Çökək hamam Gəncə şəhərinin mərkəzində, “Şah Abbas” məscidinin yanında yerləşir. Hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Səfəvi Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona “Şah Abbas hamamı”- da deyirlər.
Rəvayətə görə, hamam keçmişdə bir şamla isidilirdi. AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini Samir Pişnamazzadə isə bildirmişdir ki, bu yanlış məlumatdır.
Hamamın “Çökək” adlandırılması onun quruluşundan irəli gəlir. Belə ki, suyun təzyigini təmin etmək üçün, onu çökəkdə inşa ediblər. Hamam odunla qızdırılırdı. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülürdü. Su, hamamın divarlarda və döşəməsində, quraşdırılmış keramik borularla, qızdırıldıqdan sonra, onun buxarı zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Beləliklə, həm zallar, həm də hamamın divarları isinirdi.
Binanın tikintisində yumurta ağı ilə gil-əhəng və qırmızı kərpicdən istifadə edilib. Çökək hamamın iki böyük və bir kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib. Onlardan ventilyasiya boruları divarların içərisindəki hamama doğru ayrılır. Qışda burada isti, yayda isə sərin olurdu.
Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində hovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulmuşdur. Hamamın bir giriş qapısı və tunelə oxşar yolu movcuddur. Çökək hamam bayır hissədən soyunub-geyinmə, içəridən isə yuyunma otağından ibarətdir.
2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. 2003-cü ildə hamamda bərpa işləri aparılıb.
Hazırda hamam “Veqo” otelinə birləşdirilib və otelin qonaqları tərəfindən istifadə olunur.
Natiq İbrahimov
Şərhlər bağlıdır.