Güney Azərbaycan ötən əsrdə nəinki İranda, eləcə də bütün Şərqdə demokratik hüquqlar uğrunda mübarizənin mərkəzi olub. Bu mövqe indinin özündə də ona görə qorunub saxlanılmaqda, estafet çələngi kimi nəsildən-nəsilə ötürülməkdədir ki, möhtəşəm təməllər üzərində dayanır. Üzü Səttərxandan, Şeyx Məhəmməd Xiyabanidən, Seyid Cəfər Pişəvəridən bəri çağlayan bu mübarizə dənizini heç bir hakimiyyət ram etmək gücündə deyil. Çünki hər nəslin özündən əvvəlkindən nümunə götürə biləcək o qədər şanlı nümunələri var ki, həmin prosesi ram etmək heç bir iqtidarın gücü və iradəsi müqabilində deyildir.
Mən ötən əsrin 80-ci illərinə yaxın bütün İranda vüsət almış azadlıq mübarizəsi iştirakçılarının saya gəlməz ərənlərini şəxsən tanıyıram. Onların şərəfli bioqrafiyalarından sonrakı nəsillərin təmsilçilərinə söhbət açmağı özümün mənəvi borcu sayıram. Çünki öz tarixinə bələd olmayanlar kimdən, necə nümunə götürməyi müəyyənləşdirməkdə çətinliklərlə üzləşirlər. Bu baxımdan mərd obrazı daim gözlərim önündə canlanan Məhəmməd Hüseyn Qədəmgahidən də xoş duyğularla, dərin qürur hissi ilə danışmaq istəyirəm.
M.Qədəmgahi ötən əsrin 80-ci illərinin şəhidlərindəndir. Amma belələri ölüm üçün yox, ölümsüzlük üçün dünyaya gəlirlər. Məhəmmədin adı igid Azərbaycan övladlarının sıralarına həkk olunub. O, işgəncə altında qəhrəmancasına 1362-ci (miladi 1984) ilin mehr ayının 2-də şəhadətə yüksəlmişdir.
Məhəmməd Hüseyn Qədəmgahi 1332-ci (miladi 1962) ildə Qərbi Azərbaycanın mərkəzi olan Urmiyə şəhərində zəhmətkeş ailədə dünyaya göz açmışdı. İbtidai və orta təhsilini doğma, qədim türk abidələr şəhəri sayılan həmin şəhərdə bitirmişdir. Sonra Təbriz universitetinin elmlər fakultəsinin fizika kafedrasında təhsilini davam etdirmişdir. Qiyabi təhsil illərində heç də boş dayanmayıb. 1358-ci (miladi 1980) ilin mehr ayının 1-dən Qoşaçay şəhərinin məktəblərində dərs deməyə başladı. Məhəmməd Hüseyn dərin zəkalı insan idi. Azərbaycan uşaqlarının yabançı dildə təhsil almalarını həzm edə bilmirdi. Onların bu günkü, gələcək həyatlarında hansı problemlərlə üzləşəcəklərini aydınca görürdü. Səməd Behrəngilərin və digər həmyerli yazıçıların, araşdırmaçıların sözlərini, fikirlərini dərindən əxz edirdi. O, İranda gedən səhv və yalnış təlim-tərbiyə sisteminin dəyişilməsinin zəruriliyini dərk edirdi. Bu düşüncələr onu rahat buraxmırdı. Çıxış yolu axtarışında Azərbaycan Demokrat Firqəsinə tərəf meyl edirdi.
Onun ADF-yə üz tutmasının ciddi əsaslara söykənirdi. Bu partiya vaxtilə Milli Hökumət qurmuşdu. Milli Məclisin qərarı ilə Azərbaycan türkcəsində tədris rəsmiləşdirilmişdi, məqsəd bütöv bir nəslin faciəsinə son qoymaq idi. Təəssüflər olsun ki, o vaxtki mürtəce Pəhləvi rejimi xalq hakimiyyətini devirdi, Azərbaycanın milli inkişaf yolunun qarşısına sipər çəkdi. 1357-ci (miladi 1979) ilin Bəhəmən ayının zidd səltənət inqilabının bayrağını məhz azərbaycanlıların İranda birinci olaraq başları üzərinə qaldırmaları da mübarizə alovunun sönmədiyini göstərdi. Məhəmməd Hüseyn Qədəmgahi də bu mübarizənin ön sıralarında yer aldı. Təbriz Universitetində o dövrdə meydana çıxan siyasi cərəyanların fəaliyyətini yaxından izləyərək nəhayət Azərbaycan Demokrat Firqəsinin yolunu seçdi.
Məhəmməd Hüseyn doğma şəhərinə qayıtdı. Mübariz xalqımızın şah rejiminə qarşı formalaşmasında yaxından iştirak etdi. Nəhayət ki, o həmvətənlərimizlə qaynayıb-qarışaraq səltənətin aradan getməsində və azadlığın vətənə qayıtmasında xalqımızın öncülləri sıralarında yer tutdu. Gənc mübariz öncə Təbrizin 60 kilometrliyində yerləşən Mərənd şəhərində partiyamızın özəklərini yaradılmasında və sonralar Qoşaçay şəhərində partiya komitəsini təşkilində böyük rol oynadı. O, şəxsi həyatından və topladığı təcrübələrdən belə qərara gəlmişdi ki, indiki şəraitdə işləməmək, kənardan durub baxmaq və xalqımızın həyatında gedən həlledici proseslərdə fəallıq göstərməmək tam yanlışlıqdır və diktator hökumətinin ömrünün uzanmasına yardımçı olmaqdır. Elə bu əsasla məsləkdaşımız gecəni gündüzə qatdı, bir an fəaliyyətindən əl çəkmədi. Məhəmməd Hüseyn azərbaycanlı məktəbliləri inqilabi proseslərlə məlumatlandırmaqda, inqilabın məqsədləri və həyati məsələləri onlara açıqlamaqda böyük əmək sərf etdi. Beləliklə çox çəkmədi ki, Qoşaçay şəhərinin məktəblərinin sevimli müəllimlərindən biri oldu.
Çox təəssüf ki, inqilabdan doğulan və hakimiyyətə gələn rejim nəinki verdiyi vədələri doğrultmadı. Mürtəce qüvvələr inqilabın həqiqi və sədaqətli övladı olan, Azərbaycan milli azadlıq ideyalarını özündə daşıyan Məhəmməd Hüseyn Qədəmgahinin fəaliyyətinə mane oldular. 1360-cı (miladi 1982) ilin payızında Qoşaçayda tərəqqipərvər müəllimlərin işdən çıxarılmasına başlanıldı. O cümlədən, Məhəmməd Hüseyn Qədəmgahini də məktəbdən xaric etdilər. Təbii ki, bu hadisə o dövrdə əhalinin qəzibi ilə qarşılandı. Çoxlu ehtiraz məktubları təhsil sistemini idarə edən məsullara göndərildi. Ehtirazlar o qədər güclü idi ki, əhalini sakitləşdirmək üçün Məhəmməd Hüseynini işə qaytarmağa məcbur oldular. Nəhayət ki, 1362-cı ilin xordad ayının əvvəlində onu həbs etdilər və ağır işgəncələr verdilər. Buna baxmayaraq Məhəmməd Hüseyni arzu və məramından döndərə bilmədilər.
Gənc mübariz yüksək ruhiyyə və cəsarətlə vətən yolunda alışıb yanmağı özünə borc bildi. Həyatında fədakarcasına elinə-obasına, zəhmərkeş xalqına və onun azadlığı yolunda mübarizəyə inanaraq, şölələnib yanmaq zirvəsinə ucaldı. O başqalarına örnək olaraq müqavimət simvoluna çevrildi. Son nəfəsinədək xalqına, millətinə sadiq qaldı. İran inqilab keşikçiləri ordusunun məsulları onu məsləkindən döndərmək, tövbə etdirmək üçün cümə namazlarına gətirmək üçün əllərindən gələni etdilər və amma buna nail ola bilmədilər. Məhəmməd Hüseyn öz əqidəsinə sadiq qalaraq işgəncə verənləri öz ölümü ilə məğlub etdi.
Əqidə yoldaşımız M.Qədəmgahinin şəhadəti həmyerlilərini qəzəbləndirdi, rejimə qarşı hiddətləndirdi. Rejim məmurları min cür şayiə və yalanlara əl ataraq öz çirkin əməllərini örtbasdır etməyə çalışsalar da buna nail ola bilmədilər. Hətta Məhəmməd Hüseynin bacısına insana layiq olmayan əzablar verdilər. Xalqımızın haqq səsi Məhəmməd Hüseyn Qədəmgahinin şəhadəti ilə daha göylərə ucaldı. Urimiyə və Qoşaçay əhalisi və orada yaşayan keçmiş şagirdləri və müəllim yoldaşları şəhidin bu faciədən əziyyət çəkmiş ailəsi ilə həmdərdliklərini bildirdilər. Məhəmmə Hüseyn bu gün də onu tanıyanların, xatırlayanların ürəklərində yaşayır.
Abdulla Əmir Haşimi Cavanşir
Şərhlər bağlıdır.