ƏMRƏLİ LAHRUDİ “SEÇİLMİŞ MƏQALƏLƏR”

Milli muxtariyyət günün aktual məsələsidir

İran xalqlarının milli muxtariyyətə dair tarixi formalaşmış istək və arzuları indiki şəraitdə də öz aktuallığını saxlamış və onların mübarizəsinin əsas istiqamətinə çevrilmişdir. Bunun başlıca səbəbi onunla izah olunur ki, zəmanəmizdə yaranmış ictimai atmosferdə bir çox sosial hadisələrin baş verməsi, onun zərurəti daha çox milli amillərin əhəmiyətinin artması ilə əlaqədar surətdə müəyyən edilir. Vətənimiz Iranda milli muxtariyyət uğrunda gedən mübarizələr müxtəlif tarixi dövrlərdə müxtəlif şəkillərdə mübarizə səviyyəsində olmuşdur. Məsələn, şahlıq üsul-idarəsinin hökmranlıq şəraitində Iranda yaşayan azərbaycanlı, kürd, türkmən, bəluç və sairə xalq və millətlər milli zülm şəraitində yaşamış və onlara öz milli çərçivələrində hər cür milli, mədəni hərəkətlər qadağan edilmişdir. Hətta onların varlığının təcəssümü olan ana dilləri nəinki rəsmən tanınmamış, həm də rəsmi şəkildə idarələrdə danışmalarina icazə verilməmişdi. Ona görə də Iranda yaşayan bütün xalq və millətlər həmişə milli muxtariyyət uğrunda mübarizə aparmışlar. Lakin bu mübarizə tarixi şəraitdən aslı olaraq bəzən kəskinləşmiş, ya da zəifləmişdir. Məsələn, Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkəti, 21 Azər nehsətini, Kürdüstanda milli hərəkatı, Bəluçstanda və Türkmənistanda milli hüquqsuzluğa qarşı mübarizəni göstərmək olar.

22 Bəhmən ingilabının baş verməsi ilə ələqədar olaraq demək lazımdır ki, Iranda yaşayan xalqların həyatında milli dirçəliş və oyanma dövrü başlanmışdır. Belə ki, bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı qeyri-rəsmi olsa da öz ana dilində sərbəst danışmaq, qəzet, jurnal və kitab nəşr etmək imkanı əldə etdi. Eləcə də inqilab dövründə Azərbaycanda mütərəqqi qüvvələrin ana dilində nəşriyyat işinə başlamaları və Azərbaycan xalqının milli mənliyinin inkişafı həmin imkanların təzahürü idi, hətta inqilab dövründə inqilabın xəlqilik qüdrətinin güclü olması idi ki, Islam respublikasının konstitusiyanın 15-ci maddəsində mədrəsələrdə milli dillərin tədrisi və öyrənilməsi azad elan edilmişdir. Vətənimizin bütün xalqları haqlı olaraq belə düşünürdilər ki, şahlıq rejiminin süqutundan sonra hər xalq öz milli mədəniyyətini, ədəbiyyatını, şerini, musiqisini, memarlığını, kinosunu və s. İstədiyi kimi inkişaf etdirməklə öz taleinin sahibi olacaqdır. Çox təəssüf ki, bütün bunlar düşüncələr çərçivəsindən kənara çıxa bilmədi və xalqların istək-arzuları reallaşmadı. Milli məhrumiyyətlər yenə də başqa ad və formalarda özünü göstərməyə başladı. Bütün bunlar sanki röya idi. Lakin bu röyada belə bir real həqiqət hamını düşündürür ki, məyər Bəhmən inqilabını xalq etmədi, məyər Iran Islam Respublikasının milli dillər və muxtariyyət haqqında ki, konstitusiyası inqilab şəhidlərinin qanı bahasına əldə edilməmişdir? Bəs bütün bunlar nə üçün unuduldu, hətta həmin konstitusiya çərçivəsində milli muxtariyyat tələb edənlər ya zindanlara və ya da ölüm meydanlarına göndərildilər.

Əgər şahlıq dövründə milli muxtariyyət hüququ həmin rejim tərəfindən bu və ya digər qondarma ideyalarla rədd edilirdisə, IIR-sı dövründə elə bir siyasi və fikri atmosfer yaradılmışdır ki, rejimi mədh edən bir çox ideoloqlar “Islam birliyi” (Islam vəhdəti) pərdəsi altında bütün xalqların qanunu hüququ olan milli muxtariyyət haqqlarını tapdalamaqla millətlərin azadlıq və demokratik hüquqlarını rədd edirlər. Onlar “Islam birliyi” ideyasını “Milli muxtariyyət” ilə eyniləşdirməyə çalışırlar. Onların konsepsiyasına görə Islam birliyindən söhbət gedəndə milli hüquqdan danışmaq olmaz. Çünki milli muxtariyyət Islam birliyilə bir araya sığmayır. Əlbəttə belə bir konsepsiya ilə razılaşmaq üçün heç bir əsas yoxdur. Çünki üzərində söhbət gedən anlayışlar nəinki eyni deyil, həm də bir birindən köklü surətdə fərqlənirlər. Bu fərq isə ondan ibarətdir ki, Islam birliyində eyni dindarlar onların milliyətindən, xarakterindən, adət və ənənələrindən, psixologiyalarından asılı olmayaraq birləşirlər və məqsəd həmin dində olan əhkam və mərasimləri icra etməkdir. Bu təkcə Islama yox, bütün dinlərə aiddir. Amma milli muxtariyyətdə həmin millətə xass olan, eyni dildə danışan və milli xaraktera, adət və ənənəyə malik olanlar birləşir və məqsəd öz müqəddəratına sahib olmaq uğrunda mübarizə aparmaqdır. Deməli əgər biz bu iki anlayışı düzgün mənalandırsaq onda Iranda hər hansı bir millətə milli muxtariyyət hüququ verilərsə o, nə Islama nə də Islam birliyinə xələl gətirə bilməz.

Milli muxtariyyət hüququnu inkar edən digər konsepsiyalardan biri də milli dəyərləri islam dəyərlərinə, və ya əksinə, qarşı qoyanlardır. Bu konsepsiyanı əsaslandırmağa çalışan ideoloqlar iddia edirlər ki, bu iki dəyəri təmsil edən sosial qruplar arasında mənafe ziddiyatı olduğu üçün güya milli dəyərlər yox, ancaq islam dəyərləri məqbuddur. Əvvələn, hər hansı bir dəyər istər milli, istərsə dini olsun, əgər xalqlar tərəfindən qəbul edilmişsə onu mənafe meyarı ilə qiymətləndirmək düzgün deyildir. Çünki dəyərlər ona görə qiymətləndirilmir ki, o mənafelərə uyğun gəlir ya yox. Dəyərlər ona görə qiymətləndirilir ki, o obyektiv surətdə mənafelərə uyğun gəlir. Deməli dəyərlərin meyarı mənafelər deyil, mənafelər onun ancaq nəticəsidir. Bu o deməkdir ki, deyərlər bu və ya digər qrupun mənafei ilə yox, tarixi prosesdə tutduğu mövqe və göstərdiyi təsirlə qiymətləndirilir. Mənafeə gəldikdə dəyərlər ola bilər həmin qrupun mənafeinə ya uyğun və ya da zidd olsun. O, tamamilə başqa şeydir və bu yazının mövzusundan kənardır.

Saniyən, bəhs olunan dəyərlər əgər ümümbəşiri xarakter daşıyırsa o, heç vaxt bir-birini nə inkar və nə də əvəz edə bilməz. Bunlar forma və məsələnin qoyuluşu cəhətdən, yəni hansı meyarlarla qiymətləndirmək cəhətdən fərqlənirlər. Məsələn, yaxşılıq etmək ümumbəşəri dəyərdir. Lakin din bütün meyarını allahın xatiri ilə, milli isə insanpərvərlik və yaxud humanizm meyarilə qiymətləndirir. Deməli, əgər Iranda bütün xalq və millətlərin tarixən əmələ gəlmiş milli dəyərləri qəbul edilərsə, o, xalq tərəfindən qəbul edilmiş dini dəyərlərə xələl gətirməz. Hətta dini dəyərlər milli dəyərlərdən də istifadə edər.

Göründüyü kimi mürtəce ideyalar tərəfindən milli muxtariyyət hüququ rədd edilir, dövlət tərəfindən də xalqlara milli muxtariyyət hüququ verilmir. Bu da bütün dünyada olduğu kimi vətənimiz Iranda da bütün xalq özünə qayıtmaq və ya özünü dərk etmək istiqamətin də hərəkətdədir. Çünki öz qanuni hüququnu dərk edən xalq heç bir zaman milli zülm və təzyiq altında yaşaya bilməz. O, fürsət tapan kimi öz kökündən ayrılmış mənəviyyatının, milli mənliyinin sorağına gedir və onu gerçəkliyə çevirmək məqsədilə mübarizə aparır. Mənəviyyat və milli mənlik hər bir xalqın qəlbi kimi daxilən canlı həyat kimi yaşayır və ilk fürsətdə təzahür etməyə başlayır.

Vətənimizdə milli muxtariyyət uğrunda mübarizə aparanlarla rejim başçıları arasındakı ziddiyyətlərin artmasının ümdə cəbəblərindən biri də elə budur. Təbrizdə və başqa şəhərlərdə az-çox dərc edilən Azərbaycan dilindəki əsərlər bir tərəfdən mərkəzi hökümətlə olan ziddiyyətin artmasını göstərirsə, digər tərəfdən onu bildirir ki, Azərbaycan xalqı öz varlığına olan təhqirə daha dözmək istəmir. Burada söhbət milli dildən, milli adət və ənənələrdən, milli psixologiya və düşüncələrdən gedir. Hər bir xalq, o cümlədən Azərbaycan xalqı da bu milli amillərlə öz tarixini, varlığını formalaşdırmaqla müasir sivilizasiyaya daxil olur və ona öz töhvəsini verir. Bu o deməkdir ki, Azərbaycan xalqı özünün milli dəyərləri əsasında mənəviyyatı zəminində ümumbəşiri dəyərləri zənginləşdirir. Yalnız bu yolla bütün dünya xalqları, o cümlədən Iranda yaşayan xalqlar bir-birinin mədəni nailiyyətlərindən bəhrələnirlər. Deməli, əgər Iranda yaşayan bütün xalq və millətlərə öz milli muxtariyyətləri zəminində müstəqil inkişaf etmələrinə imkan verilirsə onda ümum Iran üzrə ümumbəşəri dəyərlər artacaq və milli amillər Iranın ictimai tərəqqiyə doğru irəlilənməsinə güçlü təkan verəcəkdir. Lakin, belə bir zəngin milli xəzinələrin yaradıcılığını görə bilməyən və ya görmək istəməyən ideoloqlar belə bir konsepsiya irəli sürürlər ki, güya Iranda bütün millətlər bir-birinə qovuşmuş və vahid Iran milləti yaranmışdır. Əvvələn, qeyd etmək lazımdır ki, Iranda vahid millətin əmələ gəlməsi ideyasının heç bir reallıqla əlaqəsi yoxdur və ola da bilməz. Saniyən, millətlərin qovuşması məsələsinin qiymətləndirilməsi həmin anlayışın necə mənalandırılmasından asılıdır. Əgər qovuşmaq bir milləti digər millətin içərısındə əritməkdirsə o, məqbul deyil və heç bir millət onu qəbul edə bilməz. Yox, əgər qovuşmaq millətlərin ünsiyyət aləmində bir-birini zənginləşdirməkdirsə o məqbuldur və bütün millətlər tərəfindən qəbul edilər. Deməli, qovuşma birinci mənada o, bir milləti əzir və onun hesabına digər milləti ucaldır, ikinci mənada isə ümumbəşəri mənəviyyat və dəyərlərin zənginləşməsinə aparıb çıxarır. Əlbəttə, həmin məsələnin şərhində Iranın özünəməxsus xarakterik cəhəti vardır və onu nəzərə almamaq olmaz. O da bundan ibarətdir ki, Iran kimi bir ölkədə min illər boyu bir ərazidə yaşayan müxtəlif xalqlar arasında elə bir ümumi cəhətlər əmələ gəlmişdir ki, onlar bu və, ya digər xalqa yox, orada yaşayan bütün xalqlara aiddir. Bu ümumi cəhətlər konkret şəkildə müəyyən adət və ənənələr, məişət və ünsiyyət münasibətləri, pssixologiya və əxlaqi amillər və sairəni əhatə edir. Iran üzrə əmələ gələn bu ümumi cəhətləri iranlılıq anlayışı ilə adlandırmaq mümkündür.

Iranda yaşayan xalqların canlı əlaqələri əsasında tarixən formalaşan iranlılıq öz mahiyyəti etibarı ilə ondan ibarətdir ki, hər bir iranlı özünün milliyyətindən, sinfi mənsubiyyətindən və dini baxışından asılı olmayaraq ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və toplanmış dəyərlərinin müdafiəsi olmalıdır. O, öz varlığını da bu çərçivədə və bu istiqamətdə inkişaf etdirir. Məsələn, səkkiz illik Irak-Iran müharibəsindən istər azərbaycanlı və türkmən, istər kürd və fars, istərsə də Bəluç Iraqın irəli sürdüyü ərazi iddiası ilə və fars Körfəzinin adının dəyişdirilməsilə razı olmazdı və müharıbədə Iranın istiqlal və ərazi bütövlüyünü qorumaqda öz canlarını əsirkəmədilər.

Beləliklə milli amillərin güclənməsi ümumbəşəri dəyərlərin ön sıraya keçdiyi bir zamanda vətənimiz Iranda milli muxtariyyət uğrunda gedən mübarizə Iranın istiqlal, ərazi bütövlüyü, azadlıq və demokratiya uğrundakı mübarizənin ayrılmaz tərkib hissəsinə çevrilmiş və günün aktual məsələsi olaraq qüvvədə qalır. Əgər bütün xalq və millətlərə milli muxtariyyət hüququ verilsə bu bir tərəfdən ayrı-ayrı millətlərin xüsusi mənafei və digər tərəfdən ümumiran üzrə müştərək mənafelər birləşərək birləşdirici siyasi qüvvəyə çevrilə bilər. Bu birləşdirici siyasi qüvvə isə Iranın ictimai tərəqqiyə doğru inkişafında həllediçi qüvvə rolunu ifa edəcəkdir.

 

Şərhlər bağlıdır.