ƏSƏD İRAN GENERALINI QOVDU

Suriya rejiminin başçısı Bəşər Əsəd İran İnqilab Keşikçiləri Korpusunun Suriyadakı generalı Cavad Qaffari ölkədən deportasiya edib.

Bu məlumatı Azerbaycan-ruznamesi.org Səudiyyə mərkəzli “Al Arabiya” və “Al Hadath” telekanalları, eləcədə İsrailin “Yerusəlim” qəzetinə istinadən yayıb.

İşin maraqlı tərəfi odur ki, Dəməşq bu məlumatı təkzib etməyib.

İddianın gündəmə gəlməsindən bir gün əvvəl Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Dəməşqdə Bəşər Əsədlə görüşüb. 10 il əvvəl Suriya rejimi ilə münasibətləri korlayan BƏƏ ən yüksək səviyyədə Dəməşqə səfər edib. Hər iki tərəfin xarici işlər nazirləri müzakirələr aparıblar. Bunun özü böyük hadisə sayıla bilər. BƏƏ xarici işlər nazirinin Əsədin qəbuluna getməsi həm də münasibətlərin normallaşma prosesinin başa çatdığına işarə kimi anlaşılır.

BƏƏ-nin Suriya rejimi ilə barışmasının bir çox səbəbi var: ABŞ-ın Yaxın Şərq siyasətində problem istəməməsi, BƏƏ-nin Suriyanın yenidən inşaasında rol almaq niyyəti və İsrailin təhlükəsizliyinə sərmayə yatırmağa, bəlkə də İsrailin təhlükəsizliyinə və üstəlik Suriyada İranı balanslaşdırmaq istəkləri ola bilər.

Artıq BƏƏ-dən savayı Misir, İordaniya, Livan və İraq kimi ərəb ölkələri də Əsədlə əlaqələr qurur. Bu prosesin sonunda Əsədin Ərəb Liqasına qayıtması mümkündür.

BƏƏ rəsmisinin Dəməşqə səfərindən 24 saat sonra Əsədin İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı komandanı, general Cavad Qaffarini ölkədən çıxarmasına səbəb kimi bəzi iddialar səsləndirilir. Bildirilir ki, iranlı komandir Suriyanın mənafeyinə zidd hərəkət edir və bu vəziyyət Suriyanın süveren hüquqlarına zərər verir. Bundan əlavə, İran komandiri Qaffarinin Suriya vasitəsilə İsraili təhdid etməsi və buna cavab olaraq İsrailin İran hədəflərini vurmaq üçün Suriya sahəsinə daxil olması Əsədi narahat edib. Əsəd Suriya torpaqlarının İsrail və İran arasında döyüş meydanına çevrilməsini arzu etmir. Bu amillər səbəbindən B. Əsəd iranlı generalı ölkəsindən qovub.

BƏƏ-nin Əsədlə sülh bağlamasının səbəblərindən birinin Suriyada İranı balanslaşdırmaq olduğunu qeyd etmişdik. İran son 10 ildə Suriyada inanılmaz dərəcədə aktivlik nümayiş etdirib. Ərəb ölkələri İranın Suriyadakı fəaliyyətindən narazıdır. Eləcədə ABŞ və İsrail. B. Əsəd İranla münasibətləri tam poza bilməz, amma müəyyən məsafə saxlaya bilər. İranlı generalın Suriyadan çıxarılması da buna işarədir.

Başqa məqam odur ki, BƏƏ rəsmisi Dəməşqə səfər edir, ertəsi gün Əsəd İran komandirini işdən çıxarır və bir gün sonra ABŞ, BƏƏ və Bəhreyn Qırmızı dənizdə birgə təlimə başlayır. Üstəlik, bu təlimlərin hədəfi İrandır.

Şərhlər bağlıdır.