Gücsüz və acizliyini gizlədən İran hakimiyyəti – ölümün kimə yaraşdığını İsbatlayan 12 günlük müharibə
Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin İsmayılov “Azərbaycan Ruznaməsi”nə müsahibəsində İranın son müharibədə aldığı zərbələrdən, daxili zəifliklərindən və Cənubi Qafqaz siyasətindəki pozucu rolu barədə danışdı.
Ayda Əmir Haşimi
7 avqust 2025
- Sədrəddin müəllim, 12 günlük müharibənin nəticələri fonunda İran hakimiyyətinin mövqeyini necə qiymətləndirirsiniz?
İran hakimiyyəti İsraillə 12 günlük müharibəni uduzub. Ölkə rəsmilərinin bəyanatlarından da bu aydın olur. İyunun 22-də ABŞ-nin Tehranın nüvə obyetklərini vurması faktını az qala gizlətməyə çalışan, atom müəssisələrinə ziyan dəymədiyini iddia edən hakimiyyət artıq bunun əksinə etiraf edir. ABŞ Prezidenti Donald Tramp Fordo atom müəssisəsinə 12 bomba atıldığını və oranın tamamilə məhv edildiyini deyib: “Hədəfə çatmadığımızı iddia etmək sadəcə gülüncdür”. Bu gülünc təbliğatı Tehran hakimiyyəti aparıb.
İranın xarici işlər naziri Abbas Ərakçi atom obyektlərinin ciddi zərər gördüyünü, müharibədən sonra nüvə texnologiyası istiqamətində fəaliyyət göstərmədiklərini bildirməklə reallığı, məğlubiyyəti boyunlarına aldıqlarına dair çox saylı nümnələrdəndir.
- Müharibə zamanı yüksək rütbəli hərbi və siyasi rəhbərlərin təhlükəsizliyinin təmin olunmaması barədə nə deyə bilərsiniz?
Bu hakimiyyət müharibə zamanı yüksək rütbəli və vəzifəli hərbi şəxslərinin təhlükəsizliyini təmin edə bilməyib. İsrailin bombardmanı nəticəsində hətta Prezident Məsud Pezeşkianın belə yüngülcə yaralandığını bu günlərdə etiraf ediblər. İranı Silahlı Qüvvələr Baş qərargahının rəisi general-leytenantı Məhəmməd Hüseyn Baqeri, SEPAH general-leytenant, Xatəm əl-Ənbiya mərkəzi qərargahının komandanı Qulam Əli Rəşid, SEPAH komandanı, general-leytenant Hüseyn Salami, Aerokosmik Qüvvələrin komandanı, general-mayor Əmir Əli Hacızadə və hərbi rəhbərlikdə təmsil olunan 60-a yaxın yüksək rütbəli zabiti İsrailin hücumu nəticəsində ölməsi bu hakimiyyətin təhlükəsizliyinin təmin olunmadığının göstəricisidir. Ümumilikdə üç general-leytenant, səkkiz general-mayor və 17 briqada generalı müharibənin ilk günündə öldürülüb. Elə HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsi də bu bacarıqsızlığa nümunələrdəndir.
- Müharibədən sonra ölkə daxilində hansı vəziyyət yaranmışdı?
Ölkədə su, elektrik enerjisi qıtlığı, işsizlik, xarici sərmayə qoyuluşunda mövcud problemləri aradan qaldırmaqda aciz qalan Tehran hakimiyyəti yarıtmazlığı, məsuliyyətsizliyini ört-basdır etmək üçün səbəbi xaricdə axtarır. Bu günlərdə İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei bildirib ki, İsraillə müharibə zamanı və ondan sonra yəhudi dövlətinə casusluqda şübhəli iki minə yaxın İslam Respublikası vətəndaşı saxlanılıb. Onlar “düşmənə” hərbi obyektlərin, atom fiziklərinin, hərbçilərin və s. koordinatlarını verməkdə ittiham olunurlar. Qeyri-rəsmi mənbələr “casusluğa” görə həbs edilənlərin sayının daha çox olduğunu bildirir. Tehran hakimiyyəti cəmiyyəti susdurmaq, onu etirazlardan çəkindirmək məqsədi ilə beş belə “casusu” edam edib. İsrailə casusluqda ittiham olunanların sayının çoxluğu həm də mövcud hakimiyyətə etirazın göstəricisidir. Belə ehtimal etmək olar ki, Tehranın hərbi-polis rejiminə qarşı mübarizə aparmağa gücü çatmayanlar, onların qalmasını istəməyənlər ona qarşı belə taktikanı seçiblər.
- İran rəhbərliyi məğlubiyyətini necə gizlətməyə çalışır?
İran rəsmiləri və KİV bu kimi reallığı görməzlikdə gələrək bütün məğlubiyyətin, uğursuz daxili, xarici, sosial, mədəni siyasətin səbəbini xaricdə axtarır. Hakimiyyət cəmiyyətə İsrail və ABŞ üzərində qələbəyə dair nağıllar və əfsanələr uydurur. Hava hücumunda müdafiə sistemi olmayan, yaxud çox zəif belə kompleksə malik hakimiyyət İsrail və ABŞ-nin qabaqcıl hərbi texnologiyası qarşısında aciz görünür. Bu günlərdə Tehran, Rusiyanın ona “S-400” zenit kompleksi və “Su-35” qırıcı təyyarələri tədarük etmədiyini, yaxud gecikdirdiyini bildirib.
Hakimiyyət, müharibədə və siyasətdə uduzduğunu gizlətmək, daxili etirazları yatırmaq məqsədi ilə cəmiyyətə yalan danışır, qələbə şouları düzəldir. 12 günlük müharibə nəticəsində İran tərəfdən çoxu hərbçi olmaqla minə yaxın insan öldüyü, təxminən 5000 nəfərin yaralandığı bildirilib. İsrail tərəfdən isə 28 nəfər öldürülüb, bir qadın atəş zamanı ürək tutmasından vəfat edib. Ölənlər arasında məzuniyyətdə olan bir hərbçi var. Ölənlərin qalanı dinc sakinlər olub.
- Müharibə Yaxın Şərqdə İranın mövqeyinə necə təsir göstərdi?
HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşşar Əsəd kimi proksilərinin zəiflədilməsi, məhv edilməsi Tehran hakimiyyətinin bir ilə yaxın müddət ərzində darmadağın olmasının göstəricisidir.
Məlum olub ki, 46 il ərzində İran rəhbərliyi dövlətin sərvətlərini “Fələstin xalqına yardım”, İsrail və ABŞ-ni məhv etmək adı altında talan edib. Təbii sərvətlər və zəngin təbiəti olan İran vətəndaşları yoxsulluqla üzləşib. Ölkə əhalisinin 30 faizə yaxınının yoxsulluq həddində yaşadığına dair məlumatlar yayılır. Onların 60 faizi isə gənclər və ali təhsilli insanlardır. Vətəndaşlar hakimiyyətin yaratdığı dözülməz şəraitdən qərb ölkələrinə sığınırlar. Bir çox hallarda Tehran hakimiyyətində rəhbər vəzifəni tutanların övladları da xoşbəxtliyi oralarda axtarırlar. Tehran hakimiyyəti Yaxın Şərqdən qovulub, indi də öz içində əridilir. Hakimiyyətdaxili cəmiyyətin onlara qarşı etirazlarından qorxaraq məğlubiyyətin əsl səbəbini gizli saxlayırlar. Onlar az qala İsrailin kəşfiyyat orqanlarını İran vətəndaşlarını ələ almaqda ittiham edirlər. İslam Respublikası rəhbərliyi 46 ildir daxili problemlərin mənbəyinin xaricdə axtarır. Ancaq 12 günlük müharibə Tehranın bu taktikasını da sıradan çıxarıb.
- Cənubi Qafqaz siyasətində Tehran hansı mövqedədir?
Tehran, daxili problemlərini həll etməkdən, ölkənin rifahını yaxşılaşdırıb, islahatlar aparmaqdansa Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə səy göstərir. İlk növbədə Azərbaycan-Ermənistan arasında ikitərəfli birbaşa danışıqlara pozucu mövqeyi-münasibət göstərir. Azərbaycan torpaqlarının işğalına, bu dövrün uzun müddət davam etməsinə yardım edənlərdən biri də Tehran hakimiyyəti olub.
Son günlər İranın İrəvandakı səfiri Mehdi Sübhaninin anti-Azərbaycan çıxışları Tehran hakimiyyətinin Cənubi Qafqazdakı mövqeyinin göstəricisidir. “Heç bir Zəngəzur dəhlizi olmayacaq” açıqlaması İslam Respublikasının xəbis xislətinin təzahürüdür. Belə getsə Yaxın Şərqdən çıxarılan İran, Cənub Qafqaza da Araz sahillərindən də uzaq bölgələrdən baxacaq.
- İranın iqtisadi və daxili siyasətində hansı ziddiyyətlər var?
Tehran hakimiyyəti milyardlarla dolları illər uzunu Yaxın Şərdəki proksi qüvvələrinə, HƏMAS, Hizbullah, “İslami cihad” və başqalarına xərcləməklə ölkə iqtisadiyyatını çökdürüb. Yürüdülən siyasət İran iqtisadiyyatını riskli vəziyyətə salıb.
Məsud Pezeşkianın azərbaycanlı islahatçı olması faktını İran rəhbərliyində panfarsçı qüvvələri, hakimiyyətin mühafizəkar qanadı həzm edə bilmir. Xankəndidə keçirilən ECO toplantısında iştirakı, Şuşaya səfəri bu tip ünsürlərin ona hücumuna səbəb olub. İran parlamentinin onlar üzvü Pezeşkianı Azərbaycana qarşı çıxış etməməkdə ittiham edib. Bəziləri isə onu istefa verməyə çağırıb: “Prezidentin Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü yaradıb” – deyə bildiriblər.
İran mediası hökumət başçısını müşayiət edənlərə qarşı tənqidi fikirlər irəli sürüb: “Səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş vermədi”. Onlar Pezeşkianın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdlərini “xəyanət” kimi də qiymətləndiriblər. Bu kimi hikkəli və kinli açıqlama nümunələrinin sayını artırmaq da olar.
- Güney Azərbaycan türklərinə qarşı aparılan siyasəti necə dəyərləndirirsiniz?
Tehran hakimiyyəti Güney Azərbaycan türkləri arasında da anti-Azərbaycan təbliğat aparır. Bununla onların öz vətənlərinə inamı azaltmağa səy göstərirlər. Xüsusən İsrailə qarşı gücsüzülüyünü ört-basdr etmək üçün güya, Azərbaycandan İsrail qırıcılarının İrana keçərək, Güney Azərbaycan şəhərlərinin bombaladığına dair cəfəng fikirlər təbliğ edirlər. Bu istiqamətdə Sepah çox fəallıq göstərir. Bəlli olduğu kimi İslam Respublikasının əsas dayağı, ABŞ və İsrailin terrorçu təşkilatlar siyahısına daxil etdiyi bu silahlı birləşmə İsraillə müharibədə uduzub, onun xarici ölkələrdə kəşfiyyatla məşğul olan Qüds qoşunu Yaxın şərqdən, Suriya, İraq, Livan, Qəzzadan çıxarılıb. Bu hərbi qüvvə uğursuzluğunu Azərbaycana qarşı belə təbliğat aparmaqla gizlətməyə çalışır. Eyni zamanda öz aləmində güneyli soydaşları arasında anti-Azərbaycan ovqatı yaratmağa səy göstərir. Ancaq Güney Azərbaycan türkləri İran hakimiyyətinin mahiyyətini, onun cinayətlərini 46 ildir bilir. Necə deyərlər, “dabaqda gönünə bəllədirlər”.
Azərbaycan Prezidenti İlham Əliyevin İranda azərbaycanlıların ana dilinin vəziyyəti barədə dediyi, Təbrizə Bakının yoxsa, Tehranın daha yaxın olduğunu isbatlayır. 50 milyonluq azərbaycanlının Prezidenti onda bildirmişdi: “İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.
İran hakimiyyəti isə 46 ildir Güney Azərbaycan türklərinin milli mədəni hüquqlarını təmin etmir. Tehran hakimiyyəti yürütdüyü bu siyasətlə regionlardan çıxarılmaqla yanaşı, özünü dünyadan, qonşulardan da təcrid edir.
- 12 günlük müharibə İran hakimiyyətinin hansı zəif cəhətlərini üzə çıxardı?
12 günlük müharibə Tehran rejimi barədə yayılan, üfürülən mifləri alt-üst etdi. İran hakimiyyətinin aşağıdakı sahələrdə zəif olduğu ifşa olundu:
- Təhlükəsizliyin zəif təşkili;
- Kağız şirə oxşayan ordunun mövcudluğu;
- Sanksyalara müqavimət göstərə bilməyən iqtisadiyyat;
- Hakimiyyətlə cəmiyyət arasında dərin uçurum;
- Qonşulara qarşı davam edən xəbis münasibət;
- Texnoloji cəhətdən geri qalmaq;
- Hərbi texnikasının müasir avadanlıqlarla ayaqlaşmaması;
- Əhalinin sosial vəziyyətinin ağırlaşması;
- Hakimiyyətdaxili qüvvələr arasında ziddiyyətlərin artması;
- Korrupsiya hallarının artması;
- Hakimiyyət daxilində xarici qüvvələrin işləmək halları və s.
Tehranın apardığı daxili və xarici siyasət onu ABŞ və İsrailin qapısında danışıqlar aparmaq üçün gözləməyə vadar edib. Tehran Vaşinqtondan tətbiq etdiyi sanksiyaları qaldırmasını, bunun üçün şərtlərini qəbul edib, danışıqlara hazır olduğunu dolayı yolla bildirir. Tehran başqalarını şərləməklə özünü təmizə çıxarmağa səy göstərir. Ancaq reallıq, 12 günlük savaş onun gücsüz və acizliyini, ölüm şüarının daha çox kimə yaraşdığını təsdiqlədi.
Azərbaycan Ruznaməsi adından hörmətli Sədrəddin İsmayılova bizə ayırdığı vaxta görə təşəkkür edirik!
Şərhlər bağlıdır.