ƏSAS GÜNAHKAR KİMDİR?

Ə.QƏDYANİ KORONAVİRUSDA  XAMNEYİNİNİ İTTİHAMLANDIRIR

“Yaşıl Hərəkat”ın məşhur simalarından olan tanınmış siyasi fəal Əbülfəz Qədyani İran rəhbəri Əli Xamneyini ittiham edib.

“Bütöv Azərbaycan Ocaqları”na istinadən azerbaycan-ruznamesi.org qeyd edir ki, avqutsun 19-da yaydığı bəyanatda Xamneyini öz mənfur hakimiyyətinin ömrünü uzatmaq üçün koronavirusdan bir vəsilə kimi istifadə etməkdə və xalqı kütləvi şəkildə qırğına verməkdə günahlandırıb.

Bəyanatını islahatçılara yaxın “Kaleme” (Kələmə) saytında dərc etdirən Əbülfəz Qədyani İran liderini səriştəsizlikdə və etibarlı xarici vaksinlərin ölkəyə idxalına qadağa qoyduğu üçün insanları kütləvi şəkildə qırğına verməkdə günahlandıraraq, onun tutduğu vəzifədən istefa verməsini tələb edib.

“Xamneyi koronavirusu ölkə əhalisinə qarşı kütləvi bir qırğın silahına çevirib. Düzdür bu məsələdə yarıtmaz və bacarıqsız hökumət və səhiyyə naziri də məsuliyyət daşıyırlar və buna görə cavabdeh olmalıdırlar. Lakin bu qırğının əsas səbəbkarı və başlıca günahkarı Əli Xamneyidir.

Əli Xamneyi öz şeytani qüdrət və hakimiyyətini davam etdirmək üçün “Taliban” kimi fundamentalist, insanlığa zidd, terrorçu və cinayətkar bir qruplaşmaya yardım etməyə razılaşmaqla ona bəraət qazandırıb.

Çünki o hesab edir ki, hədəfə çatmaq üçün istənilən vəsilədən istifadə etmək olar. Lakin şübhəsiz ki, ölkə əhalisi sonunda vahid və ümumxalq bir üsyan və hərəkatla onu və onun sistemini devirəcək.

Əli Xamneyi millətin seçimi olmadığı üçün tutduğu vəzifədən istefa verib getməlidir. İranın bu günkü tiranı olan Xamneyi İranın zülm altında olan millətinə zərbə endirmək üçün heç bir fürsəti qaçırmır. O, bu günə qədər ölkənin müxtəlif sahələrində çoxlu faciələr yaradıb.

Həmin faciələrin sonuncusu da koronavirusun ölkədə dəhşətli qırğın törətməsidir.

İran millətinin ən böyük düşməni sayılan Əli Xamneyi yaxşı bilir və öz gözləri ilə görür ki, ölkə əhalisinin 90 faizindən çoxu onunla və onun anti-milli hakimiyyəti ilə müxalifdir. Onun günahsız insanları qırğına verməsinin əsas səbəbkarlarından biri də məhz budur.

Biz isə, Əli Xamneyinin tutduğu vəzifədən istefa verməsini, islam respublikasının dəyişməsini və ölkədə referendum keçirilərək sekulyar-demokratik bir sistemin bərqərar olunmasını tələb edirik.

Hesab edirik ki, İranda hazırkı sistem və hakimiyyəti hər hansı bir zorakılığa əl atmadan dinc şəkildə dəyişmənin yolu, məhz Xamneyinin istefa verməsi və ölkədə ümumxalq bir referendumun keçirilməsidir”, -deyə İrandakı “Yaşıl hərəkat”ın məşhur simalarından olan tanınmış siyasi fəal Əbülfəz Qədyaninin yaydığı bəyanatında bildirilir.

Şərhlər bağlıdır.