Qəfəsin təkamül tarixi…

Vahid Mustafayev

Qəfəsin təkamül tarixi…
1402-ci ildə baş verən hadisə Qərb salnamələrində barbarlıq kimi yazıldı. Şərq dastanlarında isə bu
strateji zəfər kimi qələmə alındı.
Maraqlanan oxucuma hekayə etməyə tələsirəm ki, 1402-ci ildə Teymurilər dövlətinin banisi Əmir
Teymur Osmanlı İmperiyasının soltanıYıldırım Bəyazidi həyat yoldaşı ilə birlikdə əsir alıb dəmir qəfəsdə
Səmərqəndə apardı. Qərb buna baxıb dedi: “Vəhşilik.” Şərq baxıb dedi: “Zəfər!”. Tarix isə susdu –
çünki qaliblə mübahisə etmək onun üçün nankorluqdur.
İndi isə təqvim 2026-nı göstərir. Eyni hadisə bu gün də baş verdi, ABŞ Prezidenti Donald Tramp
Venesuela Prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə əsir alır – və müasir Qərbin
legitimləşdirmə generatoru işə düşdü və bunu taktiki uğur adlandırdı: “Risklər minimallaşdırıldı”.
“Regional sabitlik qorundu”. “Humanitar paketlər yoldadır”.
Şərq isə bu dəfə eyni hadisəyə baxıb dedi: “Vay, vay, başıma xeyir”. “Deməli indi kim kimi harda tutdu,
orada da oğurlayacaq?”. “Əməlli dəliyə düşmüşük – bu ki orta əsrlərə açılan dəlikdir”.
Hə-ə, belə çıxır ki, dünya 624 il fırlanıb, qütblər dəyişərək kompası qıcqırdıb, tarix dəfələrlə dombalaq
aşıb, amma bu ciyəri piltələnmiş Qəfəs yerini dəyişməyib? Əvvəllər qəfəs dəmirdən idi və onu və
onun əsirini atlar çatdırırdılar. İndi də dəmirdəndir, amma indi əsiri atlar yox, pərlər çatdırır. Artıq
göylə gedirlər… Əvvəllər kişilər tarix yazırdılar, indi isə “piarşiklər” press-reliz.
Ən maraqlısı budur ki, barbarlıq anlayışı da təkamül edib. Bir vaxtlar barbarlar məğlub olanı minlərlə
göz qabağında qəfəsdə gəzdirirdi və buna hamı zorakılıq deyirdi. İndi isə, müasir dövrdə əsas məsələ
zorakılıq deyil – onun media vasitəsi ilə kütləyə lazım olan, düzgün izahıdır. Artıq insanlar öz gözlərinə
deyil, “ağıllı” əsaslandırma və şərhlərə inanır…
Əgər sən güclüsənsə, hərəkətin “təhlükəsizlik tədbiri” adlanır. Əgər zəifsənsə, eyni hərəkət
“qanunsuzluq və özbaşınalıq”. Əgər qalibsənsə, sənin qohum-əqrəbanın, tərafdaşlarının sayı-hesabı
olmur və tarix səni dəstəkləyir. Yox, əgər məğlubsansa – sən yetimsən və tarix səni unudur. Və burada
adi insan özünü çox rahat hiss edir, axı onun başına bu hadisə gəlməyib. O məlumatı oxuyandan sonra
növbəti BUS dayanacağında düşür və hipermarketə gedərək axşama, necə deyərlər, Allah verəndən
halal kolbasa, Koka-kola və zavod əppəyi alır. Həyat davam edir…
Bu nöqtədə səhnəyə Məşədi İbad çıxır.
O, nə Fateh idi, nə Prezident – o da arvad oğurluğu texnoloqlarından geri qalmayan birisidir. Amma
onu fərqləndirən odur ki, o bir şeyi hamıdan tez başa düşmüşdü: “Ay kişi, sənin pulun da ola bilər,
topun da, tüfəngin də, amma vay o günə ki, oğurladığın arvad dönüb kişi olsun!”.
Burada nağıl qurtardı və göydən üç alma düşdü – biri mənə, biri bu yazını oxuyana, biri də
hipermarketdə gündə qiymətləri artıma dəyişdirən menecerə…
Vahid Mustafayev

Şərhlər bağlıdır.