Altı il bundan öncə 14 siyasi fəal misli görünməmiş bir addım ataraq Əli
Xameneiyə ünvanlanan bəyanatda onun istefasını, hakimiyyətdən əl çəkməsini
və İslam Respublikasının getməsini tələb etmişdilər. Həmin 14 igid iranlı həbs
olundular və ağır həbs cəzalarına məhkum edildilər. Lakin onların yandırdıqları
alov sönməyib.
Bu gün vətəndaş cəmiyyəti, elit təbəqənin nümayəndələri və hətta əhalinin
müxtəlif təbəqələri tərəfindən Xameneinin rəhbərliyinə son qoymağa və İslam
Respublikasından keçidə çağıran səslər daha çox eşidilir. Son həftələr siyasi
və mədəni fəallar tərəfindən Xameneini İran xalqından üzr istəməyə, törədilən
dağıntılara görə məsuliyyəti qəbul etməyə və hakimiyyətdən getməyə çağıran
bir neçə məktub dərc edilib.
Ən son nümunə; “Evin” zindanında həbsdə olan siyasi fəal Mehdi Mahmudian
İslam Respublikasının Rəhbərinə “Məhv olmuş qəlbdən məhvediciyə məktub”
başlıqlı müraciət ünvanlayaraq, onun istefasını tələb edib və onun rəhbərliyini
İranın və iranlıların həyatını məhv edən əsas amillərdən biri kimi göstərib.
Bu məktublar sadəcə olaraq elit təbəqənin narazılığının əks-sədası deyil. Siyasi
və vətəndaş fəallarının etirazları ilə yanaşı, onilliklər ərzində ən ağır sosial,
iqtisadi və təhlükəsizlik təzyiqlərinə məruz qalan xalq hər gün daha yüksək
səslə Xameneini hakimiyyətdən getməyə çağırır. Bu tələb bu günlərdə insanlar
tərəfindən davamlı olaraq təkrarlanan sadə, lakin mənalı bir cümlə ilə
yekunlaşdırılır: “Biz sizdən heç nə istəmirik, yığışıb gedin”.
Bu günlərdə küçələrdən, sosial şəbəkələrdən, ziyalı dairələrindən, dərdli
ailələrdən eşidilən səs hakimiyyətin illərdir qulaqardına vurduğu səsdir. Bu, İran
xalqının səsidir; İslam Respublikası tərəfindən həyatı məhv edilmiş bir nəslin
səsidir. Bu, uşaqlığı qara plaşların, depressiv rənglərlə maskaların kölgəsində
məhv edilən, gəncliyi sükutla keçmək məcburiyyətində qalan, etirazına güllə ilə
cavab verilən nəslin səsidir.
Bu, böyüyən, lakin böyüməkdən həzz almayan yeniyetmələrin səsidir; ya İslam
Respublikasının agentləri tərəfindən öldürülən, ya da repressiya və təhqirlərlə
həyatı məhv edilən gənclərin səsidir. İndi bu gənclər yetkinlik yaşına çatıb,
hakimiyyətə nifrət edirlər; Onun hökmranlığının sonunu görmək üçün var
gücləri ilə günləri sayırlar.
Hökumət xalqın ən vacib sərvəti olan canını əlindən alıb. 1979-cu ildən bu günə
qədər verdikləri vədlər aldatma, məhv və zülmdən başqa bir şey deyildi. İran
xalqını qəzəbləndirən və qışqırdan 47 illik yalanlar, boş vədlər, alçaldılmalar,
fundamental hüquqlarının daim tapdalanmasıdır. Xomeynidən tutmuş
Xameneiyə, fundamentalistlərdən islahatçılara qədər bütün insanlar təcrübə
vasitəsilə öyrəndilər ki, mövcud struktur və hökumətlə ölkəni xilas etmək üçün
heç bir üfüq yoxdur.
İran xalqı hesab edir ki, mollalar və generallar təkcə hökuməti deyil, ölkəni də
işğal ediblər. Həmin xalq hesab edirlər ki, öz hökumətlərini və hökmdarlarını
sərbəst seçmək hüququ onların əlindən alınıb. Xalqın bu ictimai qəzəbi cənnət
vəd edib onlar üçün cəhənnəmi yaradan, namusdan və dindən danışıb, amma
əməldə hiylə və talandan başqa bir iş görməyən bir hökumətin acı
təcrübəsindən qaynaqlanır.
Xalqın hakimiyyətə inamı məhv edilib. Danışıqlar, sanksiyalar, dolanışıq və
sosial ədalət haqqında davamlı yalanlar istənilən sosial kapitalı məhv edib.
İnsanlar artıq hökmdarların sözlərinə inanmırlar. Onlar hər yeni vədi yerinə
yetirilməmiş vədlərin təkrarı kimi görürlər.
İran hökmdarları illərdir ki, İmam Hüseyn və Fatimənin adı ilə insanların
emosiyalarını öz xeyrinə qızışdırsalar da, əməldə bu etirazçıların övladlarını
qətlə yetirib və ədalət tələb edənlərin ailələrini hədələyib, həbs edib zindana
salıblar. Kian Pirfələyin anası kimi ədalət istəyən analar övladlarının cəsədi
üstündə gecə-gündüz oyaq qaldılar ki, hökumət heç olmasa onların əzizlərinin
cəsədini oğurlamasın.
Bu gün İran xalqı mollalardan, generallardan xahiş edir ki, yığışıb getsinlər. Belə
ki, onlar artıq danışıqlar masası arxasında rüsvay edilməzdən, Amerika və
İsrailin hücumlarına məruz qalıb məğlub olmamışdan öncə millətin qəlbində və
ağlında məğlub olublar.
Xalqın baxışına görə hökumətin və Xameneinin bu cür alçaldılması yerə tökülən
haqsız qanların, övladlarını nahaq yerə itirmiş anaların ah-naləsinin, uzun illər
xidmətdən sonra bu gün ölkə küçələrində ədalət diləyən, lakin həbs olunan
fəhlələrin, müəllimlərin, təqaüdçülərin fəryadının cəzasıdır.
Etiraz edən insanların səsi hər gün daha da ucalır, onlar qəzəblənir və bu, artıq
çox aydın görünür. Xameneinin istefası tələbi artıq təkcə 14 siyasi fəalın səsi
deyil; bu, milyonlarla iranlının “Biz sizdən heç nə istəmirik, yığışıb gedin” deyə
qışqırtılarının əks-sədasıdır.
Murad Veysi,
İran İnternational
Yazını təqdim etdi: Səməd Bayramzadə
Əvvəlki
Şərhlər bağlıdır.