AMERİKA DÖVLƏTİNİN KONSULU CƏNAB ROBERT ROSO BAŞ NAZİRİMİZİN HÜZURUNDA

Şənbə günü, 28 dekabr 1945-ci il tarixində Amerika dövlətinin Təbriz konsulu cənab Robert Roso öncədən təyin olunmuş bir saatda, birinci dəfə olaraq öz tərcüməçisinin müşaiyəti ilə milli Baş nazirimiz cənab Pişəvərinin hüzuruna yetişmişlər.

Bu birinci dəfədir ki, bir xarici və böyük dövlətin nümayəndəsi rəsmi surətdə Milli Hökumətimizin sədrinin hüzuruna yetişir…

Bunun böyük və mühüm siyasi əhəmiyyəti vardır.

Cənab Robert Roso ilə Baş nazirimizin birinci müsahibəsi çox isti və səmimi şəraitdə olmuşdur.

Görüşdə Amerika Birləşmiş Ştatları nümayəndəsi hökumətimizin məqsədləri və  prinsipləri barəsində suallar vermiş və Baş nazirimiz dövlətin prinsipləri, Azərbaycan xalqının ehtiyacları və istəkləri barəsində ətraflı surətdə izahat vermişlər.

Bu görüş Milli Hökumətimizin möhkəmlənməsi və xarici ölkələr tərəfindən tanınması yolunda ciddi və böyük bir addım sayıla bilər.

Müsahibədə cənab Robert Roso Baş nazirimizə Azərbaycan xalqının istəklərinin sülh və saziş yolu ilə, silaha əl atmadan təmin edilməsinin baş verməyinin yaxşı olacağını söyləmişlər.

Sevimli rəhbərimiz cənab Pişəvəri Milli Hökumətimizin də hədəf və məqsədinin sülh və dinc yolla öz arzularını yerinə yetirmək olduğunu anlatmışlar. Yalnız Tehranın xain və mürtəce Məclisi (Parlamenti – red.) və dövlətinin heç vəch ilə bu istəklərə münasib üz göstərməməsi və Azərbaycan dövlətinin qanuni istəklərinə Məclisdə və qəzetlərdə söyüş, küfr və iftira yolu ilə cavab verməsini söyləmişlər və demişlər ki, belə bir surətdə Azərbaycan xalqının öz milli və zəruri arzularının təmini yolunda silaha sarılmaqdan və milli qoşun təşkil etməkdən başqa çarəsi qalmamışdır.

Baş nazirmiz bu görüşdə Azərbaycan xalqının qəhrəman və mübariz bir millət olmasını və hələ bu nəslin tiryək, alkol və başqa zəhərləndirici maddələrdən istifadə etmədiyini, oğru, quldur və satqın olmadığını və öz milli haqlarını təmin etmək yolunda qəhrəmancasına bir savaşa hazır olduğunu konsula izah etmişlər.

Görüş tam iki saat sürmüşdür. Bu görüş hökumətimizin və millətimizin gələcəyi üçün çox ümidvericidir və beləliklə, atılmış olan ciddi addım Azərbaycan xalqına böyük bir müjdə sayıla bilər.

Əhməd Əhməd

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, No 89, 30 dekabr 1945-ci il

 

Təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.