XUDAFƏRİN KÖRPÜLƏRİ

Xudafərin körpüləri çox qədim körpülərdir. Bu körpülər Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpüdür. Xudafərin şəhristanı deyilən ərazi əslində mərkəzi Xumarlı şəhəri olan tarixi Azərbaycan bölgəsidir, amma hal-hazırda adı İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri kimi gedir. Xudafərin körpüləri iki dənədir. Birinci körpü təbii qayalar üzərində inşa edilmişdir, 11 aşırımlı olmuşdur. Bu körpü “baş Xudafərin körpüsü” adlanır və onun uzunluğu 130 metr, eni 6 metr, hündürlüyü isə 12 metrdir. Bu körpüyə Sınıq körpü də deyirlər. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX yüzilin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci – Sınıq körpü adını da vermişdir. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. İkinci körpü isə bişmiş kərpic və çaydaşından tikilmişdir və 15 gözdən ibarət olmuşdur və onun uzunluğu 200 metr, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Körpülərin arasında 750 m məsafə vardır.
Hər iki körpü tarixi İpək yolunun üzərində yerləşir.

Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. Birinci Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Şəddadi dövləti paytaxtı Gəncədə olan əsası 971-ci ildə qoyulmuş müstəqil əmirlik idi. Rəvvadilər dövləti isə 981-1065 ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil, sonra isə Təbriz olmuş tarixi Ərəb dövləti idi.

Unikal memarlıq abidəsi olan Xudafərin körpüsü Azərbaycan memarlıq məktəbinin üslubundadır. Türk Qacarlar sülaləsinə mənsub olmuş, Qacarlar dövlətinin qurucusu və birinci şahı Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulmuşdur, amma sonradan bərpa edilmişdir. Körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Xatırladaq ki, Ağa Məhəmməd şah Qacar 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb.

İkinci körpü XIII əsrdə, 1258-ci ildə Çingiz xanın nəvəsinin yaratdığı (1258-1265) Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Körpü mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Körpünü inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Xüdafərin körpüsünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558–529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Lakin bütün bu fərziyələrin arasında qəbul ediləni Xudafərin körpüsünün Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa olunmasıdır.

Səadət Kərimi,
professor

Şərhlər bağlıdır.