Seyyid Əzim Şirvaninin Həsən bəy Zərdabiyə mənzum məktubu

Ey Həsənbəy, müəllimi-dana!
Ey edən əhli-aləmi ehya!
Ey çatan aləmə səfa səndən,
Eyləyir Seyyid iltica səndən
Ki, bu məktub kim, xəyalımdır,
Əhli-Qafqazə ərzi-halımdır.
Edəsən çap, ey gözüm nuri,
Ta ola ruzigar məşhuri:
Əssəlam, ey əhaliyi-Qafqaz,
Ey rəisani-sahibül-e’zaz!
Əssəlam, ey güruhi-xeyr’əsər,
Millətin qeyrətin çəkən kəslər!
Kişidə olmasa əgər qeyrət
Ondan, əlbəttə, yaxşıdır övrət.
Dadu fəryad, ey güruhi-izam,
Oldu zaye’ bu milləti-islam.
Günü gündən zəlilü xar olduq,
Möhnətü qüssəyə düçar olduq.
Bu qədər dərd kim, olur hadis,
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadanî
Ki, onun elm olubdu dərmani.
Bu təəccübdür, ey güruhi-bəşər,
Bir kişi yatsa, naxoş olsa əgər
Axtarır bir təbibi-danadil,
Ta ki, səhhət ola ona hasil.
İndi naxoşdu milləti-islam,
Ona lazımdır eyləmək əncam.
Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.
Qeyrlər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam.
Kişinin olmadısa dünyası,
Bari lazımdır olsun üqbası.
Bizdə nə axirət, nə dünya var,
Olmuşuq bir yaman bəlayə düçar.
Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü axund, tələbə,
Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan;
Əlli min suxtə, əlli min sail,
Əlli min hoqqabazi-naqabil.
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xəlqi qoymaqdır.
Xəlqə bunlar hamı qurublar dam,
Bir bunu anlamır bu qövmi-avam.
Şiəmiz sünniyə edər töhmət,
Sünnimiz şiədən edər qeybət.
Bizi puç etdi şiə, sünni sözü,
Əhli-islamın oldu kur gözü.
Bizə sairlər eyləyir töhmət,
Çün tərəqqi edibdi hər millət.
Gərçi var işqanan kişi tək-tək,
Əksəri-xəlq əvamdır, bişək.
Neyləsin işqananlar, ay qardaş,
Qurunun oduna yanır həm yaş.
Babi-elm olmayıb bizə məsdud,
Kəsb edən yoxdur anı, leyk, nə sud!
Bundan əqdəm əgərçi kəsbi-ülum
Müşkül idi vəleyk, ey məxdum,
İndi işlər çıxıbdır asanə,
Rəsmi-dünya düşübdü samanə,
Tapıb övzai-masiva təğyir,
Göyə çıxmağa xəlq edib tədbir.
Paraxod oldu gəştiyi-yelkan,
Özgə samanə düşdü xəlqi-cahan.
Leyk biz bilmənik göz açmaqi,
Köhnə işlərdə qalmışıq baqi.
Babamızdan nə görmüşük əvvəl,
Dəxi ondan səvayə olmaz əməl.
Məsələn, bir müəllimi-ə’ləm
Deyə xurşidi mərkəzi-aləm,
Deyə sabit günü, yeri səyyar,
Zəlzələ baisin bilirsə buxar;
Deyə kim, var əraziyi-tisin,
Yerin altında yoxdu gavi-zəmin;
Şərh edə gün tutulmağın sözünü,
Deyə kim, ay tutur günün üzünü,
Tutulan vəqtdə məhi-taban,
Deyə kim, zilli-ərz edir pünhan;
Edə ərşin xürusunu inkar,
Etməyə bu kəlamə istiğfar.
Deyəcəklər ki, cümlə: kafərdir,
Bu şəqi münkiri-peyəmbərdir!
Bu nədəndir? Savadımız yoxdur,
Elmdə ictihadımız yoxdur.
Bilmirik biz hədis mə’nasın,
Qanmırıq əhli-şər’ fətvasın.
Bixəbər olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən.
Bağlanıbdır rəhi-məişətimiz,
Gərçi var kəsbə istitaətimiz.
Olmuşuq misli-tənbəli-Bəğdad,
Edirik cümlə bəxt əlindən dad.
Kəsb üçün həzrəti-rəsulüllah-
Dedi: – “Əlkasibü həbibüllah’*
Zinəti-şəxs elmi-ədyandır,
Elmsiz şəxs misli-heyvandır.
Sizə, ey xəlqi-bibəsər, əl’an
Rövşən olsun bu nükteyi-pünhan,
Bu Həsənbəy ki, xud müəllimdir,
Tanıyırsız ki, bir onu kimdir?
Bir ləim idi ol rəfi’ cənab,
Məsqətür-rə’si qəryeyi-Zərdab.
Oxuyub elm eylədi hasil,
Ta ki, oldu bu nemətə vasil
Elmdən oldu ol bülənd’məkan,
Qaldı yoldaşları vəli çuban.
Əyyühənnas, kimyadır elm,
Məzhəri-zati-kibriyadır elm.
Çünki var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.
İndi Şirvanda açmışıq məktəb,
Dərsimiz rusü türkü farsü ərəb.
Zəhmətim çoxdu, hiç nəf’im yox,
Leyk həqqə ümidvarəm çox
Kim, bu zəhmətlər olmaya zaye’,
Bəlkə bu macəra ola şaye’.
Şeyxül-islamü müftiyi-islam
İkisi bir olub, edə əncam.
Çünki bunlar rəisi-millətdir,
Mə’dəni-lütfü kani-qeyrətdir.
Necə kim, ol müəllimi-əvvəl,
Ona Tiflisdir məqami-məhəl,
“Qafqazski uçebni”nin miri,
Hikmətin canı, elmin iksiri,
Mahi-fevralda ol səfaxamə,
Mənə yazmışdı bir rizanamə.
Sizi tari, bir eyləyin insaf,
Gövhəri-mətləbə olun sərraf!
Gör necə xeyrxah kəslər var,
Eyləyin qeyrət, ey ülül-əbsar!
Bavücudi ki, rusdur o cənab,
Şad olur elm kəsb edə tüllab.
Ol bu əmrə görün, olur dilşad
Ki, müsəlmanlar olsun əhli-səvad.
Seyyida, bəsdi, nəzmi qıl kutah,
Xatirin cəm’ qıl ki, inşallah,
Şeyxül-islamu müftiyi-xoşnam
Təqdim etdi: Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.