İRAN İSLAM RESPUBLİKASINDA SEÇKİ “DASTAN”I

Bizim mövzumuz eyni siyasi sistemin müxtəlif təbəqələrini təmsil edən və sistemin güclənməsinə xidmət edən islahat-mühafizəkar cəbhələri arasında münasibətlər deyil, milli münasibətlərə yanaşmalarda  baş verən dəyişikliklər və milli azlıqların həmin dəyişikliklərə münasibətinə qısa nəzər salmaqdır.

Yazının həcmini nəzərə alaraq onu bir neçə hissədə dərc edirik.

  1. BİRİNCİ HİSSƏ

III.MİLLİ  MƏSƏLƏ

Milli məsələ dar mənada polietnik tərkibli dövlətdə milli münasibətlərin ədalətsiz şəkildə  və  ayrıseçkilik mövqeyindən tənzimlənməsi nəticəsində  müxtəlif etnoslar, o cümlədən hakim və məhkum etnoslar, həmçinin  hakim etnosu təmsil edən mərkəzi hakimiyyət ilə məhkum etnoslar arasında yaranan problemlər məcmusunu ifadə edir. Həmin məsələ ətrafında  qarşı duran qüvvələr arasında mübarizə nəinki milli münasibətlərin, eləcə də  siyasi-ictimai proseslərin ayrılmaz tərkib hissəsinə çevrilir.

  1. MİLLİ MƏSƏLƏNİN “HƏLLİ” VƏDLƏRİ

İranda XX əsrin 20-ci illərindən meydana gələn milli məsələ 1978-1979-cu illər inqilabından sonra da davam edərək mahiyyətcə dəyişməmişdir. Yeni hakimiyyət etnik birliklərin bəzi  məhdud etnik-mədəni hüquqlarını tanıyıb onlardan bəzilərinin təmin olunmasına zahirən şərait yaratsa da, yeni şəraitdən milli azlıqların məhkum vəziyyətdə saxlanması və sürətlə  assimilyasiya edilməsi üçün geniş şəkildə istifadə  edir.

İranda prezident seçkilərində milli məsələnin movcud siyasi sistem çərçivəsində, xüsusən etno-mədəni sahədə həllinin vacibliyi  ilk dəfə 1997-ci ildə 7-ci  prezident seçkiləri zamanı prezidentliyə əsas namizədlərdən biri olan S.M.Xatəminin seçkiqabağı proqramına daxil edilməsi ilə öz aktuallığını nümayiş etdirmişdir.

Doğrudur, S.M.Xatəmi milli məsələnin mahiyyəti və onun həll yolu haqqında heç bir yazılı proqram irəli sürməmiş, məsələnin həlli ilə bağlı yalnız şifahi şəkildə vədlər vermişdir. Bununla belə, onun prezidentliyi dövründə (1997-2005) İran etnoslarının, o cümlədən Azərbaycan millətinin mədəniyyətinin, dilinin inkişafı və funksiyasının genişlənməsi üçün milli-mədəni fəaliyyət üzərində ciddi nəzarətin yumşaldılması formasında müəyyən şəriat meydana  gəlmişdir.

Etnik birliklərin milli-mədəni sferada geniş fəaliyyəti hakim-millətçi dairələri narahat etdiyindən prezident S.M.Xatəminin milli siyasətinə qarşı geniş etiraz və müqavimət dalğası başlanmış oldu.

Növbəti prezident seçkilərində (2005) qalib gələn mühafizəkar qüvvələrin nümayəndəsi M.Əhmədinejad milli məsələ ilə bağlı heç bir proqram irəli sürməmiş, əksinə  etnik birliklərin milli-mədəni fəaliyyətini məhdudlaşdırmaq üçün geniş tədbirlər həyata keçirmişdi.

Həmin sırada 2006-cı ildə “İran” qəzetinin əlavəsində azərbaycanlıların təhqir  və təhrik edilməsinə hesablanmış məlum karikatura hadisəsi  xüsusi qeyd edilməlidir. Təhqiredici karikatura ilə bağlı Azərbaycan xalqının bütün təbəqələri, bütün etnik coğrafiyada bir neçə gün ərzində qəzetə və mərkəzi hakimyyətə qarşı ardıcıl və geniş etiraz nümayişləri keçirmişdilər. Etirazlara qarşı repressiv tədbirlər nəticəsində ölənlər, yaralananlar və həbs olunanlar olmuşdu. Hakimiyyət də öz növbəsində həmin hadisədən azərbaycanlı milli-mədəni və milli-siyasi fəalları müəyyən etmək və onları təcrid etmək üçün geniş şəkildə istifadə etmişdir. İcra hakimiyyəti  həmin hadisəni bəhanə edərək azərbaycanlıların milli kimliyi ilə bağlı  elmi, mədəni və ədəbi-bədii fəaliyyətini demək olar ki, qadağan etmiş və nəticədə milli varlığın qorunmasına yönəlmiş milli-mədəni  fəaliyyət son dərəcə zəiflədilmişdir.

Hakimiyyətin etnik birliklərin milli-mədəni fəaliyyətini məhdudlaşdırması milli məsələnin ictimai-siyasi həyatda  arxa plana keçirilməsinə cəhd kimi qiymətləndirilir, eyni zamanda milli məsələnin  obyektiv olaraq aktuallığının artdığını nümayiş etdirirdi.

  1. b) ETNİK BİRLİKLƏRİN VƏ YA MİLLİ AZLIQLARIN MİLLİ MƏSƏLƏYƏ “DEMOKRATİK” MÜNASİBƏTİ

2009-cu ildə keçirilən prezident seçkilərindən  dərhal sonra islahat cəbhəsi ilə rəhbərlik tərəfindən idarə olunan  mühafizəkarlar arasında İran İslam Respublikasının tarixində ən geniş, şiddətli və uzun sürən, islahat cəbhəsi üçün ciddi mənfi nəticələri olan qarşıdurma baş verdi. İslahatçıların əsas namizədi, keçmiş baş nazir (1981-1989) Mir Hüseyn Musəvi və ətrafı seçkilərin nəticələrinin saxtalaşdırılması iddiası ilə çıxış edərək nəticələrin ləğv edilməsi və s. tələblər irəli sürmüşdür. Bundan sonra islahat tərəfdarları dərhal küçələrə axışmışlar. Hakimiyyət seçkidə saxtakarlıq iddiasını rədd edib, islahatçı elitanı mövcud sistemi devirmək qəsdində ittiham edərək onlara qarşı bütün cəbhədə repressiv tədbirlərə başlamış, islahat yönümlü siyasi partiyalar qadağan edilmiş, islahat cəbhəsinin rəhbər və tanınmış şəxsiyyətləri həbs edilmiş oldu. Başqa sözlə, mühafizəkar hakimiyyət islahat cəbhəsinə sarsıdıcı zərbə vurmuş oldu.

10-cu prezident seçkilərində (2009) diqqəti çəkən məqam milli məsələnin həlli proqramı ilə islahatçıların əsas namizədi deyil, seçilmək şansı çox aşağı dəyərləndirilən və yuxarıda adı qeyd edilən islahatçı namizəd etnik lor (nisbətən çoxsaylı irandilli etnik birlik) Mehdi Kərrubinin çıxış etməsi idi. Onun milli münasibətlərin tənzimlənməsi mexanizmini İranın qeyri-fars etnoslarının  xeyrinə  yenilənməsi proqramı etnik birliklərin diqqətini qətiyyən  cəlb etməmişdir. Belə ki, M.Kərrubi, rəsmi məlumatlara görə, seçicilərin 1%-dən azının səsini qazana  bilmişdir.

Bu hadsisəni izah etmək üçün müxtəlif mülahizələr irəli sürmək olar: M.Kərrubinin prezident seçilmək şansının son dərəcə aşağı qiymətləndirilməsi, M.Kərrubinin islahatçı olmasına inamsızlıq, prezidentin milli münasibətlər sistemini  tənzimləmək mexanizmini dəyişmək imkanının məhdud olmasına inam, sosial-iqtisadi problemlərin prioritet təşkil etməsi və s. Həmin mülahizələrin hər hansı birinin və ya hamısının birlikdə həqiqətə uyğun ola bilməsi imkanı etnik birliklərin nümayəndələrinin milli məsələnin bu və ya digər şəkildə həlli proqramı ilə çıxış edən prezidentliyə namizədə səs verməməsi, heç bir məntiqə sığmasa da, etnik birliklər üçün  milli məsələnin ictimai-siyasi həyatın aktual problemi olmadığını göstərirdi (?).

İranın 2006-cı ildən başlanan və mühafizəkarların nümayəndəsi olan prezident M.Əhmədinejadın hakimiyyəti dövrünə (2005-2013) təsadüf edən İranın nüvə problemi və həmin problemin həllinə yönəlmiş  beynəlxalq və milli sanksiyalar   ölkənin demək olar ki,  mədəni dünyadan təcrid olunması və onun nəticəsi kimi əhalinin son dərəcə ağır sosial-iqtisadi vəziyyətə düşməsinə səbəb olmuşdu. Bunu sistemin varlığı üçün təhlükə olduğunu yaxşı dərk edən  Ali hakimiyyət 11-ci prezident seçkilərində islahatçı və ya ona yaxın hesab edilən, sistemin ikinci dərəcəli şəxslərindən birinin prezident seçilməsinə razılıq verməli oldu.

11-ci prezident seçkilərində (2013) əsas namizədlərdən biri olan H.Ruhani M.Kərrubinin milli proqramını təkmilləşdirərək seçki platformasının əsas  komponentlərindən birinə çevirdi. Məlum olduğu kimi, seçkilərdə H.Ruhani qalib gəldi. Onun qələbəsində milli proqramın hansısa rol oynadığını demək çox çətindir. Çünki   sözügedən milli proqram bir tərəfdən cəmiyyət və ölkə qarşısında duran aktual məsələ deyildi, digər tərəfdən İranın qeyri-fars etnik birlikləri prezidentliyə namizədin – M.Kərrubinin milli proqramına artıq 2009-cu ildə laqeyd  münasibət sərgiləmişdilər.

Əhalinin mütləq əksəriyyətini sosial-iqtisadi, ən elementar məişət məsələləri narahat etdiyi bir zaman prezidentliyə namizədin  yenidən  milli münasibətlərin daha ədalətli şəkildə tənzimlənməsi  proqramı ilə çıxış etməsi məntiqi görünmürdü.

Qeyd edilən vacib  məsələyə düzgün yanaşmaq üçün həmin günlərdə  İranın gələcək siyasi, iqtisadi və sosial vəziyyətinin nüvə probleminin həllindən asılı olduğunu nəzərə almaq lazımdır. Nüvə probleminin həllinə yönəlmiş seçki proqramına milli münasibətlərin tənzimlənməsinin təkmiləşdirilmiş yeni mexanizmi haqqında bəyanatın əlavə edilməsi nə ilə izah edilməli idi.

Beynəlxalq birlik İranı nüvə  silahı istehsal etməyə çalışmaqda, beynəlxalq terrorizmi  dəstəkləməkdə, ölkədə insan haqları və kollektiv (etnik və konfessional) hüquqları pozmaqda ittiham edirdi.

Hər il BMT İnsan haqları Şurasının İran üzrə xüsusi nümayəndəsi İrana  buraxılmasa da,  insan haqlarının, o cümlədən  etnik və dini azlıqların kollektiv hüquqlarının kobud şəkildə pozulması haqqında hesabatlar hazırlayıb Şuranın müzakirəsinə təqdim edirdi.

İran da hər il həmin hesabata ölkədə insan haqları sahəsində görülmüş işlər haqqında hesabatla cabab versə də, Şuraya təqdim olunan hesabatda hər il təkrarlanan pozuntuların (məsələn ana dilində tədris hüququnun təmin edilməməsi) aradan qaldırılması haqqında heç bir məlumat verə bilmirdi. Ona görə İranda insan haqlarının vəziyyəti onun nüvə problemi kimi dünya üçün ciddi narahatlıq mənbəyi hesab edilirdi.

İran atom silahı istehsal etmək məqsədi olmadığını, terrorist təşkilatları dəstəkləmədiyi ilə bağlı müəyyən bəyanatlar yayır və addımlar atmağa hazır olduğunu nümayyiş etdirirdi. İnsan və kollektiv hüquqları təmin edəciyini nümayiş etdirmək üçün isə adı çəkilən milli məsələnin həlli proqramını yenidən irəli sürmüşdür. Ona görə həmin proqramın daxili etno-milli münasibətlərin gərginliyi  və onun həllinin aktuallığı səbəbindən irəli gəldiyini demək doğru olmazdı.

  1. c) MİLLİ HÜQUQLAR VƏ İSLAHAT UĞRUNDA MÜBARİZƏNİN SÖNDÜRÜLMƏSİ

Prezidentliyinin birinci mərhələsinin sonuna doğru Həsən Ruhani özünün milli proqramında nəzərdə tutulmayan, lakin seçki kampaniyası zamanı verdiyi vədi – Cənubi Azərbaycanda TÜRK DİLİ VƏ ƏDƏBİYYATI  AKADEMİYASI təsis etmək vədini tamamilə dəyişmiş, məzmun və mahiyyətini itirmiş formada, türk-Azərbaycan, hətta “azəri” adı ilə belə dil məsələsinin üstündən keçərək “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət  fondu” adı ilə   olsa da,   hər halda yerinə yetirdi. Fondun neçə illik fəaliyyəti göstərir ki, onun əsas məqsədi türk-Azərbaycan dilini  mədəni həyatdan daha da  sıxışdırmaqdır. Deyilənin doğruluğunu göstərən ən bəsit nümunə Fondun saytının xəritəsində onun türk dili versiyası olduğu göstərilsə də, indiyə kimi həmin versiya fəaliyyətə başlamayıb. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətindən izləyici ilə həmin dildə  danışmadan onun inkişafına necə yardım göstərmək olar, məlum deyil. Bundan əlavə, milli  məsələnin  həlli  proqramında nəzərdə tutulan tədbirlərin (məsələn, orta və ali məktəblərdə ana dilinin və ana dilində tədrisin), demək olar ki, heç biri reallaşdırılmadı.

Burada onu da qeyd etmək lazımdır ki, 2015-ci ildə tərəflər arasında İranın nüvə problemi ilə bağlı “Hərtərəfli Fəaliyyət Planı” adlı sənədin imzalanması ilə həmin problemi  həll etmiş və  sənədin  qüvvəyə minməsi üçün son tələbləri yerinə yetirməklə məşğul olah mötədil hökumət daxili gərginlikdə maraqlı olmadığından RTV  və onun aidiyyati orqanları və şəxslərənə qarşı müəyyən müvəqqəti və qarşı tərəfin sakitləşməsinə hesablanan tədbirlər görmüşdü.

Hökumət azərbaycanlı elitanın təzyiqi altında deyil, yuxarıda qeyd edilən səbəbdən müəyyən tədbir görmüşdü. Bu da  Azərbaycan rəsmilərinin əksəriyyətinin  azərbaycanlıların milli kimliyinin müdafiəsinə laqeyid münasibət göstərdiklərini nümayiş etdirirdi.

İran, qeyd edildiyi kimi, 2013-2015-ci illərdə nüvə problemini diplomatik yolla  həll etməyə nail olmuş və 2016-cı ildən, demək olar ki, həm beynəlxalq, həm də daxili müstəvidə normal həyata qayıtmağa başlamışdır.

  1. d) MİLLİ MƏSƏLƏYƏ YUXARIDAN VƏ AŞAĞIDAN APATİK MÜNASİBƏT

İran nüvə probleminin həllindən sonra yeni iqtisadi-sosial inkişaf mərhələsinə qədəm qoyduğu və ictimai həyatın bütün sahələrində bir canlanma baş verdiyi  zaman azərbaycanlılara qarşı yeni milli-mədəni təxribat törədildi.

Belə ki, Təbrizdə nəşr olunan “Tərhe nou” (Yeni proqram) qəzetinin 21 iyul 2016-cı il tarixli (30 tir 1395) sayında  Süleyman ƏFŞAR Tokabi adlı gənc yazarın “Həft xan-e Rüstəm” (Rüstəmin yeddi döyüşü) adlı yazısı dərc edildi. Yazıda Ə.Firdövsinin “Şahnamə” əsərinə  həsr olunmuş hansısa kitabdan götürülmüş  iqtibaslara dəyişiklik edilərək türklər yenidən təhqirə məruz qalmışdır.

Həmin ayın 26-da (26 iyul 2016/5 mordad 1395) Təbriz, Ərdəbil və başqa yerlərdə yazıya qarşı etirazlar edilmiş və qəzetin rəhbərliyi (azərbaycanlı baş redaktor) xalqdan üzr istəmiş və müəllifə qarşı tədbir görüldüyünü bəyan etmişdir.

Həmin hadisə yerli xarakter daşıdığından, zahirən zəif inikas və müqavimətlə qarşılanmışdır. Halbu ki, yazıda  türklərə heç vaxt xas olmayan  xarekterlər  aid edilirdi və bununla azərbaycanlıların tarixi və milli kimliyi təhqir edilirdi. Təəssüf ki, strateji hədəflərə hesablanmış yazı nəinki lazımi qiymətini almadı, əksinə İranın və Azərbaycanın panfarsist qüvvələri həmin yazıdan azərbaycanlıların türk kimliyinə.

İranda və Cənubi Azərbaycanda azərbaycanlıların və ya onların adından fəaliyyət göstərən və idarə edilən çoxsaylı mərkəzlər, saytlar mövcuddur. Onların bir çoxunda həqiqətən azərbaycanlılar son dərəcə fəal iştirak edirlər. Dövlət tərəfindən dəstəklənən və azərbaycanlıların əli ilə onların öz  milli kimiliyi və etnik-milli maraqlarına qarşı yönəlmiş “elmi”, mədəni və ideoloji fəaliyyətə Cənubi Azərbaycanda hər hansı şəkildə mütəşşəkil formada  müqavimət göstərmək, demək olar ki, qeyri mümkündür.

Yuxarıda deyilənlər hakimiyyətin və ya hakimyyətdə təmsil olunmuş panfarsist qüvvələrin  anti türk təbliğatı və mənfur əməllərinin daha hiyləgər xarakter aldığını göstərir. Belə ki, mərkəzi orqanların antitürk əməlləri İran türkləri arasında geniş və kütləvi etirazlara  səbəb olduğundan, onlar eyni məqsədə hesablanmış həmin əməlləri Cənubi Azərbaycan ərazisinə  keçirərək, müqavimət və əksül-əməl (müqavimət) imkanını son dərəcə məhdudlaşdırmış olurlar. Yuxarıda qeyd edilən fakt deyilənləri əyani şəkildə sübut edir. Çünki təhqirin miqyası  ərazi və tarix  baxımından daha geniş, həmçinin  daha uzaq strateji  hədəfə  hesablansa da, daha məhdud inikas və müqavimətlə üzləşmişdir.

Onu da nəzərə almaq lazımdır ki, milli məsələnin bu və ya digər aspektlərinin həlli və yumşaldılması   çağırışları  formal, zahiri, hətta zorən də olsa,  islahat hərəkatının tərkib hissəsidir. İslahat ideyası və islahatçı qüvvələr zəiflədikcə, milli münasibətlər məsələsinə  diqqət  də zəifləyir.

Bunu mühafizəkarlarla islahatçılar arasında,  xüsusən mühafizəkar qüvvələrin özünü mötədil adlandıran və mühafizəkarlar tərəfindən islahatçı kimi qələmə verilən prezident H.Ruhaninin ikinci dövrə (2017-2021) hakimiyyətinə qarşı mübarizəsində azərbaycanlıların iştirakından aydın şəkildə görmək olar.

Sonuncu etirazlar 24 aban 1398/15 noyabr 2019-cu il tarixində  benzinin qiymətinin  “qəflətən” 2 dəfə qaldırılması xəbərinin yayılması ilə başlanmışdı. Etirazlar əvvəlcə dinc  və sosial-iqtisadi xarakter daşıyırdı, az sonra etirazçılara qarşı repressiyaların başlanması səbəbindən siyasi, antirejim  xarakteri  kəsb etməyə, coğrafiyası genişlənməyə və repressiyalara müqavimətlə müşaiyət olunmağa başladı.

25 aban 1398/16 noyabr 2019-cu il tarixində  Təbriz, Urmiya, Əhərdə, 26 aban 1398/17 noyabr 2019-cu il tarixində isə Təbriz şəhərində etiraz aksiyası keçirildi, Təbrizdə  gənclər repressiya qüvvələrinə ciddi müqavimət göstərdilər. Həmin gün Rəhbər məclisin həmin məsələni müzakirə etməsini əngəllədi və çıxış edərək qiymət artımı qərarını dəstəklədi. 27 aban 1398/18 noyabr 2019-cu il tarixində iğtişaşların yatırıldığı bəyan edildi.

28 aban 1398/19 noyabr 2019-cu il tarixində Təbrizdə   hakimiyyətə geniş  dəstək nümayişi təşkil etdirildi.

30 aban 1398/21 noyabr 2019-cu il tarixində  hakim dairələr artıq hakimiyyəti müdafiə  nümayişləri təşkil etməyə başladılar.

4 azər 1398/25 noyabr 2019-cu il tarixində   hakimiyyətə dəstək məqsədi ilə daha geniş   aksiyası keçirildi.

İğtişaşların yatırılması zamanı hakimiyyət gücdən geniş şəkildə istifadə etdiyinə görə  etirazçılar arasında yüzlərlə ölən (rəsmi məlumata görə  hər iki tərəfdən cəmi 230-dan çox, qeyri rəsmi məlumatlara görə mindən çox) və yaralanan (rəsmi 2000-dən çox) olmuş, kütləvi həbslər keçirilmişdir. Həmin hadisələr zamanı Cənubi Azərbaycanda ölən, xəsarət alan və həbs olunanlar barədə məlumat yoxdur. Hadisələrin 5-ci günündə (29 aban 1398/20 noyabr 2019) Təbrizdən verilən rəsmi məlumata görə  şəhərdə iştişaşlarda fəal iştirak edənlərdən cəmi 30 nəfər həbs edilmişdi.

Qeyd edilən hadisələrdə Cənubi Azərbaycanın mərkəzi olan Təbriz şəhərinin iştirakına qısa nəzər göstərir ki, hakimiyyət Cənubi Azərbaycanda sistemə qarşı çıxışların qarşısının alınmasına maksimum diqqət göstərir və maksimum maddi, insani  və   ideoloji resurs  sərf edir. Eyni zamanda  yerli hakimyyəti sistemi müdafiə məqsədi ilə geniş tədbirlər keçirməyə məcbur və təşviq edərək Cənubi Azərbaycanın və onun mərkəzi olan Təbriz şəhərinin hakimiyyətin dayağı imicinin yaradılmasına çalışır və həmin istiqamətdə fəaliyyət cənubi azərbaycanlıların hakimiyyətdə təmsil olunan nümayəndələri və aşağı təbəqələrin ictimai, siyasi və etnik-milli şüuruna təsir edərək etnik-milli məsələnin ideoloji-mənəvi sferada arxa plana keçməsinə səbəb olur.

Bunu sonuncu, 13-cü prezident (2021) seçkilərində namizədlərin və azərbaycanlıların milli məsələyə münasibətində aydın şəkildə görmək olar.

  1. e) ON ÜÇÜNCÜ PREZİDENT SEÇKİLƏRİNDƏ MİLLİ MƏSƏLƏ HAQQINDA MƏHDUD VƏ LOKAL ŞİFAHİ BƏYANATLAR

Məlum olduğu kimi 11.05.2021/21.02.1400- ci il  tarixində prezidentliyə namizədlərin qeydə alınması ilə seçki kampaniyasına start verildi.

Konstitusiya məhkəməsi və Mərkəzi Seçki Komisssiyası funksiyasını yerinə yetirən  Nəzarət Şurası (Şuraye Negəhban) iddiaçıların sənədlərini yoxladıqdan sonra səlahiyyətləri təsdiq edilmiş iddiaçıların siyahısını 04.03.1400/25.06.2021-ci il tarixində elan edilməsi üçün Daxili İşlər Nazirliyinə göndərdi. Daxili İşlər Nazirliyi həmin gün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adlarını elan etdi.

Davamı növbəti sayda

Vidadi Mustafayev,
24 sentyabr 2021 

Şərhlər bağlıdır.