GİRİŞ
ABŞ silahlı qüvvələrinin may 2021-ci il tarixindən Əfqanıstandan çıxmağa başlamasından sonra Taliblərin Əfqanıstanda sürətlə öz hakimiyyət ərazisini genişləndirməsi və artıq avqust ayının 15-də heç kimin, hətta taliblərin özlərinin belə gözləmədiyi halda Kabilə daxil olması və öz hakimiyyətini yenidən bərqərar etməsi, Əfqanıstanı dünya gündəminin mərkəzinə çıxardı. Həmin vaxtdan indiyə kimi (31 avqust) Əfqanıstanda baş berən müxtəlif istiqamətli hadisələr dünya gündəminin əsas məsələsi olaraq qalır.
QISA TARİXİ EKSKURS
Məlum olduğu kimi, Əfqanıstan Rusiyada Oktyabr inqilabından sonra meydana gələn yeni sovet hakimiyyətinin elan etdiyi daxili və xarici siyasət prinsipləri və onların həyata keçirilməsi uğrunda fəaliyyəti nəticəsində Rusiya ilə Böyük Britaniya arasında XIX və XXəsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyada hakimiyyət uğrunda geosiyasi rəqabət-“Böyük oyun” öz aktuallığını iturmiş və ya yeni xarakter kəsb etmiş və oyunda təşəbbüsü yeni ideya və dəyərlərlə meydana addım atmış Sovet Rusiyası ələ almışdır. Belə bir şəraitdə Əfqanıstanın milli-azadlıq mübarizəsi uğurla nətiucəlnmiş və 1919-cu ildə Əfqanıstan öz müstəqilliyini elan etmiş və Böyük Britaniya Əfqanıstanın müstəqilliyini tanımışdı.
Bundan sonra Əfqanıstan birbaşa xarici müdaxilə olmadan müstəqil şəkildə az-çox inkişaf yolu keçmişdir.Həmin dövrdə də təbii ki, kənar oyunçular, ilk növbədə SSRİ və Böyük Britaniya Əfqanıstana təsirini gücləndirmək və qarşı tərəfin təsirini azaltmaq siyasəti yeridirdi. Həmin siyasət daxili asılı və bağlı qrupların əli ilə həyata keçirilirdi. Bunun nəticəsində 1929-cu ildə ölkədə müstəqillik dövründə ilk dəfə mərkəzi hakimiyyətə qarşı silahlı üsyan baş verdi və ölkə başçısı hakimiyyətdən kənarlaşdırıldı. İranlı mülliflərinin fəxrlə qeyd etdiklərinə görə, müstəqilik dövründə ilk dəfə hakimiyyət fars dili (tacik) şəxslərdən birinin əlinə keçdi. Lakin iranlıların sevinci uzun sürmədi və cəmi 9 aydan sonra yeni hakim hakimiyyətdən devrildi və pəştun tayfalarından olan yeni nəslin nümayəndəsinin hakimyyəti bərqərar olundu. Nəslin hakimiyyəti 1973-cü ilə qədər davam etdi və dövlətin daxili və xarici siyasətindəki ziddiyyətlər və problemlər nəsil daxili ziddiyyətlər forması kəsb edərək onları dərinləşdirdiyindən həmin ziddiyyət nəslin irsi hakimiyyətinə son qoyulması şəklində həll edildi. 1973-cü ildə Əfqanıstanın ən nüfuzlu şəxsi hesab edilən, hərbçi, müxtəlif vəzifələrdə, o cümlədən baş nazir olmuş Məhəmməd Daudun başçılığı ilə formaca dövlət çevrilişi və mahiyyətcə inqilab baş verdi. Monarxiya ləğv edildi və ölkə Respublika elan olundu.
Hər üç çevriliş hökumət qüvvələrini hakimiyyətə minimum loyallığı şəraitinda baş verdiyindən, tərəflər arasında ciddi silahlı qarşıdurma və insani tələfatla müşaiyət olunmurdu. Həmin çevrilişlərin ən əsas cəhəti hadisələrin gedişində və ondan sonra yeni hakimiyyətə qarşı siahlı mübarizə baş verməməsi və xarici hərbi qüvvələrin iştirak etməmısi idi. Yəni həqiqətən də hakimiyyət-müxalifət ziddiyyəti və onun həlli Əfqanıstanın daxili işi hesab edilirdi və kənardan heç kim birbaşa hərbi müdaxilə etmirdi.
Həmin vəziyyət zahirən 1978-ci ildə yeni inqilab nəticəsində hakimiyyətin yeni ictimai-siyasi qüvvələrin nümayəndələrinin əlinə keçməsi və idarə formasını bir qədər də dəyişməsinə (respublikadan Demokratik respublika) baxmayaraq, geniş müqavimət və xarici hərbi müdaxilə ilə müşaiyyət olunmadığına görə təkrar olundu. Lakin yeni hakimiyyətin sosializm düşərgəsinə mənsub olması, onun ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklər aparmaq siyasəti yeritməyə başlaması, eyni zamanda hakimiyyət və idarə etmə strukturlarında təmizlik siyasəti həyata keçirməsi istər hakimiyyətə qarşı qüvvələrin birləşməsinə, istərsə də hakimiyyətdaxili münasibətləri gərginləşməsinə səbəb oldu.
Nəticədə Əfqanıstanda mövcud hakimyyətə qarşı siahlı çıxışlar baş verməyə başladı. 1978- ci ilin payızına doğru başlanan qarşıdurma daxili xarakter daşıyırdı. Həmin vaxt SSRİ tərəfindən Əfqanıstana hər hansı silahlı qüvvələrin yeridilməsi faktları müşahidə olunmurdu. Hkimyyət daxili mübarizə inqilabdan əvvəl Əfqanıstan Xalq Demokratik partiyasının Xalq qolu ilə Pərçəm (bayraq) qolu arasında yaranmış formal koalisiyanın tezliklə pozulmasına səbəb oldu.
Hakimiyyətdaxili mübarizədə aşağı təbəqələri təmsil edən qüvvələrin (xalq), şəhər orta təbəqələri təmsil edən qüvvələrə (pərçəm) uduzması çox qısa müddət ərzində sirli və sakit dövlət çevrilişi və dövlət başçısının qətli ilə nəticələndi. Hakimyyəti öz əlinə almış şəxsə qarşı hakimyyyətdən kənarlaşdırılmış qrupun onun Amerikanın əlaltısı olması, SSRİ-nin mövcudluğu üçün təhlükə olması haqqında geniş təbliğat başlanmış, SSRİ-dən yardım istənməsi və bu və ya digər səbəbdən SSRİ-nin Əfqanıstana hərbi təcavüzünü və hakimiyyətin devrilərək yenidən digər qolun hakimiyyətinin bərpasını təmin etdi.
Bundan sonra Əfqanıstanda daxili mübarizə sosialist-kapitalist üstəgəl bütün İslam mühafizəkar qüvvələri arasında mübarizə şəklini aldı. SSRİ Əfqanıstanda yeni sosialist dövləti qurmaq təcrübəsinin perspektivsizliyini dərk edərək öz qoşunlarını Əfqanıstandan çıxardıqdan (1989) sonra Əfqanıstanda hakimiyyət uğrunda mübarizə yenidən daxili xarakter aldı, Demokratik hakimiyyətin varisləri xaricdən qeyri-müstəqim yardımlar alan qüvvələr qarşısında davam gətirməyib hakimiyyəti İslam bayrağı altında birləşmiş qüvvələrə verməli oldu. Həmin hakimiyyət əsasən qeyri-puştun qüvvələri təmsil etdiyindən, say ərazi və potensial baxımından daha böyük imkanlara malik olan puştu etnosunun nümayəndələri yeni ictimai-siyasi hərəkat və təşkilat yaradaraq hakimiyyət uğrunda mübarizəyə başladılar. Heç bir xarici dövlətin silahlı qüvvələrinin açıq şəkildə kiminsə tərəfində iştirak etmədiyi mübarizədə Taliblər yarandığı (1994) iki ildən sonra demək olar ki, bütün Əfqanıstanı öz nəzarəti altına almışdı (1996).
Beləliklə, SSRİ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra hakimiyyət uğrunda silahlı mübarizə yenidən əfqandaxili mübarizə xarakteri aldı. Xaricdən birbaşa silahlı qüvvələrlə yardımın olmadığı şəraitdə daxili qüvvələrin nisbətinə xarici dəstək elə bir ciddi təsir göstərmirdi.
Taliblərin hakimiyyətinə, məlum olduöu kim 2001-ci ildə Amerikanın birbaşa hərbi müdaxiləsi nəticəsində son qoyuldu və Əfqanıstanda demokratik siyasi sistem bərqərar edilməyə başladı. Həmin işdə Amerikaya onun Avropa müttəfiqləri də geniş yardım edirdi.
İlk vaxtlar demək olar ki, bütün dünya, hər bir ölkə öz məqsədinə uyğun olaraq Əfqanıstanda sabit, demokratik, müasir siyasi sistem və cəmiyyət qurulmasında yaxından iştirak edirdi.
ABŞ-ın 2003-cü ildə İraqa hücum edərək orada da hakimiyyəti devirərək yeni demokratik dövlət qurmaq siyasətinə başlayandan sonra onun müttəfiqləri həmin məsələdə də onu yaxından dəstəkləyirdi. Lakin İraqda hakimiyyət daşıyıcılarının konfessional tərkibi dəyişdiyindən yeni yerli hakimyyət və onun hamisi Amerikaya qarşı silahlı mübarizə cəbhəsi meydana gəlib ölkənin bəzi rayonlarını nəzarət altına almasından sonra, 2006-cı ildə həmin ərazilərdə İraq İslam dövləti elan oldu. Həmin hadisə ABŞ-ın qlobal hakimiyyət iddiasından narazı qüvvələrin fəallaşmasına səbəb oldu. Məhz həmin vaxtdan Taliblər Əfqanıstanda hakimiyyət uğrunda mübarizəni daha ciddi və geniş şəkildə davam etdirdilər.
Bu dəfə taliblər regionda Amerika və Qərb üstünlüyünə qarşı duran bütün qüvvələrin açıq və gizli,birbaşa və dolayı himayəsini hiss etməyə başladı. Başqa sözlə, 1994-1996 və ondan sonra 2001-ci ilə qədər taliblərin hakimiyyətinə qarşı mübarizə aparan qüvvələrə yardım göstərən ölkələr artıq Taliblərə yardım göstərməyə başladılar.
Bu baxımdan İranın qeyd edilən dövrdə-1994-2021-ci illər ərzində Əfqanıstanda hakimyyət uğrunda mübarizə aparan qüvvələr ilə münasibətləri olduqca xarakterikdir.
Əvvəlcə qeyd edilməlidir ki, yenicə təsis edilmiş İran İslam Respubliası SSRİ-nin Əfqanıstana təcavüzünü pisləmiş, SSRİ-nin himayəsində olan Əfqanıstan Demokratik Respublikasına qarşı mübarizədə fəal iştirak edirdi. İran əfqan qaçqınlarının ən çox toplaşdığı ölkələrdən biri olduğundan, qeyd edilən mübarizədə iştirak etmək üçün həm əsası, həm də müxtəlif vasitələri vardır, hərçənd həmin illərdə İran özü İraqa qarşı müharibə (1980-1988) aparmalı olmuşdu. Müharibənin üçüncü ili (1982) təşəbbüs İranın tərəfinə keçəndən sonra Əfqanıstan mücahidlərinə yardım imkanları daha da genişləndi.
1988-ci ildə SSRİ Əfqanıstandan öz qoşunlarını çıxarmağa başlayandan (15 may) sonra İran-İraq müharibəsi də başa çatdı (avqust). Bu da İrana Əfqanıstan istiqamətində daha fəal olmağa imkan verirdi. SSRİ qoşunları Əfqanıstandan çıxdıqdan sonra ƏDR düşmənləri daha da fəallaşmış və 1991-ci ildə SSRİ-nin süqutundan sonra, xarici himayədən tamamilə məhrum olmuş mərkəzi hakimiyyət uzun müddət davam gətirə bilməmiş və mücahidlər asanlıqla hakimiyyəti ələ keçirmişlər və onların başçılarından biri Əfqanıstanda böyük hörmət və nüfuz sahibi olan Bürhanəddin Rəbbani prezident seçilmişdir. İran yazılarında onun fars dilli etnosa (tacik) mənsub olması xüsusilə vurğulanır. Yazılardan birində qeyd edilir ki, Əfqanıstanın son 70 illik tarixində (1919-cu ildən bəri) ikinci dəfə fats dilli şəxs ölkə başçısı seçilirdi. Birinci dəfə bu hadisə, artıq qeyd edildiyi kimi, 1929-cu ildə baş vermiş, mühafizəkar-dini qüvvələrə və onların hamilərinə arxalanaraq qanuni hakimiyyəti devirən şəxs fars dilli (tacik) idi. Lakin onun hakimiyyəti cəmi 9 ay çəkmiş və pəştu tayfalarının nümayəndəsi öz hakimiyyətini başqa nəsildə davam etdirmişdi.
İkinci dəfə fars dilli (tacik) ruhani, siyasətçi, alim, biznesmen və hərbçi olan Bürhanəddin Rəbbani, qeyd edildiyi kimi, 1992-ci ildə hakimiyyətə gəlmişdir.
Qeyd edildiyi kimi, 1994-cü ildə yeni dini-siyasi hərəkat və təşkilat olan Taliblər Əfqanıstanın siyasi səhnəsinə çıxaraq mərkəzi hakimiyyət uğrunda silahlı mübarizəyə başladı. SSRİ öz silahlı qüvvəlırini Əfqanıstandan çıxardıqdan sonra ölkədə hakimiyyət uğrunda mübarizə daxili hadisə keyfiyyətini bərpa etdi, hərçənd xarici qüvvələr öz maraqlarına uyğun olaraq müxtəlif qrupları dolaysı ilə dəstəkləyirdilər.
Taliblərin mərkəzi hakimiyyət uğrunda hərbi-siyasi mübarizə səhnəsinə qədəm qoyduğu gündən İran-Taliblər münasibətinin tarixi başlanır.
İran təbii ki, SSRİ-yə qarşı mübarizə aparan və qeyd edildiyi kimi, 1992-ci ildə hakimiyyətə gələn qüvvələri dəstəkləməkdə davam edirdi.
İran və Taliblər İslamın müxtəlif məzhəblərinə aid olduqları üçün onların arasında tarixən formalaşmış dərin dini-ideoloji ziddiyyət vardır. Bu ziddiyyət taliblərin dini-ideoloji əsasını təşkil edən Divbəndi təlimi tərəfindən barışmaz səviyyəyə qaldırılıb.
Divbəndilik təlimi Hindistanın Uttar Pradeş ştatında yerləşın Divbəndi şəhərində 1867-ci ildə təsis edilmiş “Divbəndi” mədrəsəsində meydana gəlib.
O zaman anti müstəmləkə, anti xarici mahiyyət daşıyan ideoloqiyanın əsasını təşkil edən təlimin ardıcılları müxtəlif qruplara bölünsə də, ortaq cəhəti ŞİƏLİYƏ QARŞI MÜBARİZƏ idi.
İran Talibləri rəsmən qadağan edilmiş hərəkat elan etməsə də, onu təkfirçi hərəkat adlandırır. Təkfir, yəni bir müsəlmanın digər müsəlmanı və bir İslam cərəyanının digər İslam cərəyanını həqiqi dindən uzaqlaşmaqda ittiham etmək üçün istifadə etdiyi termindir. Sadə dildə deyilsə, bir müsəlmanı təkfirçi adlandırmaq onu kafir müsəlman hesab etmək deməkdir. Əgər sünni məzhəbi şiə məzhəbini bütövləkdə təkfir, bidətdə-yeresdə ittiham edirsə, şiə məzhəbi ardıcılları, əsasən şiə dövləti olan İran, radikal hesab etdikləri sünni məzhəbinə məxsus cərəyan, qruplaşmaları kafir müsəlmanlar hesab edirlər. Bunların ən bariz nümayəndələrindən biri İrana görə Taliblər hərəkatıdır. Taliblər də İran islamını təkfiri-islam küfrü hesab edirlər. Ən əsası Taliblər hərəkatının dini-ideoloji əsasını təşkil edən Divbəndi dini təlimin əsas prinsiplərindən birini, qeyd edildiyi kimi, şiəliyə qarşı mübarizə təşkil edir.
İranda Divbəndi termini ilə ifadə olunan Dini-ideoloji sisteminin əsas tələblərindən biri şiəliyə qarşı mübarizədir. Taliblər 1996-cı ildə hakimiyyətə gəldikdən sonra Əfqanıstanın əsas etnik-dini qrupu olan şiə həzara xalqına qarşı “kafir” olduqları üçün 1998, 1999-2001-ci illərdə genosid siyasəti həyata keçirmişlər.
1996-cı ildə hakimiyyətə gələn Taliblər bütün Əfqanıstana nəzarətə nail ola bilməmişdilər. Onlara tabe olmayan ərazilərin sahəsi hərbi əməliyyatların nəticəsindən asılı olaraq gah artır, gah da azalırdı. Son nəticədə Əfqanıstanın ərazisiunin minimum 10%-Taliblərin hakimiyyətindən kənarda qalmışdır. Həmin ərazi digər sərhədlər daxilində hələ 1989-cu ildən məşhur səhra komandiri Əhməd şah Məsudun nəzarəti altında idi. 1996-cı ildə Taliblərə müxalif qüvvələr, əsasən taciklər, özbək və hazaraların səhra komandirləri birləşərək “Şimal alyansı” təşkil etdilər. Alyansın nəzarəti altında olan ərazi qüvvələr nisbətindən asılı olaraq dəyişsə də, son nəticədə qeyd edildiyi kimi, ölkə ərazisinin 10%-ni təşkil edirdi. Alyansın öz varlığını qoruyub saxlaması və onun nəzarəti altında olan ərazinin taliblərin nəzarətinə keçməməsi üçün digər maraqlı tərəflər kimi İran da həmin alyansa hər cür yardım göstərirdi.
İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun 1988-ci ildə yaradılmış və xaricdə fəaliyyət üçün nəzərdə tutulan əlahiddə elit “Qüds” hərbi birləşməsinin dəstələri Şimal alyansı yanında vuruşurdu.
Taliblər 1998-ci ildə Məzari Şərifi ələ keçirdikdən sonra orada fəaliyyət göstərən 9 iranlı diplomatı qətlə yetirmişlər. Həmin hadisə İranın Taliblərə qarşı geniş miqyaslı müharibə aparmasına səbəb ola bilərdi, Əfqanıstan sərhəddinə yüz minlərlə ordu yığmış İran son anda bir sıra mülahizələri nəzərə alaraq hərbi əməliyyətlara başlamaqdan imtina etmişdi. Lakin İran rəhbərliyində Taliblərdən intiqam almaq ideyası aradan getməmişdir. İranda taliblərə qarşı mübarizə aparan qruplar üçün hərbi düşərgələr vardı.
Birinci mərhələdə (1994-2001) İran bütün sahələrdə taliblərə qarşı mübarizəni dəstəkləyirdi. İran Talibləri etnik-dini hərəkat və təşkilat, yəni ölkə əhalisinin 30%-50%-ni təşkil etdiyi pəştu etnosunun nümayəndəsi hesab edirdi. Bu da İranı qane etmirdi, çünki İran islamını təkfir/bidət hesab etdiklərindən Əfqanıstanda fars dilində danışan, şiə məzhəbli Həzara xalqına qarşı genosid siyasəti yeridirdi. İran öz etno-dini təbii müttəfiqini dəstəkləməyə məcbur idi. Həzaralar Əfqanıstan əhalisinin bəzi məlumatlara görə 30%-ni (1/3-i), digər məlumata görə (2007) Əfqanıstanın 27 mln.əhalisindən 2.5-3 mln.nəfərini (1/9-ni) təşkil edirdı. Onlar ölkənin hər yerinə səpələnsə də, əsas yığcam əraziləri Həzəracat və ya Həzərastan kimi məşhurdur. İranın qeyri fars/dəri dilli şiə məzhəbli digər nisbətən azsaylı müttəfiqi də mövcud idi.
İranın digər təbii yarım müttəfiqi ölkə əhalisinin 1/3 və ya 1/4-ni təşkil edən taciklər idi.Taciklər tacik dilində danışdğından İranın etnik müttəfiqi, sünni məzhəbinə aid olduğundan isə potensial düşməni hesab edilirdi. Lakin İranın Tacikistana və taciklərə münasibətində etnik amilin həll edici rol oynadığını nəzərə alsaq, İranın taciklərə müttəfiq kimi baxdığını vurğulamaq olar. İslam bayrağı altında çıxış edən taciklər də istər Tacikistanda,istərsə də Əfqanıstanda İranla münasibətlərdə müvəqqəti olaraq dini fərqləri arxa plana keçirərək, yardım almağa böyük maraq göstərirlər. Ona görə həmin müttəfiqlik müvəqqəti hesab edilir. Başqa sözlə İran Taliblərin hakimiyyətinin birinci mərhələsində ona qarşı mübarizəni etnik və dini fərqlərlər və maraqlarla eyni zamanda Əfqanıstanda taliblərə qarşı mübarizədə öz etno-dini və etnik müttəfəqlərinə yardım kimi əsaslandırırdı.
İran taliblərə qarşı mübarizəni qeyd edildiyi kimi, farslardan etnik və məzhəb fərqlər, ideoloji-dini ziddiyyət, taliblərin pəştu etnik hakimiyyəti qurması, ictimai həyatı pəştu adət-ənənələri, qaydaları ilə tənzimləməyə çalışması, Əfqanıstanda dini və etnik qruplara qarşı ayrı-seçkilik siyasəti yeritməsi, mədəni genosid həyata keçirməsi və nəhayət dövlət başçısını Əmir ol-Möminan adlandırması ilə izah edirdi. Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, şiələrə görə Əmir əl-Möminin ıəqəbi yalnız şiəlrin ilk imamı Əliyə aiddir. Adi bir dövlət başçısını Əmir ol-Möminin adlandırmaq, Əli və şyə müqəddəslərini təhqir etmək hesab edilirdi.
Taliblər birinci dəfə hakimiyyətdə olarkən, İran və Əfqanıstan bir-birini İslam dövləti kimi qəbul etmirdilər.
İki ölkə,iki İslam hakimiyyəti arasında zahirən barışmaz ziddiyyətlərin olması onların, xüsusən də ölkə və rejimin maraqlarını bütün vasitələrlə təmin etməyə çalışan İranın müəyyən şərait yarandıqda bütün ziddiyyətləri gözardına vuraraq əməkdaşlıq etməyəcəyinə heç bir təminat vermirdi.
Belə bir şərait, məlum olduğu kimi, ABŞ-da 2001-ci ildə məlum hadisələırdən sonra Amerika terrorist Əl-Qaidə təşkilatının başçısı və üzvlərinin bir hissəsinin Əfqanıstanda olduğunu bəhanə edərək həmin ilin oktyabr ayının 7-də Əfqanıstana qarşı hərbi əməliyyatlara başladı. ABŞ və müttəfiqlərinin havadan dəstəyi və xüsusi təyinatlılarının iştirakı ilə Şimal alyansı taliblərə qarşı geniş müharibəyə başladı və əvvəlcə Məzari-Şərifi tutdu, az sonra (13 XI.2001) taliblər müqavimət göstərmədən paytaxt Kabili tərk etdilər. Qəndahırın itirilməsi ilə (07.XII.2001) Taliblərin hakimiyyətinə son qoyuldu.
İranın özünün ən qatı,əsas düşməni hesab etdiyi ABŞ-ın Əfqanıstana hərbi təcavüzü, Şimal alyansının fəal iştirakı ilə Talib hakimiyyətini devirməsi, Beynəlxalq hərbi qüvvələrin Əfqanıstanda yerləşdirilməsi və onların himayəsi altında Əfqanıstanda yeni hakimiyyət və siyasi-ictimai sistemin təşkilinə münasibəti necə idi?
Həmin siyasət iki düşmən arasındakı münasiblərdən maksimum fayda götürmək və əsas düşməni (ABŞ) zəyflətmək məqsədi ilə müəyyən olunurdu. Artıq nə ABŞ-la, nə də Taliblər ilə münasibətlərdə baza prinsiplər heç bir rol oynamırdı.
İran İslam Respublikası guya əsas düşməni olan ABŞ-la, Qərb dəyərləri əsasında yenidən təşkil edilməkdə olan Əfqanıstan İslam Respublikası və dini-ideoloji barışmaz düşməni olan taliblərlə geniş əməkdaşlıq edirdi. İranın ideoloq alimlərinin üç düşmənlə (ABŞ, Əfqanıstanın demokratik hökuməti və taliblər) əməkdaşlığı əsaslandırmaq üçün əsərləri bir-birinin ardınca meydana gəlirdi. Aşağıda əməkdaşlıq nümunələri və onlarıın əsaslandırılması haqqında qısa qeydlər nəzərdən keçirilr.
ABŞ-LA ƏLAQƏLƏR
İran Amerikanın 2001-ci ildə Əfqanıstana təcavüzü və Taliblərin hakimiyyətdən devrilməsi prosesində ABŞ-la yaxından əməkdaşlıq etmişdir.
ABŞ 11 sentyabr 2001-ci il hadisəsindən sonra Əfqanıstana hücum planını İranla müzakirə etmişdir. Müzakirə zamanı İran tərəfi Amerikanın hərbi təcavüzünü təşviq edirdi, çünki Taliblərin hakimiyyətinin devrilməsini tələb edirdi. Şimal Alyansı Amerikanın hərbi təcavüzü zamanı həmin ölkə ilə əməkdaşlıq etməyə meyl göstərirdi. İran buna etiraz etməmişdir. İran öz diplomatlarının intiqamının alınmasını və buna gğrə Taliblərin hakimiyyətinin devrilməsini istəyirdi. 2001-ci ildə İran prezidenti S.M.Xatəmi demişdir ki, Taliblər İranın düşmənidir və onların hakimiyyətinin devrilməsi İranın mənafeyinə uyğundur.
İran Amerikanın Əfqanıstana hərbi təcavüzü və ondan sonra Amerika hərbi qüvvələrinə diqqətəlayiq yardım göstərmişdir. Taliblərin hərbi bazaları və cəmləşmə məntəqələrinin xəritəsini Amerikaya təqdim etmişdir.
ABŞ-ın Əfqanıstana hərbi təcavüzünü dəstəklədi, təklif etdi ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçsin.
ƏFQANISTAN HÖKUMƏTİ İLƏ ƏLAQƏLƏR
Amerikanın Əfqanıstana hərbi təcavüzü və Şimal alyansının ən yaxından və fəal iştirakı ilə taliblərin hakimiyyəti devrildikdən sonra, ölkədə hakimyyətin yeni, demokratik əsaslarla təşkili gündəmə gəlmişdi.
Amerika və beynəlxalq qüvvələr həmin prosesdə yaxından iştirak edirdilər.
2001-ci ildə Bonn konfransında İran nümayəndə heyətinin başçısı M.C.Zərif Şimal alyansını qane edə bildi ki, hakimyyətin puştu Həmid Kərzayiyə verilməsinə razı olsun. Bu sadə məsələ deyildi, çünki 1992-1996-da hakimiyyət qeyri-puştuların əlində idi. Həmin məsələ həll edildikdən sonra az-çox tanınmış siyasətçi Həmid Kərzay yeni hakimiyyətin müvvəqqəti başçısı, 2002-ci ildə müvəqqəti prezident təsdiq edildi.
2001-ci ildə Taliblərin hakimiyyətinin devrilməsi ilə Əfqaqnıstan İslam Əmirliyi ləğv olunaraq İslam Respublikası elan edildi. 2004-cü ildə Ümuməfqan Şurası (Loya Cirgə) tərəfindən İslam Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyada Əfqanıstanın İslam Respublikası olması təsbit edildi. Yeni Konstitusiyada İslamla bağlı prinsip və normalar öz əksini tapdı. Konstitusiyada nə 1992-1996-cı illərdə mövcud olmuş Əfqanıstan İslam Dövlətinin praktiki fəaliyyətində rəhbər tutulan İslam normaları (İslama zidd hesab olunan bütün qanunlar qüvvədən düşmüş elan edilməsi, ölkədə İslam diktaturasının təsbit edilməsi, universitetlər, bütün əyləncə mərkəzləri bağlanması, dövlət idarələrində namazı məcburi xarakter alması, bütün antidini kitabların, spirtli içkilərin qadağan edilməsi, qadınların hüquqlarının məhdudlaşdırılması), nə də Əfqanıstan İslam Əmirliyinin əsas hüquqi tənzimləyici sənədi hesab edilən Şəriətdən demək olar ki, əsər əlamət qalmamışdı.
Əsas qanunda Allaha möhkəm və Müqqədəs İslama inam vurğulanır. Əfqanıstanın İslam respublikası olması təsbit edilir, Əfqanıstanın dininin müqəddəs İslam dini oduğu,digər din ardıcıllarının dini azadlığı qeyd edilir.
Əsas qanunda xüsusi vurğulanır ki, Əfqanıstanda heç bir qanun müqəddəs İslam dinin müddəaları bə inamlarına zidd ola bilməz.
Məhkəmə işlərəndə sünnilər və şiələr arasında şəriətin tətbiq edilməsinin şərti müəyyən edilir. Şəriət qanunları məhkəmə çəkişməsinin hər iki tərəfi sünni və ya şiə olduqda yalnız o halda tətbiq edilir ki, bütün mövcud Cinayət məcələlləri və digər qanunlarda məhkəmənin qərar qəbul etməsi üçün əsas tapılmasın. Belə halda sünnilərin məhkəmə işi haqqında Hənəfi məzhəbi qaydaları, şiələrin işi haqqında isə şiə məzhəbi qaydaları əsasnda qərar verilir.
Əsas qqanunda İslamın ailə tərbiyəsində yeri ilə bağlı müddəa yer alır və göstərilir ki, ailə tərbiyəsində İslama zidd ənənələr istisna edilməlidir.
Göründüyü kimi, Əfqanıstanda İslamın yeri Əsas qanunda təsbit edilənlərdən ibarətdir. Bunlar İslam Dövlətində hakim olan İslam normaları və İslam Əmirliyində rəhbər tutulan Şəriətlə müqayisə edilə bilməz.
İran İslam Respublikası nöqteyi nəzərindən Əfqanıstanın bundan əvvəlki qayda-qanunları sünni məzhəbinə istinad etsə də, daha İslami xarakter daşıyırdı, nəinki 2004-cü ildə qəbul edilmiş Konstitusiya. İran İslam Respublikasını belə İslam dövləti qane edə bilməzdi. Burada nə dinin hakimiyyətindən, nə onun əsas biliciləri və qoruyucuları olan ruhanilərin ali hakimiyyət və ali nəzarətindən və s. söz belə açılmırd. Bu, İran İslam Respublikası üçün ən pis İslam modeli hesab edilirdi və ona düşməncəsinə baxılırdı. Əfqanıstanın haqqında danışılan Konstitusiyası ancaq müasir dünyada mövcud olan sivil hüquq normalarını özündə əks etdirirdi. Burada İran İslam Respublikasını qane etməyən, onun milli və etnik azlıqlara qarşı milli ayrı-seçkilik, əslində vahid ümmət və vahid millət adı altında etnosid siyasəti yeritdiyini dolayısı ilə açıq şəkidə nümayiş etdirən müddəalar yer almışdı.
Əsa qanunda Əfqanıstanda mövcud olan bütün etnik birliklərin adları birbəbir sadalanır. İranda isə həmin etnik birliklər həqarətlə ümumi şəkildə əqvamlar və məhhəli qruplar adlandırılır.
Əsas qanun son dövrlərdə formalaşmış ənənəyə uyğun oaraq pəştu və dəri dilini dövlətin rəsmi dilləri elan edirdi. Əsas qanun etnik birliklərin-özbək, bəluc, türkmən və b. yığcam yaşadıqları ərazilərdə etnik dilləri ÜÇÜNCÜ rəsmi dil elan edirdi. Bundan əlavə, bütün dillərdə nəşr, KİV, radio, teleyayımlar azad elan edilir.
İranda həmin yeniliyə böyük ikrahla baxır və mənfi təsirini neytrallaşdırmaq haqqında fikirləşirdilər. İran millətçiləri vəziyyətdən çıxış kimi etnik dillərin məhdud fəaliyyət sahəsini daha da məhdudlaşdırmaq və hətta onları daxildən zəiflətmək yolu tutrudular.
Yeni Əfqan siyasi sisteminin İslam və etnoplitika komponentləri nümunə baxımından İran siyasi sisteminin əsasların laxladırdı. Başqa sözlə, Əfqanıstan İslam Respublikasını bütün digər dünyəvi müsəlman ölkələri kimi İranın strateji düşməni hesab edirdilər. Həmin düşmənlərlə mübarizə formalarından biri onlarla yaxından əməkdaşlıq edərək daxildə dini, məzhəb və son nəticədə xurafat ünsürlərini gücləndirməklə siyasi-ictimai sosial dayaq yaratmaq idi. İran həmin prinsipdən çıxış edərək yeni Əfqanıstan hakimiyyəti ilə yaxından əməkdaşlıq edirdi.
İran müsəlman ölkələri ilə münasibətlərdə həmişə iki iri və xırda marağının da təmin edilməsinə xüsusi diqqət yetirirdi: dinin rolunu, şiə azlığının mövqeyini (mövcud olduğu halda) və fars dilinin mövqeyini (irandilli azlıq olan halda) gücləndirmək.
Qeyd edilən səbəblərə görə İran İslam Respublikası bəzi İran məlumatlarına görə Əfqanıstan hökumətinin müxtəlif qurumları və dövlət və qeyri-dövlət təşkilatlarına maliyyə yardımı edirdi.
İran Əfqanıstanda şiə mərkəzləri yaradırdı, 2006-cı ildə Əfqanıstanda ən böyük şiə məscidi inşa etmişdi. İran əsas diqqətini şiə məzhəbindən olan və fars dilində danışan Herat vilayətinə yönəltmişdi, həmin viayətin İrana birləşdirilməsi üçün zəmin hazırlayırdı. Heratı elektrik enerjisi ilə təmin edirdi. 120 km-lik əla asfalt yol çəkmişdi, investisiya qoyur, neftlə təmin edirdi. Herat şəhərini mədəni-elmi əməkdaşlıq mərkəzinə çevirmişdi,başqa sözlə, öz təsirinin əsas dayağı hesab edirdi.
İran çalışırdı ki, özünə yaxın etnik, dini-məzhəb qrupları hakimiyyətdə təsirli mövqe tutsunlar. İran Əfqanıstanın siyasi səhnəsindən fars dilli və şiə məzhəb qrupların kənarlaşdırılmasının qarşısını almağa, yəni İran təsirinin ötürücü vasitələrini gücləndirməklə öz mövqeyini genişləndirmək siyasəti yeridirdi.
İran Əfqanıstan hakimiyyəti ilə əməkdaşlığından həmçinin fars dilli ölkələrin birliyini yaratmaq məqsədi ilə istifadə edirdi. 2006 cı ildə prezident M.Əhmədinejad fars dilli ölkələrin (İran, Əfqanıstan,Tacikistan ) ittifaqının yaradılması istiqamətində ilk addım atıldığını qeyd edirdi. Amma sonra həmin mövzu unuduldu.
2016-cı ildə İran Əfqanıstan höküməti ilə Əfqanıstan İslam partiyası (Qülbəddin Hikmətyar) arasında sülh sazişi bağlanmasına güclü dəstək göstərdi. İran fikirləşirdi ki, bir tərəfdən dinin siyasi rolunun güclənməsinə yardım edir, digər tərəfdən gələcəkdə həmin təşkilatdan öz maraqları üçün istifadə edə bilərdi.
İran bir tərəfdən özünün geniş və məhdud maraqlarını təmin etməyə çalışırdı, digər tərəfdən ABŞ-ın himayəsində olmasını nəzərə alaraq yeni hakimiyyəti gücləndirməklə ABŞ-dan asılığını azaltmağa, eyni zamanda əməkdaşlıq etdiyi Taliblərə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.
TALİBLƏRLƏ ƏLAQƏLƏR
Taliblər hakimiyyətdə olduqları birinci müddətdə (1996-2001) VII əsrdə meydana gəlmiş və dövrə uyğun olan dünyagörüşü, ictimai həyatı tənzimləyən bir sıra göstərişlər ehtiva edən İslam dini və daha sonralar onun, hədis və qaynaq və üsullarla formalaşmış hüquq sistemi- Şəriət qaydalarını XX əsrin son illərində əməli olaraq tətbiq etdiyindən, artıq qeyd edildiyi kimi, İran İslam Respublikası ilə müharibə təhlükəsinə çevrilən gərgin münasibtlərə malik idilər.
Lakin 2001-ci ildə Taliblərin hakimiyyətinin ABŞ hərbi təcavüzü nəticəsində devrilməsi, ABŞ və onun Qərb müttəfiqlərinin Əfqanıstanı öz himayəsinə götürərək orada tamamilə yeni siyasi sistem təsis etmək siyasəti yeritməsindən sonra İranın Taliblırə münasibətinin yeni, ehtiyat variantı özünü göstərməyə başladı.
Taliblərə qarşı düşmənçilik siyasəti 2001-ci ildən başlayaraq zahirən davam etsə də, artıq əməkdaşlıq istiqaməti də gündəmə gəlirdi.
2001-ci ildə Amerikanın hərbi təcavüzü zamanı talib komandirlərinin bir hissəsi İrana qaçdı. İran talib komandir və döyüşçülərinə sığınacaq verdi.
İran vaxtilə taliblərə qarşı vuruşan döyüşçülər hazırlamaq üçün yaradılmış hərbi düşərgələri taliblərin ixtiyarına verdi. Kütləvi informasiya vasitələrində, hətta İranda Əl-Qaidə komandirlərinə sığınacaq verilməsi haqqında məlumatlar qeyd edilirdi.
2010-ci ildə İran taliblərə maliyyə və silah-sursatla yardım edirdi, sığınacaq verilmiş taliblərə təlim keçirdi.
İran 2010-cu ilə qədər Kabil hökuməti ilə Taliblər arasında danışıqlara qarşı çıxırdı.
Lakin 2011-ci ildə mövqeyi dəyişdi. Bu da çox güman ki, Amerika qoşunlarının əsas hissəsinin 2010-cu ilin avqustanda İraqdan çıxarılması və burada müharibənin başa çatmasının elan edilməsi, deməli qərbdən (İraq) gələn təhlükənin son dərəcə zifləməsi ilə bağlı idi.
Məlum olduğu kimi, 2000-ci illərin əvvəllərində İran əvvəlcə şərqdən (Əfqanıstan) sonra qərbdən (İraq) Amerika qoşunları tərəfindən mühasirə olunduğundan, hər iki cəbhədə təcavüzkarla əməkdaşlıq etməli olurdu. Lakin hər iki tərəfdə ABŞ-ın qətiyyəti və mövqeyinin zəiflədiyini hiss edən İran özünü regionda əsas regional oyunçu hiss edərək, ABŞ-ın mövqeyinin zəiflədilməsi istiqamətdə səylərini gücləndirir, legitim mərkəzi hakimiyyət və Amerikanın əsas silahlı düşmənləri ilə əməkdaşlığı genişləndirirdi.
Məhz həmin səbəbdən 2011-ci ildən Əfqan hökuməti ilə Taliblərin danışıqlarını dəstəkləməyə başladı. Bununla ABŞ-ın mövqeyini zəiflədə biləcəyini güman edirdi, ona görə ABŞ-Taliblər danışıqlarına qarşı çıxırdı.
İranın Talibləri dəstəkləməsində yeni, daha geniş mərhələ 2013-cü ildən sonra başlandı.
Həmin il ABŞ ilə Əfqanıstan arasında Strateji Əməkdaşlıq müqaviləsi və Təhlükəsizlik sazişi imzalandı. Həmin sənədlər Əfqanıstan hökumətinin gələcəkdə ABŞ-a bağlılığını gücləndirir və ABŞ-ın Əfqanıstanda mövcudluğunu hüquqi baxımdan təmin edirdi. Ona görə həm ABŞ-ın, həm də Əfqanıstan hökumətinin əsas real və açıq silahli düşməni olan Talibləri dəstəkləmək tələb olunurdu.
2015-ci ildə İran taliblərə maliyyə və hərbi yardımını davam etdirirdi.
2015-ci ildə Talib rəhbərləri 3 gün Tehranda olub və XİN M.C.Zəriflə görüşüblər.
2016-cı ildə Talib komandirlərinin ailələri İranda yaşayırdı. Talibanın Rəhbəri Tehrana gəlib-gedirdi.
2016-cı ildə Əfqan hökuməti İranı Taliblərlə sıx əməkdaşlıq etməkdə ittiham etdi, İranın talibləri dəstəklədiyi və yardımların miqyasını genişləndirdiyini vurğuladı.
2016-cı il məlumatına görə, İran taliblərlə İŞİD-ə qarşı 572 km-lik sərhəd zonasında bufer zona haqqında əməkdaşıq edirdi.
TALİBLƏR də İranla yaxın və “səmimi” münasibətləri olduğunu vurğulamaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun, əsasən güc vasitəsi ilə İslam inqilabı ixracı ilə məşğul olan və xaricdə fəaliyyət göstərən, əlahiddə “Qüds” hərbi hissəsinin komandiri, general Q.Süleymaninin qətlini (03.01.2020) pislədi.
İrana bir neçə nümayəndə heyəti göndərərək onun təhlükəsizlik qayğıları ilə bağlı qarantiyalar verib.
Sonuncu dəfə Taliblərin rəsmiləri yanvar 2021-ci il tarixində Tehranda İranın xarici işlər naziri C.Zəriflə görüşüblər,İranın Heratda diplomatik nümayəndəliyinin tam təhlükəsizlikdə olacağı haqqında təminat veriblər.
İran Taliblərlə əməkdaşlıq edərək onları Əl-Qaidədən ayırmağa çalışırdı. Talibləri İranla sərhəddə gücləndirərək Əl-Qaidə ilə bufer zonası yaratdıqlarını güman edirdilər.
Halbuki İranın Əl-Qaidə ilə də əlaqələri haqqında məlumatlar meydanı çıxırdı. Bu da təbii idi, çünki İranın xarici siyasətinin mahiyyətini rejimin və milli maraqların qorunası üçün şeytanla, o cümlədən “Böyük Şeytan” ın özü ilə əmkdaşlıq etmək və eyni zamanda ona mümkün qədər ziyan yetirmək təşkil edir. Amma bəzi İran saytları Taliblərin hakimiyyətə gəlişi ərəfəsində Taliblərin Əl-Qaidənin məhsulu və aləti olduğu haqqında yazmağa başladılar.
İran saytlarından birində 23.05.1400-14.08.2021-ci il tarixində “Ezane Əl-Qaidə be nəqşe in qoruh dər tamin mali və təslihatiye taleban” (Əl-Qaidə talibləri maliyyə və silah cəhətdən təmin etməkdə rol oynadığını etiraf etdi) adlı yazı yerləşdirilmişdi.
Yazıda Əl-Qaidənın hələlik qeyde edilən sahədə əsas rol oynadığına diqqət çəkilir. Bunun nə dərəcədə doğru olduğunu demək çətin olsa da, İranda bəzi dairlərin Taliblər hərəkatında Əl-Qaidənin rolunu şişirtməklə hakimiyyətə taliblərlə buna qədər olan münasibətlərə yenidən baxmağa çağırdığı görünür. İran üçün ən qorxulusu isə Əl-Qaidənin guya Taliblərin düşmənləri ilə Əfqanıstandan kənarda döyüşməsidir.
Əl-Qaidə təhlükəsinin ciddi olduğunu vurğulamaq üçün yazıda deyilir ki, Əfqanıstanda bir yüksək rütbəli Əl-Qaidəçi gizli görüşdə bəyan edib ki, Əl-Qaidə komandirləri və döyüşçüləri taliblərlə birgə vuruşurlar. Məsələn, özbək əsilli terroristlərin başçısı Tahir Yoldaş Əl-Qaidə ilə bağlıdır. Amerikanın bundan xəbəri var və etiraz etmir.
Göründüyü kimi İran ABŞ və onun himayəsində olan Əfqanıstan hökumətinə təzyiq göstərmək və bir çox güzəştlər əldə etmək üçün Taliblərlə əməkdaşlıq edirdi.
DÜŞMƏNLƏRLƏ ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN İRANLILAR TƏRƏFİNDƏN VERİLƏN İZAHI
AMERİKA İLƏ ƏMƏKDAŞLIQ
İranın Amerikanın Əfqanıstana təcavüzünü dəstəkləməsi, təcavüz zamanı və ondan sonra onunla əməkdaşlıq etməsi, hər iki dövlətin ortaq marağından-Taliblərin hakimiyyətinin devrilməsində maraqlı olmasından irəli gəlirdi.
Taliblərin hakimiyyəti devrildikdən və onlar Kabili tərk etdikdən (13XI 2001), ABŞ və müttəfiq dövlətlərin yeni hakimiyyət sistemi təşkil etməyə başlamasından sonra İranda ABŞ və Qərbin həmin ölkədə mövqeyinin möhkəmlənəcəyi barədə heç bir şübhəsi qalmadı. Ona görə Əfqanıstanda yeni hakimiyyətin təşkilinə və sonralar fəaliyyətinə hərtərəfli yardım göstərməyə başladı.
YENİ ƏFQANISTAN HÖKUMƏTİ İLƏ ƏMƏKDAŞLIQ
2001-ci ilin sonunda Əfqanıstanda müvəqqəti hökumət, 2002-ci ilin yayında müvəqqəti prezident təsdiq edilmiş və 2004-cü ildə yeni Konstitusiya qəbul edilmiş və ölkə tarixində ilk prezident seçkiləri keçirilib. Beləliklə, həmin vaxtdan yeni siyasi sistem təsbit edilərək, leqitim hakimiyyət formalaşaraq fəaliyyətə başlayıb. İran həmin prosesin dönməz olduğunu güman edərək, onunla, qeyd edildiyi kimi, geniş əməkdaşlıq həyata keçirirdi. İran tərəfi həmin əməkdaşlığı aşağıdakı kimi izah edirdi.
İran Əfqanıstanla əlaqələrindən Qərblə münasibətlərini bərpa etmək üçün istifadə edirdi.
İran öz rəqiblərini təcrid etməyə çalışırdı.
Taliblər və Əl-Qaidəyə qarşı mübarizə üsulu hesab edirdi
Maraqlı tərəflər arasında balans yaratmağa çalşırdı.
İran düşmən dövlətlərin Əfqanıstanda təsiri və nüfuzuna yol verməməyə çalışırdı.
İran özünə yaxın qüvvə və qrupların (şiə məzhəbi ardıcılları, fars dillilər) hakimiyyətdə təsirli mövqe tutmasına çalışırdı, çünki onların əli ilə öz maraqlarını daha asanlıqla təmin edə biləcəyini fikirləşirdi.
Narkotik qaçaqmalçılığın qarşısını almaq
Qaçqın axınını qarşısını almaq
Əfqanıstanın parçalanmasının qarşısını almaq, Bəluc, Puştu dövlətlərinin neydana gəlməsinə yol verməmək. Əfqanıstan parçalanarsa, İranın ərazi bütövlüyü üçün ciddi təhlükə yaranar. Belə ki, İran bəlucları uzun illərdir ki, müstəqillik uğrunda mübarizə aparırlar.
İran Əfqanıstanla əməkdaşlığıa həm də fars dilli ölkələrin birliyinin yaradılması siyasətinin tərkib hissəsi kimi baxırdı.
Əfqanıstan İslam Respublikası dövründə (2001-2021) onunla geniş əməkdaşlıq edən İran həmin ölkədə mövcudluğundan, öz təsiri altında olan qruplardan istifadə edərək BÜTÜN vasitələrlə ABŞ-a qarşı DAİM problemlər yaradırdı.
İranın Əfqanıstan hökuməti ilə əməkdaşlığının strateji hədəfləri də vardı.
İran Əfqanıstanın, Mərkəzi Asiya ölkələrinin Əfqanıstan və İran vasitəsi ilə İran körfəzinə çıxışını təmin edərək hər iki ölkənin tarnzit potensialının genişləndirilməsinə və bir-birinə iqtisadi bağlılığını gücləndirməyə çalışırdı.
İran Əfqanıstanla əməkdaşlıq edərək regionda əsas rəqibləri olan Pakistan və Türkiyənin təsirini azaltmağa çalışırdı.
Pakistan İranın Əfqanıstanla yaxın əməkdaşlıqdan narahat olurdu. Gələcəkdə İran Mərkəzi Asiya ölkələri ilə Hindistan arasında (Bəndər Abbas) ticarətin əsas marşurutu ola bilərdi. Bu halda Bəndər Abbas Kərçiyə (Pakistan) rəqib ola bilərdi.
İran Əfqanıstanı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın mühüm həlqəsinə,eyni zamanda özünün də tranzit potensialını gücləndirməyə çalışırdı.
Əfqanıstanın tranzit ölkəyə çevrilməsində Pakistan daha çox maraqlı idi. Belə ki, Əfqanıstanın Pakistanın Mərkəzi Asiya ölkələri ilə təkcə ticarət əlaqələrində deyil, həm də karbohidrogen resurslarının idxalında tranzit ölkə olmasında maraqlı idi.
Pakistan üçün çox vacib olan, Əfqanıstanın mühüm gəlir mənbəyi olan həmin tranzit potensialı, İranın, Mərkəzi Asiya ölkələrinin neft-qaz ehtiyatlarının həmin tranzit marşurutu üzrə daşınmasında maraqlı olmayan qüvvələrin müqaviməti ilə üzləşməsi idi. Bu da qarşı tərəflərin Əfqanıstanda və onun qonşuluğunda sabitliyi pozmaq istiqaməıtində fəaliyyətinin genişlənməsinə səbəb olaraq Əfqanıstana və əfqan xalqına yeni müsibət və facilər gətirirdi.
Bütün qeyd edilən sahə, istiqamət və s. bir cümlə ilə ümumiləşdirmək olar, İran hakim rejimin və ölkənin milli maraqlarını təmin etmək üçün hamı, o cümlədən ABŞ və Qərbin himayəsində olan Əfqanıstanın möcud hakimyyəti ilə də əməkdaşlıq edirdi.
TALİBLƏRLƏ ƏMƏKDAŞLIQ
İran eyni zamanda Amerikanın regionda,xüsusən Əfqanıstanda, mövqeyinin möhkəmlənməsinə qarşı olduğundan, ona müxalif qüvvələrlə əlaqələri kəsməmək və lazım gəldikdə onlardan istifadə etməyi də unutmurdu. Amerikaya Əfqanıstanda ən əsas mütəşəkkil silahlı müxalif qüvvə taliblər idilər.
İranTalibləri dəstəkləməkdən ABŞ və Əfqanıstan hökumətinə təzyiq vasitəsi kimi istifadə edirdi. Ona görə İran-Taliblər əməkdaşlığı qeyri-stabil xarakter daşıyırdı, güclənir və zəifləyirdi.
Taliblər 2001-ci ildə hakimiyyətdən devrilsə də, mübarizədən əl çəkmədiyinə görə onlarla əməkdaşlıq etməklə İran eyni zamanda gələcəkdə yarana biləcək siyasi vəziyyətdə özünü sığortalamağı düşünürdü və həmin əməkdaşlıq gələcəyə hesablanırdı.
İranın Taliblərlə əməkdaşlığı Amerikanın Əfqanıstanda, regionda və hətta dünyada nüfuzu və təsirini zəiflətmək məqsədinə xidmət edirdi. İranın regional siyasətinin zahirən də olsa, əsas istiqamətlərindən bir regionxaric güclərin, ilk növbədə ABŞ-ın, regiondan sıxışdırılması təşkil edir. Həmin siyasət İranın regional super gücə çevrilmək strategiyasının tərkib hissəsini təşkil edir.
NƏTİCƏ
İran İslam Respublikası Şərq (İslam, Fəqihin hakimyyəti-vəliliyi) və Qərb (Respublika) siyasi sistemlərinin İslam və ruhanilərin hakimiyyət monopoliyası şərti ilə süni surətdə birləşdirilməsi nəticəsində meydana gəldiyi üçün, Qərb və Şərqlə (İslam dünyası) əməkdaşlıq milli maraqlara cavab versə də, daim ruhanilərin hakimiyyət inhisarı üçün təhlükə yaradır. Şərqlə münasibətlərdə əksəriyyəti sünni olan İslam ölkələri İranın İslamı öz bildiyi kimi təfsir etməsini qəbul etmir. Belə yanaşma istər-istəməz ruhanilərin hakimyyət inhisarına mənfi təsir göstərir.
İranın Qərblə əlaqələri siyasi sistemin Respublika komponentinin əhəmiyyətini gücləndərməklə yanaşı, ictimai-mədəni həyatdan formal olaraq, demək olar ki, sıxışdırılmış Qərb və əslində müasir ictimai, mədəni-məişət həyatının adi normalarını müəyyən edən dəyərlərə və onlara əməl etmək meylinin güclənməsinə səbəb olur.
Deyilənləri nəzərə alsaq, İran İslam Respublikasının nə Şərq (İslam), nə də Qərb dünyası ilə hərtərəfli əlaqələrə malik ola bilməməsinin səbəbi aydın olar. İran hər bir ölkə ilə müəyyən sahədə əməkdaşlıq etməyə və təhlükə hesab etdiyi sahədə isə neytrallaşdırma tədbirlərinə üstünlük verir. Yəni İran istənilən ölkə ilə əməkdaşlıq edəndə, həm onun arzu olunmaz təsirlərinə qarşı mübarizə aparır, həm dəm həmin ölkəyə təsir vasitələrindən geniş istifadə etməyə çalışır. Həmin münasibətlərin və mübarizənin əsası, qeyd edildiyi kimi, siyasi sistemdə Qərb (Respublika) və Şərq (İslam) komponentlərinin süni şəkildə birləşdirilməsi ilə qoyulmuşdur. Həmin mübarizə İranın xarici siyasətində daim özünü göstərməkdədir.
İran İslam Respublikasının qeyd edilən üç oyunçu (Amerika, Əfqanıstan hökuməti və Taliblər) ilə əlaqələri və həmin əlaqələri iranlıların izahı haqqında qeydlər göstərir ki, İran hər üç oyunçu ilə əlaqələr qurmaq və əməkdaşlıq etməklə yanaşı onların hər üçünə qarşı mübarizə aparırdı və həmin aktorlarla əlaqələrindən onların özlərinə qarşı istifadə edirdi.
Buradan belə nəticəyə gəlmək olar ki, İran İslam sisteminin mahiyyəti dəyişmədiyindən onun xarici siyasətinin mahiyyəti və əsas istiqamətləri də dəyişməyəcəkdir. Yəni İran regionda və Əfqanıstanda Taliblərin hakimiyyətə gəlməsindən sonra meydana gəlmiş yeni şəraitdə bütün aktorlarla, ilk növbədə Əfqanıstanın yeni Taliblər hakimiyyəti ilə əməkdaşlığı davam edirəcək və genişləndirəcəkdir.
Şərhlər bağlıdır.