İranın xarici işlər naziri Abbas Əraqçi Prezident Məsud Pezeşkianın dialoqyönümlü xarici siyasətinin, xüsusilə də region ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa ünsiyyəti və telefon danışığı Azərbaycan-İran münasibətlərində müsbət dəyişikliklərə səbəb olub. Əraqçi hesab edir ki, Pezeşkianın şəxsi ünsiyyət bacarığı və dialoqa üstünlük verməsi İranın regional diplomatiyasına təsir göstərir.
Azərbaycan-İran münasibətlərindəki müsbət dinamika uzunmüddətli və strateji xarakter daşıyır, yoxsa bu, daha çox Pezeşkianın şəxsi diplomatik yanaşması ilə bağlıdır? Bu müsbət dinamikanı davamlı və strateji əməkdaşlığa çevirmək üçün İran tərəfindən hansı konkret addımlar atılmalıdır?
Politoloq Sədrəddin Soltan Redaktor.az-a açıqlamasında bildirdi ki, İran-Azərbaycan münasibətləri bəzi şəxslərin İran hakimiyyətinin Azərbaycan Respublikasına yanaşması ucbatından birmənalı şəkildə yaxşı olmayıb və daim gərgin olub:
“Bu gün də həmin gərginlik qalmaqdadır. Xüsusən Azərbaycan torpaqları işğal altında olduğu müddətdə, müharibə dövründə, İkinci Qarabağ müharibəsi zamanı və torpaqlar işğaldan azad olunduqdan sonrakı bir neçə il ərzində Tehran hakimiyyəti Azərbaycana qarşı gizli düşmənçiliyini davam etdirib. 2024-cü ildə, yəni İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu dövrdə, onun prezidentliyi zamanı İranın xarici siyasət kursunda qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi, dostluq və qonşuluq münasibətlərinin qorunması istiqamətində yeni xətt seçildi. Bu xətti sonrakı mərhələdə Məsud Pezeşkian da davam etdirməyə başladı”.
Müsahibimizin fikrincə, burada Məsud Pezeşkianın Azərbaycan türkü olması, Azərbaycan Respublikasına fərqli, dost və qardaş münasibəti bəsləməsi əlaqələrin daha səmimi və daha isti olmasına təsir göstərdi:
“Məsələn, onun Şuşaya və Bakıya səfərləri, Prezident İlham Əliyevin Məsud Pezeşkiana “qardaş” deyə müraciət etməsi, eləcə də Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmətlə adlandırması və ona böyük dəyər verməsi bu münasibətlərə müsbət təsir göstərir. Beləliklə, bu münasibətlərin təsiri nəticəsində Azərbaycan Prezidentinin göstərişi ilə müharibə dövründə İrana humanitar yardımlar edilib. Eyni zamanda, Azərbaycan ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatların aparılmasına icazə verilməyib və buna qarşı həmişə çıxılıb. Həmin dövrdə Azərbaycan Prezidentinin tutduğu mövqe, təbii ki, İranın şimal sərhədləri ilə bağlı daha arxayın olmasına da şərait yaradıb”.
Siyasətçi xatırlatdı ki, Azərbaycan Prezidenti ilə İranın ən gərgin vaxtlarında, məsələn, İran İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni SEPAH-ın təbliğat maşınının Azərbaycan Respublikasını ləkələdiyi, Azərbaycana qarşı olmazın böhtanlar atdığı, İranda müxtəlif qruplaşmaların Azərbaycanı ləkələməyə və İran-Azərbaycan münasibətlərində gərginliyi daha da artırmağa çalışdığı bir dövrdə İran Prezidenti, hökumət başçısı Məsud Pezeşkianla Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında birbaşa telefon danışıqları bu məsələlərin yerindəcə həllinə çox böyük kömək edib.
“Hətta bu günlərdə İran hökumət başçısının, yəni Məsud Pezeşkianın Nazirlər Kabinetinin toplantısında Azərbaycanın İrana göstərdiyi yardımları və xoşməramlı münasibəti təqdir edərək buna görə Azərbaycana xüsusi təşəkkür etməsi də Prezident İlham Əliyevin Məsud Pezeşkianla münasibətlərinin normal, yaxşı və dostcasına olduğunun göstəricisidir. Heç şübhəsiz, İran-Azərbaycan münasibətlərinin taktika və strategiyasında Tehran hakimiyyəti müəyyən düzəlişlər etməyə məcbur olacaq, daha doğrusu, məcbur olmalıdır. Bu məsələlərin Məsud Pezeşkianın şəxsi təşəbbüsü ilə reallaşması onu göstərir ki, İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikası ilə bağlı siyasət tam bəlli deyil. Yaxud İran hakimiyyətində müəyyən hərc-mərclik var. Belə ki, bunlardan bir qrupu Azərbaycan Respublikasını ləkələyib, ona hücum etmək və tarixi faktları təhrif etməklə məşğuldur. Məsud Pezeşkian və onun ətrafında olan qüvvələr isə Azərbaycan Respublikası ilə münasibətləri xoş, xoşməramlı, dinc qonşuluq xətti üzərində inkişaf etdirməyin tərəfdarıdır”.
Ekspert qeyd etdi ki, Tehran hakimiyyətinin gələcəkdə Azərbaycana yönəlik siyasətini müəyyənləşdirməsi vacib olacaq:
“Yəni Məsud Pezeşkian olmasa, İranda başqa qüvvələr hakimiyyətə gəlsə belə, həmin siyasət davam etməlidir. Şəxslərə, fərdlərə görə xarici siyasətin qurulması və formalaşması Tehran hakimiyyətinin zəifliyidir. Gələcəkdə hesab edirəm ki, İranda hakimiyyət və dövlət idarəçiliyi ilə bağlı bir sıra məsələlər həllini tapdıqdan sonra bu istiqamətə də aydınlıq gələ bilər”.
Xədicə BAXIŞLI
Şərhlər bağlıdır.