1943-cü ildə, Tehran konfransına hazırlıq görülən zaman xüsusi xidmətlər də öz hazırlıqlarını etməyə başlayır. Hitler bu əməliyyat üçün ən etibar etdiyi kəşviyyatçını Şturman fürer SS, “Fridantal” adlı xüsusi təyinatlı qrupun komandiri Otto Skorseni təyin edir.
Otto Skorseni bu tapşırığı aldığından iki ay qabaq Mussolinini bütün dünyanın gözü önündə həbsxanadan sağ-salamat azad etmişdi. Əməliyyatı 7 dəqiqədə, bir güllə atmadan uğurla yerinə yetirən kəşfiyyatçıya sonralar Hitler “Avropanın ən təhlükəli adamı” təxəllüsünü verir. Bu kəşfiyyatçını sovet xüsusi xidmətləri ilə yanaşı ABŞ və İngiltərə də ciddi şəkildə axtarırdı. Lakin nəinki tutulması, hətta harada mövcud olduğu haqqında məlumat belə əldə edə bilmirdilər. O, 1939-cu ildə SS sıralarında könüllü xidmət etməyə başlayır. 1942-ci ildə xüsusi təyinatlı qrupa komandir təyin edilir. Bu qrupa tacirlər, diplomatlar, mühəndislər və müxtəlif sahələrin adamları cəlb edilirdi və geniş şəbəkə yaradılmışdı. Yüksək peşəkar casusluq şəbəkəsinin arxitekturasını yaradan Otto Skorsen özünün və “Fridantal” qrupunun heç bir uğursuz əməliyyatı haqqında məlumat mövcud deyil.

Hitlerin Otto Skorsenə ilk böyük tapşırığı həbs olunmuş Mussolininin saxlandığı gizli həbsxananı tapmaq, azad etmək və onu sağ-salamat Almaniyaya gətirmək oldu. Onun bu tapşırığı bir güllə atmadan, qurban vermədən və az bir müddətdə necə həyata keçirdiyi hələ də məlum deyil. Lakin dünyanın böyük güc mərkəzləri və onların xüsusi xidmət orqanları Tehran konfransı zamanı almanlar tərəfindən həyata keçiriləcək təxribatların Otto Skorsenə tapşırıldığını bilirdilər. Odur ki, Tehranda fəaliyyət göstərən bütün casusluq təşkilatları və qrupları O.Skorseni axtarırdı. Bu kəşfiyyatçını nəinki tuta bilmədilər, hətta üzünü belə görən olmadı.
1945-ci ildə, may ayının 8-də Otto Skorseni özü ABŞ hərbi qüvvələrinə təslim olur. Bir müddətdən sonra həbsdən qaçaraq İspaniyada yerləşir və 1975-ci ilə qədər Madrid şəhərində yaşayır və burada da vəfat edir.

Tehran konfransı zamanı “Fridantal” qrupunun 15 nümayəndəsi İranda işləyirdi. Bunlar bazarda xalça alverçilər, neytral dövlətlərin ticarət nümayəndəsi, aşağı dərəcəli məmurlar və hər biri müstəqil rabitəçi ilə çalışan casuslar idilər. Tehran konfransına hazırlıq əməliyyatının adı “Uzunluğa tullanma” idi.
Sovet xüsusi xidmətləri bu əməliyyat haqqında xəbər tutanda artıq konfransın keçirilməsinə bir ay qalmışdı. Sovet hökumətinə bu məlumatı çatdıran da bir neçə xüsusi xidmətə eyni zamanda çalışan erməni əsilli birisi idi. İranda yerləşən Sovet casus şəbəkəsinə “Vardanyan qrupu” adı versələr də əməliyyata polkovnik İvan Aqayants rəhbərlik edirdi.
Polkovnik İvan Aqayants Sovet rezidenti idi. O, 1911-ci ildə Azərbaycanda, Gəncə şəhərində erməni keşişi ailəsində anadan olmuşdu. Onun özündən böyük iki qardaşı “gizli polis” olaraq fəaliyyət göstərdiklərindən o, da qardaşlarının işini davam etdirir. 1930-cu ildə Moskvaya dəvət olunur və 1936-cı ildə daxili casuslar sırasında “təmizlik” aparılan zamanı fars və türk dillərini bildiyinə görə onu xarici kəşfiyyat idarəsinə keçirirlər. 1943-cü ildə Tehran konfransı ilə əlaqədar təxribat qrupuna da məhz o rəhbərlik edir.
Tehranda xarici kəşfiyyat rezidentlərini izləmə və müşahidəçilərin təyin edilməsi onun səlahiyyətində idi. Bu məqsədlə o, G.Vardanyan qrupundan istifadə edirdi. Qrup 17-22 yaşlı 7 nəfər ermənidən ibarət idi. Onlar beş alman kəşfiyyatçısını izlədikləri zaman məlum olur ki, özləri də nəzarət altındadırlar. G.Vardanyan təxribatçılar qrupunun rəhbəri də olsa əməliyyatlara çıxmaq üçün Aqayantsdan icazə almalı idi.
Gevork Andreeviç Vartanyan 17 fevral 1924-cü ildə Rostov şəhərində bir İran əsilli erməninin ailəsində anadan olub. G.Vartanyanın və onun həyat yoldaşı Qoharın (anadan olub 1926, Leninakan) gizli kəşfiyyat fəaliyyəti təxminən 45 il ərzində bir çox ölkədə davam edib. Vartanyanlar ailəsi nəhayət 1986-cı ildə xaricdəki kəşfiyyat işlərindən təqaüdə çıxıb SSRİ-yə qayıdırlar.
1930-cu ildə Gevork Vartanyanın altı yaşı olanda ailəsi İrana “mühacirət edir”. Atası Sovet xarici kəşfiyyatı ilə əlaqəli idi və bu məqsədlə də onun ailəsini İrana göndərirlər. Altı il Təbrizdə yaşadıqdan sonra ailə Tehrana köçür. Vartanyanın atasının yaxşı əlaqələri və hörməti var idi. İranda şirniyyatları ilə məşhur olan qənnadı fabrikinin sahibi kimi yüksək mövqeyi ona etibarlı gizlilik təmin edirdi. Andrey Vasilyeviç bu “örtükdən” istifadə edərək aktiv kəşfiyyat və gizli işlər aparır, qaçqınları, qaçaqçıları, erməni klanı nümayəndələrini işə cəlb edir və onlarla sıx əlaqələr saxlayırdı. 1953-cü ildə Andrey Vartanyan 23 il İranda Sovet kəşfiyyatında işlədikdən sonra Tehrandan İrəvana qayıdır və 2012-ci ilə qədər Moskvada yaşayaraq orada da vəfat edir.
Onun oğlu Gevorq Vartanyanın Tehran konfransı ərəfəsində hələ iyirmi yaşı tamam olmamışdı. O Tehranda yaşayan erməni əsilli gənclərdən ibarət 7 nəfərlik bir qrup düzəldir və Sovet səfirliyinin müxtəlif tapşırıqlarını yerinə yetirməyə başlayır. Onun təxəllüsü “17-ci” idi. Məhz Vartanyanın qrupu agentura məlumatları əsasında Alman radistlərini üzə çıxardır. Bütün proseslər də Tehranın Surb Sarkis kilsəsi ətrafında baş verirdi. Qeyd edək ki, bu kilsəni 1983-cü ildə söküb yerində yaşayış binası tikirlər.
Tehran konfransı zamanı İran bütünlükdə, Tehran şəhəri də o cümlədən Sovet və İngiltərə işğal zonalarına bölünmüşdü. Odur ki, Tehranda xarici kəşfiyyatçıları izləmək, rabitəçilərə nəzarət etmək, hətta kiçik silahlı basqınlar etmək sovet səfirliyinin himayəsi ilə mümkün idi.
G.Vardanyan qrupunun bir üzvü də Karapetyan soyadına sahib birisiydi. Karapetyan şübhəli ünvanları izləyir, nəzarətdə saxlayırdı. O alman kəşfiyyatçısını izləyərkən, özünün də izləndiyini görür və Vardanyana məlumat verir. Aqayans Vardanyanın 7 nəfərlik qrupunu təcili bir yerə toplayır və onlara ünvanlarının dəyişdirilməsi üçün bir gün vaxt verir. Bu günlərdə İngiltərə səfirliyində çalışan bir casus məlumat verir ki, beş nəfər alman paraşütçüsü Tehrana gəlib və onlardan biri də erməni taciri kimi Şimranda ev kirayələyərək aktiv fəaliyyətə başlayıb. Bu erməni üzərində aparılan müşahidələr göstərdi ki, üç dünya liderinə terror təşkil etmək üçün bu kimi yanlış adamların göstərilməsi, əslində sovet kəşfiyyatını çaşdırmağa yönəldilmişdi. Peşəkar alman kəşfiyyatçılarından fərqli olaraq Tehran küçələrindən toplanmış, başıpozuq, savadsız yeniyetmə gənclər, SSRİ-yə xidmət edən erməni casusları bir çox hallarda yanlış məlumatların ötürücüsünə çevrilirdilər. Bu qrupun bir çox üzvünün taleyi haqqında məlumatlar saxlanılmayıb. Qrupun bir çox digər üzvü kimi Karapetyanın da sonrakı taleyi haqqında məlumat yoxdur.
Qrupun başqa bir üzvü Əmiryan idi. Bir gün 22 yaşlı Əmiryan görüş yerinə gəlmir. Onu xeyli gözləyirlər. Məlum olur ki, almanlar sovet kəşfiyyatçıları haqqında məlumatlıdırlar. Əsas məsələ onların nə qədər məlumatlı olması idi. İki gündən sonra Əmiryan tapılır. Bir sahibsiz evdə, döyülmüş, əlləri arxasından bağlanmış yarımcan vəziyyətdə tapılan Əmiryanın peşə xidməti bununla da bitir. Aqayants bilir ki, casus tutulub və sağ buraxılırsa deməli o, bir neçə təşkilata xidmət edir və bununla da onun gizliliyi bitir. Əmiryanı SSRİ-yə gətirirlər və o həyatının yerdə qalan hissəsini İrəvanda zavodda işləyir.
Qrupun başqa bir üzvü Qasparyan idi. 17 yaşlı bu gənc də bir gün görüş yerinə gəlmir. Sabahı günü döyülmüş vəziyyətdə və əlində rus dilində yazılmış bir məktub tapılır. Onun da “peşə fəaliyyəti” bununla bitir və SSRİ-yə gətirilir. Qasparyan yerdə qalan həyatını Moskvada yaşayır və 1989-ci ildə yenidən cəsarətlənərək xatirələrini yazır, qəhrəmanlıqlarından danışır.
Tehran konfransı 1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1-nə qədər keçirildi. Heç bir gözlənilməyən hadisə baş vermədi. Konfransın keçirilməsindən sonra “təxribatların qarşısının alınmasında iştiraka görə” İ.Aqayants və G.Vardanyan dövlət ordeninə təqdim edilirlər. Qrupun digər üzvləri öz xatirələrində onlarla erməninin belə, qeyri-peşəkar əməliyyatların təşkilində qurban getdiyini yazır. Sonralar İ.Aqayants və G.Vardanyan Sovet İttifaqı Qəhrəmanı adını alırlar.
Həqiqətdə isə Otto Skorseninin verdiyi məlumata görə görüşün keçiriləcəyi yerdə marşrutun dəyişdirildiyi səbəbindən əməliyyatın keçirilməsi ləğv edilmişdi və heç bir təxribat etmədən onun qrupu Tehrandan sağ-salamat çıxıb getmişdilər.
DelaFacebookTelegramWhatsAppX
12.06.2026
Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.