Stokholmda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş klassik musiqi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Stokholm Tarix Muzeyinin “Barokko” zalında təşkil olunan konsert İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə reallaşıb. Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin dəstəyi, “Qarabağ” və SAF təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib.
Konsertdə İsveçdə akkreditə olunmuş müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, İsveçin müxtəlif şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri, eləcə də klassik musiqi həvəskarları iştirak ediblər.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilən konsertin yalnız musiqi və mədəniyyətin təbliği baxımından deyil, həm də İsveçdə yaşayan Azərbaycan icması üçün dərin tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Azərbaycanın İsveçdəki səfiri Elnur Sultanov çıxış edərək tədbir iştirakçılarını 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirən səfir xalqımızın yaddaşına əbədi həkk olunmuş Zəfər Gününün milli gücün, qətiyyətin və birliyin rəmzi olduğunu qeyd edib.
“Altı il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və Silahlı Qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”, – deyə diplomat vurğulayıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov hər kəsə bu əlamətdar gün münasibətilə bir araya gəldiklərinə görə təşəkkürünü bildirib. Samir Bayramov belə tədbirlərin İsveç ictimaiyyətinin Azərbaycan tarixi və ənənələri ilə daha yaxından tanış olması, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın milli kimliyini və mədəni irsini qoruyub saxlaması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Konsert proqramında pianoçu Aynur Məlikovanın, isveçli fleyta ifaçısı Katrin Sponberqin, yaponiyalı pianoçu Naomi Yamomotonun, türkiyəli skripkaçı Ekim Kuzukıranın və Avstriyadan dəvət olunmuş mezzo-soprano Çinarə Əzimovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim edilib.
Proqramda Fikrət Əmirovun “Min bir gecə” baletindən bir parça və “Məhəbbət rəqsi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Adajio”, Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Azərbaycan” əsərləri, eləcə də Cakomo Puççininin, Frederik Şopenin və Edvard Qriqin bəstələri səsləndirilib.
Musiqi nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.





Şərhlər bağlıdır.