Sentyabrın 3-də öz yüksək mədəniyyəti, humanist xarakteri, fenomenal intellekti, xarizması ilə sayılıb-seçilən və bütün bu və digər nəcib keyfiyyətlərinə görə Bakı Dövlət Universiteti kollektivinin sevimli şəxsiyyətlərindən biri sayılan professor Cəbrayıl Mirzainin ad günüdür.
1950-ci il sentyabrın 3-də Qazaxda dünyaya gələn, Atası Ərdəbildə, anası Qazaxda, özü Bakıda böyüyən səmimi Cəbrayıl İsrafil oğlu Mirzai müasir Azərbaycan kimya elminin şəksiz liderlərindən biridir. Böyük və şərəfli alim ömrünün əsas qismini kimya elminin inkişafına, seolit sistemlərinin tədqiqinə həsr edən Cəbrayıl müəllim, özü demişkən, 60-cı illərdə keçmiş SSRİ-də dövlət səviyysində aparılan kimyalaşdırma siyasətinin “qurbanlarından” sayılır. Belə ki, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirən, Səməd Vurğunu, Hüseyn Cavidi, Nəsimini əzbər bilən balaca, çəlimsiz, bununla belə çox yüksək intellektli və iddialı Cəbrayıl Qazaxdan Bakıya ədəbiyyatçı olmağa yola düşür. Avtobusa söhbət düşür və bu çəlimsiz oğlanın belə iddiasını görən sərnişinlərdən biri yolda ona deyir ki, əgər belə savadlısansa, özünə güvənirsənsə, bacarırsan, Kimya fakültəsinə daxil ol. Onda sənə oğul deyərəm. Bu söz gənc Cəbrayılı bərk tutur və sənədlərini Bakı Dövlət Universitetinin o zaman ən dəbdə olan ixtisasına-Kimya fakültəsinə verir. Məlum olur ki, orada cəmi 50 yer olsa da, 800 nəfər sənəd verənin arasında 75 nəfər yalnız medalçı var. Bu da onu qəti qorxutmur, çəkindirmir və “döyüşə” atılır. Kimyaya hazırlaşmayan, nəinki kimyanı, o cümlədən imtahanlara düşən fizikanı, riyaziyyatı ancaq orta məktəb proqramı çərçivəsində oxuyan, indiki terminlərlə desək, bir gün də ”repetitor” yanına getməyən Cəbrayıl Mirzai 4 imtahanın hamısından “əla” alıb tələbə adını qazanır. Beləliklə, bir kəlmə sözlə, tanımadığı bir yol yoldaşının tərs çıxışı ilə ədəbiyyat bilicisi, şeir-sənət xiridarı, sinəsi sözlə, söhbətlə dolu olan Cəbrayıl Mirzainin kimyaçı həyatı başlayır. Deyirlər ki, istedad varsa, o, nə cür olursa da olsun özünü mütləq göstərir. 16 yaşında tələbə adı qazanan, fakültədə yaşca hamıdan kiçik olan bu oğlan böyük ürəyi, bacarıqları, elmə, təhsilə və insanlara münasibəti ilə tezliklə istedadlı tələbə yoldaşlarından da fərqlənməyə başlayır və hamının sevimlisinə çevrilir. Universitetin “gözü” olan bu fakültənin və qrupun əlaçı tələbələrinin, demək olar ki, hamısından əvvəl, 25 yaşında namizədlik, 40 yaşında doktorluq dissertasiyaları müdafiə edir. Moskvada çox uğurla keçirilən bu müdafiə prosesləri onun dərin intellektini, zəngin biliyini, hərtərəfli dünyagörüşünü bir daha sübut edir və bəzi “özündən müştəbeh” rus alimlərini çox təəccübləndirir. Bütün mənalı həyatı boyu insanlarda öz mənəvi zənginliyi ilə xoş təəccüb yaratmağı bacaran Cəbrayıl müəllim 1974-91-ci illərdə AMEA-nın Kimya Problemləri Institutunda mühəndis, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində çalışır. O, 1991-ci ildən 1999-cu ilə qədər Bakı Dövlət Universitetinin Fiziki və kolloid kimya kafedrasının professoru vəzifəsində işləyir,1999-2016-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Fiziki kimya (2004-cü ildən – Fiziki və analitik kimya) kafedrasının müdiri vəzifəsində işləmiş, kafedranın nəzdində fəaliyyət göstərən “Ekoloji kataliz” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olmuşdur. O, 2016-cı ildə yenidən Bakı Dövlət Universitetinə qayıtmış və hal-hazırda Fiziki və kolloid kimya kafedrasının professorudur.
Professor C.İ.Mirzai səth hadisələrinin fiziki kimyası sahəsində əsərləri ilə beynəlxalq miqyasda tanınmış alimdir. Onun əsas tədqiqat obyektləri sırasına sənayenin bir çox sahələrində effektiv sorbentlər və katalizatorlar kimi tətbiq olunan təbii və sintetik seolitlər daxildir. Otuz ilə yaxın bir müddətdə sistematik olaraq apardığı elmi işlər nəticəsində C.İ.Mirzai seolit sistemlərinin tədqiqində yeni istiqamət inkişaf etdirmişdir. Bu istiqamət praktiki baxımdan çox böyük əhəmiyyət daşıyan su-seolit (sorbent, katalizator, molekulyar ələk ) sistemlərində qarşılıqlı tə’sirin energetik (inteqral) və spektral (differensial) xarakteristikalarının paralel öyrənilməsi yolu ilə seolitlərin dehidratlaşma və rehidratlaşma proseslərinin tipik həlledici mərhələlərinin müəyyən edilməsidir.Seolitlərin tədqiqi nümunəsində inkişaf erdirilmiş bu istiqamət (metodoloji yaxınlaşma) ümumi halda digər tip ilkin vəziyyətdə su saxlayan sorbent və katalizatorların dehidratlaşma (termiki aktivləşdirmə) prosesinin öyrənilməsində müvəffəqiyyətlə tətbiq edilə bilər. Bu istiqamətdə C.İ.Mirzai sənaye əhəmiyyətli sintetik NaA və NaX seolitlərində H2O və CO2 molekullarının sorbsiya prosesini tədqiq edərək müxtəlif tip aktiv mərkəzlərdə yaranan sorbsiyon komplekslərin spektral və energetik xarakteristikalarını müəyyən etmişdir.
Müxtəlif quruluş qruplarına daxil olan təbii seolitlərin dehidratlaşma və rehidratlaşma proseslərinin sistematik şəkildə aparılan İQ- spektral tədqiqatları (adsorbsiyon – qravimetrik metodla birgə) əsasında müəyyən edilmişdir ki, quruluş fərqlərinə baxmayaraq kalsium saxlayan təbii natrolit, heylandit və analsim qrupu seolitlərinin dehidratlaşması zamanı çox kiçik temperatur intervalında (220-2500C) bərk fazalı hidroliz prosesi reallaşır və nəticədə kristalhidrat xarakterli seolit quruluşunun hidroksil saxlayan quruluşa keçidi baş verir. Belə bir fundamental xarakterli nəticə çıxarılmışdır ki, göstərilən keçid tədqiq olunan seolitlərin mürəkkəb dehidratlaşma prosesinin tipik aralıq mərhələsi hesab edilməlidir və kalsium saxlayan təbii seolitlərin (sorbentlərin) aşağı termiki davamlığa malik olmalarının səbəbi məhz həmin mərhələdir.
Adsorbsiyon- kalorimetrik tədqiqatlar nəticəsində ilk dəfə müəyyən edilmişdir ki, termiki cəhətcə davamsız seolitlər üçün suyun inteqral adsorbsiya istiliyinin ilkin dehidratlaşma temperaturundan asılılığı ekstremal xarakter daşıyır. Məhz bu əsasda müvafiq asılılıq əyrilərinin formalarına görə seolitləri təsnifat etmək təklif edilmişdir. Bu təsnifat əsasında kation mübadilə modifikasiyasının seolit sorbentlərinin və katalizatorlarının aktivliyinə tə’sirini əvvəlcədən müəyyən etmək mümkündür.
Sistematik tədiqatlar nəticəsində müxtəlif quruluşa malik olan kalsium saxlayan (ümumi halda çoxvalentli metal ionu saxlayan) təbii seolitlər üçün prinsipcə yeni tam dehidratlaşma mexanizmi verilmişdir. Professor C.İ.Mirzai tərəfindən ilk dəfə sistematik olaraq müxtəlif quruluşlu təbii seolitlərin buxar fazasında ammonium formaları alınmış, spektral və energetik tədqiqatlar əsasında onlar üçün qeyri – dönər quruluş dəyişikliklərinin temperatur astanası tə’yin olunmuşdur. Müəyyən edilmişdir ki, ammonium ionunun mübadilə dərəcəsi və həmçinin onun seolitdə termiki davamlığı əsasən quruluş faktorundan asılıdır. Bu tədqiqatların praktiki əhəmiyyəti ondan ibarətdir ki, seolitlərin yüksək katalitik aktivliklə xarakterizə edilən formalarından olan hidrogen forması əksər hallarda ammonium formalarının termiki işlənməsi yolu ilə alınır ki, bu halda qeyri- dönər quruluş dəyişikliklərinin nəzərə alınması zəruridir
Professor C.İ.Mirzai və əməkdaşları tərfindən böyük praktiki əhəmiyyət kəsb edən mordenit və şabazit seolitlərində bilavasitə kalorimetrik metodla suyun sorbsiyon komplekslərinin fundamental energetik xarakteristikaları alınmış və onların həmin sorbentlərin quruluş parametrlərindən asılılıqları müəyyən edilmişdir.
Professor C.İ.Mirzai müxtəlif duzların seolit quruluşunda dönər və qeyri-dönər okklyuziyasının spektal tədqiqatını aparmış və müəyyən edilmişdir ki, davamsız seolitlərin quruluşunda KBr duzunun yüksək temperaturlarda okklyuziyası nəticəsində termiki davamlılığın əhəmiyyətli dərəcədə artması baş verir. Bu nəticə seolit sorbetlərinin və katalizatorların məqsədyönlü modifikasiyası baxımından əhəmiyyət kəsb edir.
Professor C.İ.Mirzai tərəfindən aparılan elmi işlər fundamental xarakter daşıyır. Bununla bərabər, Respublikamızda klinoptilolit və mordenit kimi termiki davamlı, yüksək sorbsiyon və katalitik aktivliyə malik təbii seolit yataqlarının mövcud olması və alınmış elmi nəticələrin sənayedə tətbiqi onun tədqiqatlarının həm də praktik əhəmiyyətini göstərir.
Elmi-pe¬da¬qoji fəa¬liy¬yəti döv¬¬rün¬də professor C.İ.Mirzainin res¬pub¬li¬kamızın və xa¬ric¬i ölkələrin nüfuzlu jurnallarında 400-dək el¬mi mə¬qa¬lə və tezisi dərc edil¬¬miş¬dir. O, 3 ix¬ti¬ra¬¬nın, 1 mo-noq¬ra¬fi¬ya¬nın, 5 dərs¬lik və dərs vəsai¬ti¬nin müəl¬¬li¬fi¬dir. Onun aldığı elmi nəticələr Yaponiya, İtaliya, Hollandiya, Hindistan, Bolqarıstan, Macarıstan, Rusiya kimi ölkələrin ən mötəbər qurultay, konfrans və simpozium materiallarında öz əksini tapmışdır. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 20 kimya üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyası hazırlanmışdır. Elmin və təhsilin inkişafındakı xidmətlərinə görə professor Cəbrayıl Mirzai Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə “Tərəqqi” medalına layiq görülmüşdür.
Allah vergisi olan istedad, yüksək analitik təfəkkür, təvazökarlıq, əməksevərlik, universallıq, dərin yumor hissi, daxili dünyanın saflığı, mənəvi zənginlik professor Cəbrayıl Mirzaini fərqləndirən keyfiyyətlərdir. Görkəmli alimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona elmimizin inkişafı və insanlığın daha çox yaşaması naminə uzun ömür, möhkəm can sağlığı və xoşbəxtlik arzulayırıq
Şərhlər bağlıdır.