20 YANVAR XALQIMIZIN QƏHRƏMANLIQ TARIXIDIR

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Bu, xalqımızın yaddaşına təkcə faciə kimi deyil, milli azadlıq istəyinin oyanış günü, xalqın azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarix kimi əbədi həkk olunub.

20 Yanvar faciəsi öz başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Sovet rəhbərliyi tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin milli mənafeyə zidd mövqeyi xalqın etirazına səbəb olmuşdu. Əldən gedən torpaq uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilmişdi.

Bakı küçələrində fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilmişdi. Həmin gecə Azərbaycanda  günahsız in­san­ların gülləbaran edilməsi əməliy­yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx­ribat qrupları tərəfindən təşkil olun­muş­du. 19-dan 20-nə keçən gecə mərkəzi hakimiyyət heç bir xəbərdarlıq etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi. Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı, əksinə, onun sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı.

Şəhidlər müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi milyonlarla insanın çiynində Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Artiq Şəhidlər Xiyabanı Azərbaycan xalqının illər əvvəl məruz qaldığı böyük faciə ilə yanaşı, yenilməz iradəsinin rəmzi, mübarizlik məktəbi, müqəddəs ziyarətgahıdır.

Ötən 32 il ərzində Azərbaycanın siması çox dəyişdi. İndi iqtisadi gücü, güclü ordusu, beynəlxalq səviyyədə qazanılan uğurları var ölkəmizin. Ötüb keçən illərin axarında dəyişməz qalan yalnız xalqın milli həmrəyliyi, birliyi oldu. Bu həmrəyliyi xalqımız Vətən müharibəsi zamanı bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində işğalçı Ermənistanın illər ərzində qurduğu silahlı qüvvələr darmadağın edildi, dövlətimiz böyük zəfərə imza atdı. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində əzəli torpaqlarımız düşməndən azad olundu.

İllər keçdikcə Qanlı Yanvar hadisəsinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə matəm tutur, yas saxlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi həm də sonsuz qürur hissi ilə anırıq. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, ordusuna, onun gücünə etibarını daha da möhkəmləndirdi. Torpaqlarımızın azadlığı uğrunda ölümə gedənlər ölməzliyə – əbədiyyətə, xalqımız isə azadlığa qovuşdu. Bu, bir tarixdir. Qanlı, amma şərəfli bir tarix!

Məhsəti QURBANOVA

Şərhlər bağlıdır.