Süni intellekt insanları əvəz edə bilmədi: Böyük şirkətlər qovulan işçiləri GERİ ÇAĞIRIR

2026.11.01

Bəzi şirkətlər süni intellektin (Aİ) tətbiqi səbəbindən ixtisar edilən əməkdaşları yenidən vəzifələrinə qaytarırlar, çünki texnologiya gözləntiləri doğrultmur.

Musavat.com xəbər verir ki, “Associated Press” (AP) agentliyinin “Robert Half” kadr şirkətinin məlumatlarına və əmək bazarı mütəxəssisləri ilə müsahibələrə istinadən yazdığına görə, bu fenomen “Aİ-bumeranq” adlandırılıb.

Agentlik qeyd edir ki, belə bir halın nə dərəcədə geniş yayıldığı hələlik bəlli deyil. Lakin “Robert Half” tərəfindən sorğu edilən və maliyyə, marketinq, hüquqşünaslıq və səhiyyə sahələrində işə qəbula cavabdeh olan rəhbərlər bildiriblər ki, onların şirkətləri əvvəlcə əsasən süni intellekt və ya avtomatlaşdırma naminə mövqeləri ləğv edib, daha sonra isə həmin və ya oxşar vəzifələrə insanları yenidən işə götürüblər.

Əsas səbəblər arasında texnologiyanın ehtimal edildiyindən daha diqqətli nəzarət tələb etməsi və işçilərin şirkətin işi ilə bağlı topladıqları bilikləri yenidən yarada bilməməsi dayanır.

“Robert Half”ın top-meneceri Bill Driskoll bildirib: “Kritik təfəkkür, əməkdaşlıq, yaradıcı yanaşma və təşkilati biliklər tələb olunduqda, bunlar süni intellektin sadəcə olaraq bərpa edə bilmədiyi şeylərdir. Fikrimcə, şirkətlər məhz burada başa düşməyə başlayırlar ki, “Bu işi görmək üçün həqiqətən də insanlara ehtiyacımız var”.”

AP-nin gətirdiyi misallardan biri 2025-ci ildə müştəri dəstəyi əməkdaşlarını yenidən işə götürməyə başlayan İsveç ödəniş xidməti “Klarna”dır.

Şirkətin rəhbəri Sebastian Semiatkovski “Bloomberg”ə müsahibəsində xərcləri azaltmaq üçün süni intellekt çat-botuna güvənərək həddi aşdıqlarını etiraf edib.

Bundan əlavə, “Ford” iyun ayında keyfiyyətə nəzarət üçün süni intellekt alətlərinin gözlənilən nəticələri verməməsindən sonra 350 təcrübəli mühəndisi işə götürdüyünü və ya vəzifələrini yüksəltdiyini açıqlayıb. Avtomobil istehsalçısının nümayəndəsi AP-yə bildirib ki, süni intellekt ilə işçilərin texniki biliklərinin birləşməsi keyfiyyəti yaxşılaşdırmağa kömək edir.

“Forrester” şirkətinin aparıcı analitiki Betsi Sammers qeyd edib ki, şirkətlər vəzifə təlimatlarında əks olunmayan işləri qiymətləndirməyə bilərlər. Söhbət, məsələn, həmkarların əhval-ruhiyyəsini sezmək, komanda daxilində etimadı qorumaq və müstəqil şəkildə əlavə səy göstərmək bacarığından gedir. Corctaun Universitetinin menecment professoru Bruks Xoltom əlavə edib ki, təşkilatlar avtomatlaşdırmadan əvvəl iş proseslərini kifayət qədər diqqətlə öyrənmirlər.

Britaniyanın texnologiya şirkəti “SHL”in baş vitse-prezidenti Lüsi Bomontun sözlərinə görə, işəgötürənlər hər zaman insanları süni intellektlə əvəz etmək qərarlarını yenidən nəzərdən keçirdiklərini açıq şəkildə etiraf etmirlər. Eyni zamanda, AP qeyd edir ki, əməkdaşları geri qaytarmaq çətin ola bilər, çünki işdən azad edildikdən sonra şirkətə olan etimad sarsılır. Onun sözlərinə görə, qayıtmaq təklifi alanlar daha yüksək ödəniş və süni intellektin onların gələcək işinə necə təsir edəcəyi ilə bağlı aydınlıq tələb edə bilərlər.

2026-cı ilin yanvarında “Amazon” 2025-ci ilin payızında 14 min nəfərin işdən çıxarılmasından sonra dünya üzrə təxminən 16 min əməkdaşının ixtisar olunduğunu elan edib. Şirkətin baş vitse-prezidenti Bet Qalletti dəyişiklikləri şəxsi məsuliyyətin artırılması və bürokratiyanın aradan qaldırılması ilə izah edib. Bundan əvvəl “Amazon”un rəhbəri Endi Cessi süni intellektin daha geniş tətbiqinin yaxın illərdə korporativ ştatın ixtisarına gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Musavat.com

Şərhlər bağlıdır.