2022-Cİ İL 8 MART BAYRAMI VƏ GÜNEY ƏDƏBİYYATINDA QADIN PROBLEMİ

Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə 8 mart 2022-ci ildə Clubhouse vasitəsilə “8 Mart bayramı və Güney Azərbaycan ədəbiyyatında qadın problem” adlı konfrans baş tutdu. Tədbir Təbriz vaxtı ilə saat 19:30-da başlayaraq 3 saat davam etdi. Konfrans Azərbaycan Demokrat Firqəsinin adminləri Rəhim Şahbazi, Aidə Əmir Haşımi, Səriyə Ərdəbilli, İsmayıl  Xosrovşahlı, Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşirin başçılığı ilə işinə başladı.

Öncə Azərbaycan Milli Hökumətinin milli himni səsləndi. Sonra otağın məruzəçisi tanınmış tədqiqatçı-alim Pərvanə Məmmədli mikrofona dəvət edildi. Onun məruzəsindən öncə otağın aparıcısı Aida Əmir Haşıminin vasitəsilə Pərvanə xanımın biroqrafiyası iştirakçıların nəzərinə çatdırıldı. Eyni zamanda Pərvanə xanımın AMEA-nın dosenti vəzifəsində çox dəyərli elmi və tədqiqati işlərindən danışıldı. Onun Güney Azərbaycanın demokratik ədəbiyyatının dəyərli uzmanlarından biri kimi əsərlərinə işarə edildi. Həmçinin məruzəçinin bir sıra ölkələrdə Güney ədəbiyyatı və qadın hüquqları barədə dəyərli işləri iştirakçıların nəzərinə çatdırıldı.

Sonra Pərvanə xanım məruzəsində öz dəyərli, dolğun çıxışında qısaca olaraq 8 Mart bayramının tarixçəsinə işarə etdi. Əsas söhbətini Güney Azərbaycanda və umumiyyətlə bütöv Azərbaycan coğrafiyasında qadına verilən dəyər, hörmət, izzət və onların hüquqi bazasına toxunaraq, 115 il öncə Məşrutə Hərakatında qadınların mübarizə hüquqlarından müxtəlif ədəbiyyat mənbələrində dərc edilən qaynaqlarından sitat gətirdi. O, azərbaycanlıların qadınlara xüsusi diqqət yetirilməsindən söhbət açdı.

Doktor Pərvanə Məmmədli düzgün olaraq söhbətlərində ifratçı feminizmlə qadın hüquqları arasında fərq qoyaraq, qadın-kişi arasında ayrıseçkiliyi aradan qaldırmaq üçün hüquqi bərabərliyi təkid etdi.

Məruzəsinin ardında Güney Azərbaycan ədəbiyyatında bir neçə qadın fəalının, yazıçısının, şairinin öz ictimai, mədəni, məişəti həyatlarını əks edən yazılara işarə etdi. Cavablar konfrans iştirakçılarının xüsusi maraqları ilə qarşılandı. O, Pərvin Etisami, Zöhrə Vəfai və başqalarından statlar gətirərək, Güneydə qadın hüquqlarının kobudcasına pozulamasının nümunəvi xarakter daşımasını qeyd etdi. Misal çəkdi ki, Zöhrə Vəfainin yazısında bir ananın qız övladına yazdığı məktubda nisgilli taleyi yaşamağa məcbur olduğundan qızından üzr istədiyini dilə gətirir.

Doktor Pərvanənin dərindən Cənubda qadın hüquqlarının pozulduğu səbəblərlə tanış olduğu məruzədə xüsusi diqqəti çəkdi. Qadın kişinin yarımı və ya dörddən biri hesab edilməsi, doğduğu övladlarına sahib ola bilməməsi, yüksək ictimai vəzifələrdən məhrum olunması, bunun daim aşılanması və sairə təhqiredici məqamlar, Cənubi Azərbaycanda yaşayan qadınların gündəlik taleyinə çevrilməsi və eyni zamanda qara taleyə qarşı aparılan mübarizənin onların gündən-günə sıx birləşmələrinin güclənməsi barədə faktları tədbir iştirakçılarının düşüncələrinə cavab verirdi.

Bir saatlıq məruzənin mətnini Azərbaycan Demokrat Firqəsinin saytından dinləyə bilərsiz.

Konfransın gedişatında Səriyə Ərdəbilli bir neçə dəfə, Güney Azərbaycan qadının taleyi və tarixi barədə söhbət etdi. O, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü kimi müasir dünyada qadın hərəkatının müxtəlif ölkələrdə cərəyanından nümunələr gətirərək, Beynəlxalq Qadınlar Günü, 8 Mart barədə dolğun faktlar ortaya qoydu. Eyni zamanda Səriyə xanım çıxışlarında Məşrutə Hərəkatında, Şeyx Məhəmməd Xiyabani dövründə fəaliyyət göstərən qəhrəman qadınlardan və onlara dəstək verən maarifpərvər kişilərdən ad çəkdi. Eyni zamanda o, Rza şah dövründə qadınlara eybəcər modernləşdirmədən, onları köləliyə tərəf sürükləməsindən və öz asmiliasiya siyasətində vasitə kimi istifadə etməsindən danışdı. Həmçinin Səriyə xanım, Milli Hökumət dövründə qadınlara aid böyük inkişaf şəraiti yaradılmasından, qadınların səsvermə hüquqlarından, müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə çalışmasından, Güney Azərbaycan sərasərində milli eitim almaqla milli şüurun genişlənməsindən, uşaqları sağlam, bilikli, cəmiyyət üçün dəyərli şəxsiyyətlər kimi böyütmələrindən və digər cəhətlər barədə söz açdı.

Konfarnsın gedişatında Aida Əmir Haşimi ilə tədbir iştirakçıları arasında geniş sual-cavablara imkan yaratdı. O, bir xanım olaraq, öz mübarizə yolundan epizodlar danışdı.

Tədbirin gedişatında iştirakçılar xanımlara çıxışları zamanı 8 Mart Qadınlar Bayramı münasibətilə müxtəlif komentlərlə təbriklərini çatdırdılar.

3 saatdan artıq gedən konfrans Cavanşir Abdulla Əmir Haşiminin yekun sözü ilə başa çatdı. O, Milli Hökumət dövründə Baş Nazir Seyid Cəfər Pişəvərinin “Daneşsəra” salonunda çıxışının müxtəlif məqamlarını xatırlatdı. Milli Hökumətin qadın-kişi bərabərliyi və ortada olan ayrıseçkiliyi aradan qaldırmaq, qadın hüquqlarına işdə, evdə, təhsildə, həyatın bütün mədəni- siyasi, iqtisadi sahələrində riayət olunmasına, ölkənin milli azadlığının möhkəmlənməsinə yönələn səylərindən danışdı.

Milli Hökumətin himni ilə başlayan konfrans Azərbaycanın dövlət himni ilə başa çatdı.

Raportu hazırlayan: Beyrək.

Şərhlər bağlıdır.