RUSİYA TAKTİKİ QƏLƏBƏ QAZANDI, ANCAQ TƏHLÜKƏ QARŞIDADIR

Şimal Axını-2 qaz kəmərinin tikintisi başa çatdı. Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanan boru kəmərinə gələn aydan qaz doldurulacaq. Boru kəmərinin illik nəql gücü 55 milyard kubametr qazdır.

Azerbaycan-ruznamesi.org İnternet TV-yə istinadən xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bunu Rusiyanın taktiki qələbəsi adlandırıb:

“Birincisi, Vaşinqtonun boru kəmərinə qarşı müqaviməti nəticə vermədi.

İkincisi, Avoparadakı ekoloqların “yeni boru kəməri ətraf üçün təhlükə mənbəyidir” tipli eitazlarını eşidən olmadı.

Üçüncüsü, Rusiya Ukraynadan yan keçən boru kəməri ilə Avropaya qaz nəql edəcək. Doğrudur, Moskva Berlinə vəd verib ki, Ukraynadan keçən boru kəmərindən də istifadə ediləcək. Ancaq Moskvanın vədinə inanmağın yanlış olduğunu elə həmin Ukraynada yaxşı bilirlər. Moskva vədlərə, sazişlərə uyğun siyasət yürütsəydi, 1994-cü ildə Budapeştdə imzalanan sazişə zidd olaraq Ukraynanı parçalamaz və Krımı ilhaq etməzdi”.

Politoloq qeyd edib ki, Moskva boru kəmərinin tikintisinin başa çatmasına və müxtəlif istiqamətlərdən gələn təzyiqləri neytrallaşdırdığına görə sevinir, ancaq gələcək üçün ciddi problemlər var:

“Rusiyanın Avropada əsas qaz alıcısı Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel isə bəyan edib ki, 20 ildən sonra Almaniya Rusiyadan daha qaz almayacaq və nə “Şimal axını” marşrutuna, nə də Ukraynadan keçən boru xəttinə ehtiyac duyacaq. Berlin 2045-ci ildən yaşıl enerjiyə keçidi tamamlayacaq. Əlbəttə, Moskva 20 il üçün rahatlığını təmin edib, ancaq sonra mürəkkəb illər başlayacaq. Rusiyanın 20 il ərzində enerji daşıyıcılarından qurtulacağını gözləmək əbəsdir, neft və qaz satışından asılı olan ölkənin alternativ iqtisadiyyat yaradacağına heç özləri də inanmır”.

 

Şərhlər bağlıdır.