MİLLİ İRADƏNİN TƏNTƏNƏSİ

Gözümüzün önündə tarix yaşanır – bir zamanlar təsəvvür belə edə bilməyəcəyimiz, əfsanə, dastan kimi bir tarix… Bu tarixin ayrılmaz parçaları olduğumuz üçün bəlkə də dünyanın ən xoşbəxt adamlarıyıq. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan minillik arzularımız, ümidlərimiz gerçəkləşir. Bütün bunları soyuqqanlı bir şəkildə izləmək mümkün deyil. Tarixi yaradanların, zamanın cilovunu əjdaha ağzından alıb işıqlı sabahımız üçün dördnala çapdıranların iti zəkasından, dəmir iradəsindən, Vətən sevdasından doğan, əbədiyyətədək unudulmayacaq bu möhtəşəm anları da həmçinin, ifadə etməkdə Əlahəzrət Söz aciz qalıb.

Gözümüzün önündə Şuşa bəyannaməsinə atılan imzalar xoşbəxt gələcəyimizin, birliyimizin rəsmini çəkir, tarix yaradanların adlarını tarixə həkk edir…

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasıdır. Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik bəyənnaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti

Şuşa bəyannaməsi məkan baxımından tarixi əhəmiyyəti, sənədin Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycan türklərinin, azərbaycanlıların, bütövlükdə türklüyün milli ruhunun, Vətən sevdasının, mübarizə əzminin, iradəsinin, fədakarlığının, döyüş bacarığının gerçək nümunəsi olan misli görünməmiş bir qəhrəmanlıqla işğaldan azad edilmiş Şuşa şəhərində imzalanmasıdır.

Türkiyə Prezidentinin Azərbaycana səfəri və bu səfər çərçivəsində müttəfiqlik bəyənnaməsinin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simgəsidir.

Şüşa bəyənnaməsinin zaman baxımından tarixi əhəmiyyəti, həm də bu mübarək amlaşmanın Azərbaycanın ərazi bütövlüyünə təminat verən və bütün ərazi iddialarının üzərindən xətt çəkən Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində rəsmiləşdirilməsidir.

Məlum olduğu kimi, Qars müqaviləsinə imza atan tərəflərdən ikisi – sonradan eyni ittifaqda təmsil olunan Rusiya və Ermənistan sözügedən müqavilənin şərtlərini pozaraq, Azərbaycan ərazilərinin, o cümlədən Zəngəzurun bir hissəsini “Sovet Ermənistanı”nın inzibati ərazisinə qatıblar. Şuşa bəyənnaməsi Qars müqaviləsinin bütün şərtlərinə əməl edilməsinin vacibliyini önə çəkməklə yanaşı, Türkiyə və Azərbaycanın tarixi ədaləti bərpa olunanadək mücadilələrindən vaz keçməyəcəklərini bəyan edir!

İdeoloji əhəmiyyəti

Azərbaycan son 150 il ərzində Türk Dünyasının fikir mərkəzi funksiyasını yerinə yetirib. Türk Dünyasının birliyinə xidmət edən ideyalar Əli Bəy Hüseynzadə kimi böyük mütəfəkkirlərin sayəsində cilalanaraq, ortaq dil, ortaq mədəniyyət və ortaq tarix üzərindən boy atan türk xalqları və dövlətlərinin vahid milli məfkurəsinə çevrilib.

XX əsrin sonlarında Əli Bəy Hüseynzadənin üçlü düstürü böyük siyasət adamı Heydər Əliyevin strateji düşüncəsinin süzgəcindən keçərək, yurda sülhün və həmrəyliyin təmin edilməsi məqsədilə azərbaycançılıq, daha sonra isə Türk Dünyasının mövcud geosiyasi reallıqlara uyğun olaraq praktik təməlinin atılması üçün “Bir millət, iki dövlət” fəlsəfəsinə keçid alıb. Bir millət-iki dövlətin – Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə layihələrin effektiv nəticələri Türk Birliyinin sözdən, fikirdən əmələ keçə biləcəyinə böyük ümidlər yaradıb və nəticədə Türk Şurasının – Türk Dövlətləri Birliyinin yaranması istiqamətində mühüm addımlar atılıb. Müstəqilliklərini yenicə qazanmış və regionda, dünyada baş verən proseslərə maksimum ehtiyatla yanaşan, Sovet dövründə daha çox assimilyasiyaya məruz qalmış, milli şüurun tam təşəkkül tapmadığı bəzi türk dövlətləri də zamanla bu ideyanın gerçəkləşə biləcəyinə əmin olaraq, prosesin içində yer almaq qərarına gəliblər. Bu gün Türk Dövlətlərinin sözdə və fikirdə birliyi artıq reallığa çevrilib. Şuşa Bəyannaməsi isə Türk Birliyinin sözdən, fikirdən əmələ keçməsi yeni və daha praktik platformadır.

Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türk Dövlətləri Əməkdaşlıq Şurası və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsi ilə bağlı məqamların da vurğulanması, qənaətimə görə, qeyd etdiyim praktik platformanın üzərindən hərəkət mexanizmlərin edəcək mexanizmlərin nə qədər dəqiq və çoxşaxəli olduğunu nümayiş etdirir.

Siyasi əhəmiyyəti

Şuşa bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyənin adları tarixə böyük hərflərlə həkk olunmuş liderlərinin strateji baxış bucağı, polad iradələri təşkil edir. Öncə qeyd edim ki, bizim ən böyük tarixi şansımız bu gün qardaş Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana isə İlham Əliyevin rəhbərlik etməsidir. Bu, kimin necə yanaşmasından, siyasi baxışlarından asılı olmayaraq, bəsirət gözü qapanmamış hər kəsin düşüncəsində imperativ və dəyişməz bir qənaət kimi yer alan reallıqdır. Məhz bu iki liderin, bütün maneələrə, risklərə baxmayaraq, iki dövlətin bir millətinin minillik arzularının yerinə yetirilməsi istiqamətində atdıqları cəsarətli qərarlar, Türkiyə-Azərbaycan İttifaqını hər kəsin qəbul etmək məcburiyyətində qaldığı gerçəkliyə çevirib.

Şuşa bəyannaməsinin siyasi əhəmiyyəti həm də milli siyasi iradənin mükəmməl bir şəkildə icra olunmasındadır.

Şuşa bəyənnaməsinin siyasi əhəmiyyəti tarix boyu mövcud olmuş bütün türk dövlətlərinin qılıncla gerçəkləşdirilə bilmədiklərinin siyasi iradə, iti zəka və xarakterlə reallaşmasındadır.

Hərbi əhəmiyyəti

Şuşa bəyənnaməsinin hərbi əhəmiyyəti ilə bağlı, şübhəsiz ki, bu sahənin mütəxəssisləri daha dəqiq yanaşma sərgiləyəcəklər. Amma göz önündə olan və mütəxəssis rəyinə ehtiyac duymayan bir reallıq da var. Bu da bəyannamədə hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hər hansı bir real təhdidin yaranacağı təqdirdə, birgə hərəkət edəcəklərini ehtiva edən müddəanın yer almasıdır. Qarşılıqlı hərbi yardım öhdəliyi yalnız hərbi-siyasi ittifaq və bloklarda təmsil olunan dövlətlərə xas olan bir öhdəlikdir. Şübhəsiz ki, bu prinsipin əsasında BMT Nizamnaməsinin 51-ci müddəasından irəli gələn kollektiv müdafiə hüququ dayanır.

Məlum olduğu kimi, Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. İndiki şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin necə tövsif etməsindən, istək və arzularından, təsəlli vermək və almaq niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması anlamına gəlir.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə, şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur.

İqtisadi əhəmiyyəti

Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bəlli olduğu kimi, Şuşa bəyənnaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alıb ki, bu da hər iki dövlətin iqtisadi potensialını daha da artıracaq və təbii ki, bəyannamədə yer alan digər müddaəlardan irəli gələn vəzifəlıərin yerinə yetirilməsində sabit maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq.

Nəticə

Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər. Qarşısında olanlara isə, ən yaxşı halda güclü iqtisadi-siyasi platforma üzərindən hərəkət edən “qatar”ın arxasınca baxmaq qalacaq.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi

Şərhlər bağlıdır.