“QƏLƏBƏ ŞƏHİDLƏRİ” KİTABI GƏNCƏDƏ EVLƏRDƏ TƏQDİM EDİLDİ

HƏR GÖRÜŞƏ UNUDULMAZ ANLAR, QÜRUR, NİKBİNLİK HAKİM OLDU

Gəncədən yenicə qayıtmışıq. İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində misilsiz şücaət göstərərək əbədiyyətə qovuşmuş igidlərin evlərində olmuş, valideynlərinə, doğmalarına “Qələbə şəhidləri” kitabının birinci cildini təqdim etmişik. Bu görüşlərin hər biri orijinallığı, bənzərsiz lövhələri ilə yadda qalıb. Hamısına unudulmaz anlar, qürur və nikbinlik hakim olub.
Cəmi 18 evə baş çəkməli idik. Çünki həmin cilddə adları yer alan gəncəlilərin sayı bu qədər idi. Daha 60-dan yuxarısı ilə görüşlərimiz sonrayadır – “Qələbə şəhidləri”nin digər 9 cildində Vətən yolunda canlarını qurban verən hər bir azərbaycanlımızın adı doğulduğu şəhər, rayon, qəsəbə və kənddən asılı olmayaraq yer alacaq.
Kitabın nəşrinin, materialların toplanmasının, təqdimatının təşəbbüsçüsü İbrahim Hüseynovun sədri olduğu “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyidir. Redaktoru isə mənimlə yanaşı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc həmkarım Leyla Nəsirlidir.
Birinci cildin təqdimatına başlanılıb. Salyan və Neftçalada yaşayan şəhid ailələri ilə görüşlər keçirilib. Qərara almışıq ki, imkan daxilində bu nəşrlər bilavasitə həmin igidlərin həyata pərvazlandıqları doğma yurdlarında valideynlərinə, yaxud əzizlərinə əl-əl verilsin. Gəncəyə səfərimizdə də bunu planlaşdırmışdıq. Baxmayaraq ki, Şəhər İcra Hakimiyyətində çoxdan bəri yaxından tanıdığım şöbə müdiri Həsən müəllim də bütün gününü bu işə sərf etməyə hazır idi. O, təşəbbüsümüzü xeyirxahlıq nümunəsi adlandırdı, söhbət əsnasında vurğuladı ki, birinci cilddə 18 nəfər gəncəli şəhid barədə materiallar toplanıb, ümumi sayları isə 80-ə yaxındır. Yaratdığımız “Gəncə şəhidləri” saytından istədiyiniz məlumatı əldə edə bilərsiniz, biz də köməyimizi əsirgəməyəcəyik.
Belə razılaşdıq ki, ünvanlar əlimizdə olduğundan rəsmi şəxslərsiz qapıları özümüz ərklə döyək. Belə də etdik. Birinci şəhərin Todan qəsəbəsində yaşayan Səlim Hümbətovun qapısını döydük. Bakıda olanda dəfələrlə zəngləşmişdik, kitab istəmişdi. Demişdik evində şəxsən özünə təqdim edəcəyik. Hümbətovlar ailəsi Gəncədə hərbi vətənpərvərlik məktəbi də sayıla bilər. Özü də, qardaşı Sabir də birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hər ikisi xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşlərdə iştirak edib. Hərbi pensiyaçıdırlar. Oğlu Ruslan atasından və əmisindən nümunə götürüb. İki uşağı yadigar qalıb. Yəqin oğlu 7 yaşlı Səlim də nə vaxtsa ata yolunu davam etdirəcək.
Ruslanın döyüş yolundan, igidliklərindən ailədəki muzey-guşə söhbət açırdı. Azı bir kitablıq mövzu var. Eləcə də ata yurdlarında olduğumuz hər bir ölməz igidimizin həyatı yazarlara geninə-boluna mövzular verir.
Adıgözəlov ailəsində isə Allahverdi kişi və Sücaət nənə ilə söhbətlərdən aydın oldu ki, əslən Güney Azərbaycanın Əhər şəhərindəndirlər. Hər iki Qarabağ müharibəsində əslən Cənubdan olanların şücaətlərindən fəxrlə danışdılar. Nəvələri İbrahim Azər oğlu Məmmədovun nəinki bu qəhrəman nəslə, eləcə də igidlər yurdu Gəncəyə şərəf gətirməsi ilə fəxr etdiklərini dilə gətirdilər. Allahverdi kişi balaca nəvəsi Arazı göstərərək dedi ki, yavaş-yavaş ona niyə bu adı qoyduğumuzu anlatmaqdayıq.
Təbii ki, missiyamız nə qədər nəcib olsa da köməksiz keçinə bilməzdik. Bu mənada şəhər 4 saylı musiqi məktəbində pianino müəllimi işləyən Sara Əkbərova da yaddaşımızda qaldı. Təkcə dəstəyə görə yox, həm də əzizini cəbhədə itirmiş ürəyi sızıltılı bir insan kimi. Beləcə şəhidlərdən mayor Aqşin Nazim oğlu İbadovun və daha iki nəfərin ailələrinə çatacaq kitabları aidi şəxslərə verməyi öhdəsinə götürdü…
Nəcib məqsədlə yola çıxana Tanrı yardımçıdır, hətta tanımadığın insanlar isə dəstək verənin olur. Yenə Gəncəyə qayıdacağıq, bu dəfə fərqli ünvanlara, daha iri həcmli yazılar qələmə almaq üçün.

Rəhim Hüseynzadə,
əməkdar jurnalist,
kitabın redaktoru

Şərhlər bağlıdır.