar, bu gün isə azadlığımızı qorumaq üçün silah götürüblər.
ndi bunlar hamısı həqiqəti anlayırlar, onlar hamısı öz ölkələri, müqəddəs odlar yurdu Azərbaycanı müdafiə edirlər. Onlar beş milyon Azərbaycan millətini bütün millətlərə tanıtdırmaq və onların varlığını demokratik dünyaya isbat etmək istəyirlər. Fədailər bizim igid və şanlı qardaşlarımız və oğlanlarımızdırlar. Bundan sonra biz cavanlar hamımız böyük sevinc və iftixar ilə silah götürüb lazım olduqda axırıncı damla qanımız qalana kimi öz azadlığımızı müdafiə edəcəyik.
Millətimizin qəhrəman cavanlarına eşq olsun!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

Şərhlər bağlıdır.