Pis vərdiş virus kimidir, ondan xilas olmaq müşkül məsələdir. Amma
mümkündür. Sadəcə, orası da var ki, bəzi insanlar özlərində vərdiş halını
almış hərəkət və davranışlarına görə xəcalət çəkmək hissini yadırğayırlar.
Eynən Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameli kimi. ABŞ
Prezidenti Donald Trampı təriflədiyinə görə Azərbaycan hakimiyyət
nümayəndələrinin ünvanına cümə xütbəsində kəskin tənqidi fikirlər
səsləndirən ağayi Seyid Həsən Amelinin fikrincə, Bakıdan Birləşmiş
Ştatlar lderinin ünvanına səsləndirilən “əsl sülhpərvər”, “Nobel Sülh
Mükafatına layiq” açıqlamalar, guya, İranda yaşayan azərbaycanlıların
heysiyyətinə toxunub, hiddətinə səbəb olub.
Üstəlik, Ameli onu da “dəqiqləşdirir” ki, Ağ Ev sahibinin şəninə komplimentlər
ABŞ Hərbi Hava Qüvvələri “İranın azəri rayonlarına” aviazərbələr endirəndən
az sonra səslənib. Bunun “Təbriz, Urmiya, Zəncan və Ərdəbildə nifrət və etiraz
əhvalının daha da güclənməsinə” səbəb olduğunu iddia edən cümə imamı
xütbəsinə belə davam edib: “Bu insanlar Azərbaycan hökumətinin “azəriləri
öldürən adamı tərifləyəcəyini heç gözləmirdilər”. Bununla da kifayətlənməyən
imam Ameli Azərbaycan hakimiyyətini “Vaşinqtonla münasibətlərdə fayda
axtarmaqdansa, İrandakı azərilərin (?) yaralarını sarımağa” çağırıb.
Həsən Amelinin bunların ardınca müsəlmanların müqəddəs saydıqları
mehrabdan ərz etdikləri nə şəriəti-risalə ilə bir araya sığır, nə reallıqla üst-üstə
düşür, nə də sağlam məntiqlə izah oluna bilər: “Qarabağ müharibəsində
Azərbaycana məhz İran köməklik göstərib”. Xütbəsinin bu hissəsində cənab
imam lap “gül vurub”. Bu bəyanatın həqiqətdən neçə kilometr kənar olduğunu
hətta müharibə zonasından uzaqda yaşayan sıravi azərbaycanlıya başa
salmağa ehtiyac yoxdur. İranın ermənilərə həm Birinci, həm də İkinci Qarabağ
müharibəsində necə və hansı formada dəstək verdiyi fakt və sübutları ilə
Bakının əlindədir.
İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi
Seyid Həsən Ameli birinci dəfə deyil Azərbaycana qarşı dini və diplomatik
əndazəyə sığmayan ifadələr işlədir. 2024-cü ilin dekabrında onun iştirak etdiyi
və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında
yayımlanan proqramda dövlətimizə və dövlət başçımıza qarşı səsləndirilən
təhqiramiz ifadələrə görə Azərbaycan XİN İran tərəfinə sərt etirazını bildirmişdi.
Ərdəbildə təşkil olunan anti–Azərbaycan tədbiri, burada ölkəmizə qarşı
səslənən çıxışlar isə dövlət televiziyalarında canlı yayımlanmışdı. Bu onu
göstərir ki, rəsmi Tehran nə qədər münasibətlərin normallaşdırılmasını
istədiyini bəyan etsə də, rəsmi Bakıya qarşı yaxın qonşuluq və iltifat prinsipləri
ilə bir araya sığmayan yanlış siyasətini davam etdirir. Səbəbi? Əgər bu barədə
yazmağa başlasaq, onda replikamız geniş analitik məqaləyə çevrilər. Əslində,
qəzetimiz bu mövzunu dəfələrlə gündəmə gətirib. İndiki məqamda onu deməklə
kifayətlənək ki, Ərdəbildə keçirilən tədbir də rəsmi Tehranın Azərbaycana, o
cümlədən Türkiyəyə qarşı yadırğamadığı ənənəvi ideoloji davranışının məntiqi
nəticəsidir.
P.S. İki gün əvvəl Ərdəbil vilayətinə səfər edən İran Prezidenti Məsud
Pezeşkian ölkədə elektrik enerjisinin verilməsində fasilələr və qaz
təchizatındakı kəsintilərlə bağlı xalqdan üzr istəyib. Bu barədə İran mediası
məlumat yayıb. Pezeşkian hazırkı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi
dəyərləndirib və problemlərin yığılıb qaldığını vurğulayıb: “Təəssüf ki, biz
hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq
üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq”. Bəli, İran dövlətinin
başçısı vətəndaşların üzləşdiyi problemlə yerindəcə tanış olur, bundan çıxış
yolları arayır. O, başçılıq etdiyi komandanın məqsədinin vətəndaşlara problem
yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaq olduğunu bildirib.
Bunu Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameliyə görk olsun deyə
yazdıq. Ümid edək ki, o, növbəti cümə xütbələrində mehrabdan Azərbaycanın
“bostanına daş atmaqdan” əl çəkib, prezidentləri kimi, camaatın dərdi-sərini dilə
gətirəcək.
İ.HƏSƏNQALA
XQ
Şərhlər bağlıdır.