Vətəndaş Həmrəyliyi Partiyasının Təbriki

Güney Azərbaycan Konqresinin sədri, hörmətli Abdulla Əmir Haşimi bəyə

                                                                         
Sizi ömrünüzün 75-ci baharına qədəm qoyduğunuz bu əlamətdar gündə Vətəndaş Həmrəyliyi Partiyası adından ürəkdən təbrik edirik.
1950-ci ildə Təbriz yaxınlığındakı Həştəri mahalında dünyaya göz açaraq zəhmətkeş ailənin övladı kimi böyüyüb, Təbriz Universitetində elm yolunu seçməyinizlə yanaşı, gənclik illərindən etibarən milli hərəkatın önündə yer alaraq bütün həyatınızı xalqınızın milli haqları, istiqlalı və azadlığı uğrunda mübarizəyə həsr etdiniz.
1970-ci illərdə Azərbaycan Demokrat Firqəsinin sıralarında apardığınız təşkilati işlər, fəhlə və kəndli hərəkatının təşkili, ədəbi-mədəni ocaqların dirçəldilməsi Güney Azərbaycan milli mübarizəsinin unudulmaz səhifələrindəndir. 1976-cı ildə həbs olunmanıza, 1980-ci illərdə haqqınızda ölüm hökmü çıxarılması təhlükəsinə rəğmən Siz yenə də mübarizədən çəkilmədiniz və Güney Azərbaycan mübarizəsinin simvollarından birinə çevrildiniz. On illərlə yeraltı və açıq fəaliyyət arasında keçən ömrünüz xalqımızın milli dirəniş iradəsini təcəssüm etdirir.
1992-ci ildən Azərbaycana gəlişiniz, buradakı fəaliyyətiniz, Azərbaycan Dövlət Neft Akademiyasında və Bakı Dövlət Universitetində elmi araşdırmalarınız, eləcə də Güney məsələsinə dair sanballı məqalə və kitablarınız bir ziyalının və əsl millətsevərin amalını ortaya qoyur. Milli mədəniyyətimizin qorunması, Azərbaycan-türk dili lüğətlərinin tərtibi, tərcümələriniz və elmi əsərləriniz Sizi həm də elm və mədəniyyət cəbhəsində xidmətləri ilə ucaldır.
2006-cı ildən Güney Azərbaycan Konqresinə rəhbərlik edir, dünya azərbaycanlılarının həmrəyliyi naminə tarixi işlərə imza atmısınız. Stokholmda yaşasanız da, qəlbinizin daim Təbrizlə, Güney Azərbaycanla döyündüyünü yaxşı bilirik.
Hörmətli Abdulla bəy!
Siz Azərbaycan xalqının mübarizə yaddaşında yaşayan, gələcək nəsillərə örnək olan bir aydınımızsınız. Sizin 75 illik ömür yolunuz Azərbaycançılıq amalına sadiqliyin, əqidə bütövlüyünün və fədakar mübarizənin nümunəsidir. Vətəndaş Həmrəyliyi Partiyası Sizi bu yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, Güney Azərbaycanın azadlıq və milli birlik mübarizəsində yeni uğurlar arzulayır.

Şərhlər bağlıdır.