Dəyərli həmvətənlərim, soydaşlarım, dostlarım və əzizlərim!
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2022-ci təqvim ili – dövlət səviyyəsində təntənəli surətdə qeyd edəcəyimiz Qələbə, bütövlük, birlik, vəhdət və arzular bayramları gəlir. Canımız sağ, Vətənimiz həmişə azad, arzularımız çin olsun!
Bu münasibətlə də Azərbaycan xalqının 1945-1946-cı illərdə İran çərçivəsində apardıqları milli-demokratik hərəkat zamanı öz milli dövlətlərini yaratmaq uğrunda göstərdikləri həmrəyliyi, birliyi və vəhdəti əks etdirən bir yazını səmimiyyətlə diqqətinizə təqdim edir və xoş ovqat arzulayıram.
“Düşmənlərin gözü kor olsun, Azərbaycan var olsun”
Azərbaycan xalqının bir necə gün bundan əvvəlki seçkilərə göstərdiyi rəğbət, hissiyyat və səmimiyyətin tarixdə tayı-bərabəri olmamışdı. İndiyə qədər heç kəs – istər cavan, istər qoca Məşrutənin (Konstitusiyanın – red.) elan edilməsindən bu tərəfə bunun kimisini görməmişdi. Dünən Mərkəzi Müşahidə Şurasında o qədər adam var idi ki, tərpənməyə imkan yox idi. Bununla belə insanlar dəstə-dəstə, qrup-qrup seçki qutularına üz tutub təqdirəlayiq bir səmimiyyətlə rəy verirdilər.
Əgər seçki müddəti bir ay belə uzansaydı, yəqin ki, qanuni şəkildə rəy verməkdən məhrum olmayan hər bir kəs – istər şil, çolaq, kor qadın və kişi olsun, seçkilərdə rəy vermək üçün iştirak edərdilər və Azərbaycanın taleyinin təyin edilməsində payları olardı. Keçmiş seçkiləri görən insanlar bu axırıncı seçkiləri müşahidə edib heyran qaldılar.
Azərbaycanın bütün təbəqələrdən olan insanları seçkilərdə iştirak etdilər. Dünən tacirlərdən, iş adamlarından və sair təbəqələrdən ibarət böyük bir dəstə nəzarət şuralarında saatlarla gözlədikdən sonra səmimiyyət və hissiyyatla səs verirdilər.
Mən arzu edirdim ki, kaş Azərbaycanın son hərəkatını dövlət əleyhinə qiyam adlandıran bir neçə nəfər avantürist Təbrizə gəlib və öz gözləri ilə görəydilər ki, Azərbaycanın bütün təbəqələri, bütün fərdləri ölkənin taleyini həll etmək üçün, azadlığı, milli muxtariyyatı əldə etmək üçün nə qədər maraqlıdırlar. Onlar özlərini bu demokratik hərəkatda şərik hesab edirdilər.
Təbrizdə verilmiş səslərin sayı Azərbaycanda keçirilən seçkilər tarixində misli-bərabəri olmamışdır. Beş gün ərzində təxminən 24 min nəfər seçkilərdə iştirak edib səs vermişdir. Bu say iti bir şiş kimi Azərbaycanın azadlığının düşmənlərinin gözünə girərək onları kor edir. Ötən illərdə zərbələrlə, sitəm və işgəncələrlə, şallaq vurmaqla, polisin gücü ilə seçiciləri hədələyib və ya şirnikləndirməklə Təbrizdə və onun ətrafında seçicilərin sayını 10 min nəfərdən bir az çox edirdilər. Lakin bu dəfə hədə-qorxu və şirnikləndirmə olmadan, aralıqda pul olmadan insanlar azad şəkildə əqidə və iman ilə Azərbaycanın muxtariyyatına böyük bir inamla, görünməmiş bir izdihamla seçkilərdə iştirak etdilər. Onlar tanıdıqları insanlara, vətənpərvər, pak insanlara, inandıqları insanlara azad şəkildəə rəy verdilər ki, öz talelərini həll edib yazıqlıqdan, avaralıqdan xilas olsunlar. Biz söz verdik ki, azərbaycanlıların öz talelərinin həll edilməsində son 2-3 gündə göstərdikləri birlik, səmimiyyət və sədaqət müvəffəqiyyətlə nəticələnəcəkdir və indiyə qədər kağız üzərində yazdıqlarımızı bu səmimiyyət və vəhdət nəticəsində sabah həyata keçirəcəyik.
“Azərbaycan” qəzeti (ADF-nin orqanı), Təbriz, No 68, 2 dekabr 1945
Təqdim etdi: Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.