Məhəmməd Tağı Zehtabi 22 Azər 1325/1946-ci ildə Güney Azərbaycan cəmiyyətini silkələyən bir şeir yazdı: “Sən osan, mən də buyam”. Şeir dillər əzbəri oldu. Üstündən 75il keçsə də İranda həmvətənlərimizin böyük əksəriyyətinin dilinin əzbəridir. Dilimizin himni kimi səslənir. Hazırda fars şovinistlərinin bu dilə qarşı hər tərəfdən hücumlarının genişləndiyi bir vaxtda xalqımız onu sevə-sevə oxuyur, sözlərini əzbər bilir. Bu gün Güney Azərbaycana şovinist təxəyyüllü kürd millətindən olan şəxsin vali təyin olunması da rejimin dilimizə qarşı hücumlarının total xarakter aldığını göstərir.
Əvvəl şeiri özümüz oxuyaq, sonra isə xalq istedadından birinin ifasını dinləyək.
Azerbaycan-ruznamesi.org
Sən osan, mən də buyam
Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,
Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
İlk dəfə ki, o, çörək verdi mənə, nan demədi,
Əvvəlindən mənə duzdanə nəməkdan demədi.
Anam əхtər deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyib “yəхdi, bala”, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaхt biya söyləməyib, gəl deyib o.
Yaхşı хatırlayıram, yaz günü aхşamçağılar,
Bağçanın günçıхanından ki, ilıq gün yayılar.
Gəl – deyərdi – darayım başını, ey nazlı bala,
Gəlməsən gər, bacının astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to,
Gən nəayi be zənəm şane səri хahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məхsus olan başqa elim vardı mənim,
Elimə məхsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sora bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək aхmayasan,
Saniyən, varlığıma, хalqıma хor baхmayasan.
Yoхsa gər zor deyəsən, millətimi хar edəsən,
Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən.
Şərhlər bağlıdır.