“Dövlətimizi və dövlətçiliyimizi qanımız, canımız bahasına əldə etmişik” – Sübhan Talıblı (MÜSAHİBƏ)
2026.10.18
Talıblı: “Hər bir azərbaycanlı milli maraqlarımızın qorunmasına xidmət etməlidir”
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ölkəmizin tarixində mühüm yer tutur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.
Bu tarixi qərar xalqın milli azadlıq mübarizəsinin və müstəqil dövlət qurmaq istəyinin nəticəsi idi. Müstəqilliyin bərpasından sonra Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının qorunması əsas prioritetlərdən birinə çevrildi.
Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününün əhəmiyyəti və müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında bu tarixi hadisənin rolu barədə Sherg.az-ın suallarını cavablayıb:
-18 Oktyabr- Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ölkəmizin tarixində hansı əhəmiyyətə malikdir? Bu tarixi günün müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolunu necə qiymətləndirirsiniz?
-Azərbaycan tarixində 1988-ci ildən başlayaraq bir sıra hadisələr baş verdi. Bunlara azərbaycanlıların İrəvandan, tarixi torpaqlarından köçürülməsi, Qarabağda baş verən hadisələr, SSRİ hakimiyyətinin Azərbaycana qarşı sosial-iqtisadi, mədəni və milli zəmində ayrı-seçkilik siyasəti yürütməsi və digər məsələlər daxildir. Bu, kommunist ideologiyasının Azərbaycanın bir sıra sahələrinə ögey münasibətinin göstəricisi idi.
Azərbaycan xalqı da bu qeyri-demokratik və ayrı-seçkilik siyasətinə, eləcə də Qarabağ hadisələrinə etiraz olaraq mitinqlərə başladı. Bu proses milli azadlıq hərəkatının başlanmasına təkan verdi. Milli azadlıq hərəkatında Azərbaycan xalqının bütün zümrələri bir ürək, bir yumruq kimi birləşdilər.
SSRİ hakimiyyəti bütün bunları nəzərə alaraq Azərbaycanda müxtəlif üsullarla təxribatlar törətdi, daxili iğtişaşlar yaratdı. Buna misal olaraq Sumqayıt hadisələrini qeyd etmək olar. Bu kimi təxribatlar nəticə etibarilə “Qanlı Yanvar” hadisələrinə gətirib çıxardı.
O dövrdə çoxları inanmırdı ki, SSRİ hakimiyyəti, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və SSRİ-nin silahlı qüvvələri Azərbaycan xalqının üzərinə birbaşa qoşun yeridə bilər. Lakin xalq gördü ki, SSRİ hakimiyyəti Azərbaycan xalqının milli azadlıq hisslərini, Qarabağ məsələsi ilə bağlı mövqeyini və milli istiqlaliyyət istəyini qanla boğmağa çalışır.
Qanlı Yanvar hadisələrindən sonra Azərbaycanda bütün xalq meydanlara axışdı. Azərbaycan xalqı öz şəhidlərini ehtiramla, onların şanına layiq şəkildə dəfn etdi. Qanlı Yanvar hadisələri təkcə Bakıda deyil, yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda da baş verdi.
-Məqsəd nə idi?
-SSRİ hakimiyyətinin bu addımları atmaqda məqsədi xalqın milli azadlıq hisslərini boğmaq və həmin dövrdə ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarına dəstək olmaq idi. Bu proses, həmçinin azərbaycanlıların tarixi İrəvan torpaqlarından köçürülməsi ilə nəticələndi.
Nəticədə, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında qeyd edilir ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunudur.
Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etdi. Müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etdi.
-SSRİ dağıldıqdan sonra bir sıra MDB ölkələri ilə yanaşı, Azərbaycan da dövlət müstəqilliyini bərpa etdi.
-Bəli, Ali Sovetdə iclaslar keçirildi və referendum təşkil olundu. İnsanlara “Siz müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi və Konstitusiya Aktı ilə razısınızmı?” sualının yer aldığı yazılı vərəqlər paylanırdı. Təbii ki, xalqın 95 faizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinə səs verdi. Bununla da Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Xalq uzun müddət arzusunda olduğu müstəqil və suveren Azərbaycana qovuşmasını sevinclə və coşqu ilə qeyd etdi. O zaman bu hadisə Naxçıvanda da böyük sevinclə qarşılandı. Ümummilli Lider Heydər Əliyev bunu xüsusi ilə qeyd etdi. Azərbaycan və Naxçıvan Ali Sovetlərinin adlarından “SSRİ” sözü çıxarıldı.
Bundan sonra Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu. İlk olaraq, 1991-ci il dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına, sonrakı mərhələdə isə 1992-ci il martın 2-də BMT-yə üzvlüyü qeyd etmək olar. Dövlətlərin Azərbaycanın müstəqilliyini tanıması məsələsinə gəldikdə isə ilk olaraq, təbii ki, canı-qanı bizimlə bir olan qardaş Türkiyəni, daha sonra Rumıniyanı və digər dövlətləri misal göstərmək olar.
-Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür. Həmin vaxt Azərbaycan müstəqilliyini ilk kimlər tanıdı?
-Dövlətlərin Azərbaycanın müstəqilliyini tanıması məsələsinə gəldikdə, ilk olaraq, təbii ki, canı-qanı bizimlə bir olan qardaş Türkiyəni, daha sonra Rumıniyanı və digər dövlətləri misal göstərmək olar.
Bütün bunlara baxmayaraq, həmin dövrdə Azərbaycan Respublikasında bir sıra həllini gözləyən məsələlər var idi. İstər ölkə daxilində, istərsə də xarici aləmdə Azərbaycan dövlətinə qarşı təzyiqlər mövcud idi. Buna görə də idarəetmə sisteminin formalaşdırılması, dövlət atributlarının müəyyənləşdirilməsi, ordu quruculuğunun həyata keçirilməsi, sosial-iqtisadi sahələrin inkişaf etdirilməsi və ən əsası, “Əsrin müqaviləsi” vasitəsilə Azərbaycanın neft strategiyasının inkişaf etdirilməsi zəruri idi. Eyni zamanda, Azərbaycan təhsilində bir sıra islahatların həyata keçirilməsi lazım idi.
Bununla bağlı, xüsusilə həmin dövrdə xaricdə yaşayan azərbaycanlıların Azərbaycan xalqına və dövlətinə məhəbbətini artırmaq üçün sistem formalaşdırmaq, onların dövlətimizlə əlaqələrinə hərtərəfli dəstək vermək, yaşadıqları ölkələrdə Azərbaycan haqqında məlumatlar yaymaq və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı.
Burada milli mətbuatı xüsusilə qeyd etmək lazımdır. Çünki milli mətbuatın və milli kadrların formalaşdırılmasına, eləcə də Azərbaycan dövlətini xaricdə layiqincə təmsil edəcək bir sıra dövlət qurumlarının yaradılmasına ehtiyac var idi.
Lakin 1992-1993-cü illərdə dövlət idarəetmə sistemində müəyyən problemlər mövcud idi.
-Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində hansı mühüm işlər görüldü?
-Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun Azərbaycan xalqının mədəniyyətini və tarixini dərindən bilməsi, şəxsiyyəti və siyasi təcrübəsi bir çox sahələrdə özünü göstərdi. Azərbaycanda “Əsrin müqaviləsi” imzalandı. Bununla da həmin müqavilədə Azərbaycanın və bir çox dövlətlərin maraqları öz əksini tapdı.
Bu gün də bəzi regional və qonşu dövlətlər Azərbaycanın daxili işlərinə qarışmağa çalışırlar. Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev layiqincə davam etdirir.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasəti ilə bağlı danışarkən qeyd etmişdi ki, xarici ölkələrin dövlət adamları Azərbaycanın xarici siyasət kursunu balanslaşdırılmış və mehriban siyasət kursu kimi qiymətləndirirlər. Lakin cənab Prezident belə bir fikir irəli sürmüşdü ki, Azərbaycanın xarici siyasəti Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasət kursudur.
Bu, dövlət-xalq birliyinin mövcudluğunu göstərir. Dövlət Azərbaycan xalqı üçün müqəddəs bir ənənədir. Bizim tarix boyu dövlətçilik ənənələrimiz olub. Bu ənənələr müstəqil Azərbaycan Respublikasının dövlət atributlarında da öz əksini tapır.
-İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından vətəndaşların üzərinə hansı vəzifələr düşür?
-Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, hərbi strategiya, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti və döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar nəticəsində Azərbaycan mühüm qələbələr qazandı. “Dəmir Yumruq” əməliyyatı ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı düşmənə sarsıdıcı zərbələr endirildi, Ermənistanın ordusu və onunla bağlı formalaşdırılmış məğlubedilməzlik mifi darmadağın edildi.
Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildi.
Bu baxımdan, hər bir azərbaycanlı, istər ölkəmizdə, istərsə də xaricdə yaşasın, dövlət müstəqilliyimizə, milli təhlükəsizliyimizə, dövlət atributlarımıza və milli maraqlarımıza xidmət etməli, onların qorunmasını ən ümdə vəzifəsi hesab etməlidir. Çünki biz dövlətimizi və dövlətçiliyimizi qanımız, canımız bahasına əldə etmişik. Azərbaycanın ərazi bütövlüyü və müqəddəs Azərbaycan adı bizə soyumuzdan, dədələrimizdən, qurduğumuz dövlətlərdən və tariximizdən əmanətdir.
Hər birimiz fəaliyyətimizdə Azərbaycan dövlətinin müstəqilliyinə və onun milli maraqlarına xidmət etməliyik. Dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı öz fəaliyyəti və işi ilə müstəqilliyimizin qorunmasının və möhkəmləndirilməsinin iştirakçısı olmalıdır.
https://sherg.az
Şərhlər bağlıdır.