Kiyevdə işləyən Türkiyə televiziyalarının reportyorları bir neçə saat öncə şəhəri tərk ediblər.
Bu barədə CNN TÜRK televiziyasının Kiyevdəki müxbiri Mücahid Topçu açıqlama verib. Topçu bildirib ki, 5 mart tarixindən etibarən xarici jurnalistlər Kiyevi tərk etməyə başlamışdılar: “Şəhər mərkəzindəki hoteldə qalan jurnalistlər əsasən türk jurnalistlər idi. Biz də 5 maşın olaraq, karvan halında Kiyevi tərk etdik və hazırda Lvov istiqamətində ara yollarla irəliləyirik. Heç bir müşayiətçimiz, qoruyucumuz yoxdur. Türkiyə qəzetçiləri olaraq, özümüz özümüzü himayə edərək, Lvova gedirik”.
Mücahid Topçu bildirib ki, onların Kiyevi tərk etməsini Türkiyənin Ukraynadakı səfirliyi və Ukraynanın xüsusi xidmət orqanları məsləhət görüblər. Jurnalistin fikrincə, Rusiyanın Kiyevə girməsi üçün cəhdlər yaxın zamanlarda başlaya bilər.
Musavat.com xəbər verir ki, artıq İngiltərə də öz səfirliyini Kiyevdən çıxardıb. Bu da Kiyev uğrunda döyüşlərin başlaya biləcəyi ehtimalına bağlıdır.
Arayış üçün deyək ki, Lvov şəhəri Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Polşa ilə sərhədə yaxındır.
Şərhlər bağlıdır.