VAHİD DƏSTİGİRDİ

NİZAMİNİN TƏDQİQATÇISI

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf

İran ədəbiyyatşünaslıq elminin böyük tarixi ənənələri və görkəmli yaradıcıları olub. Onlardan biri də Vahid Dəstigirdidir.

Vahid Dəstgirdi 1880-ci ildə Qacarlar dövlətinə bağlı İsfahan əyalətinin cənubundakı Dəstgird kəndində doğulmuşdu. Əsl adı Həsən, atasının adı Məhəmmədqasımdır. İbtidai təhsilə dogma kəndi Dəstgirddə başlayıb, on dörd yaşında İsfahana gedərək “Mədrəsə-ye Mirzə Hüseyn”də oxuyub. Sonra dövrünün tanınmış alimlərindən, Cahangir xan Qaşqaydan, Ağa Mirzə Yəhya Müdərrisdən dini elmləri, ərəb-fars dil və ədəbiyyatlarını öyrənib. Gənclik illərində yazdığı şeirlərində Ləma təxəllüsünü işlədib. Daha sonrakı illərdə isə Vahid təxəllüsünə üstünlük verib.

Vahid Dəstigirdi 1906-cı ildə Məşrutə hərəkatına qatılaraq hürriyyətçilərin sıralarında yer alıb.

Vahid Dəstigirdi I Dünya müharibəsi ərəfəsində İsfahanda çıxan “Pərvanə”, “Zayəndərud”, “Dərəfş-i Kavəyan” və “Müfəttiş-i İran” qəzetlərində almanları öyən şeir və məqalələrilə tanınıb. İngilisləri həcv edib, almanları öydüyü yazılarının dərc olunması və geniş əks-səda qazanmasına görə İngilis hökümətinin İsfahandaki təmsilçisi tərəfindən təqibə uğrayınca Bəxtiyari elinə sığınıb. Burada yaşadığı iki il ərzində “Mənẓumə-i sərgüzəşt-i Ərdəşir-i Papəkan” adlı uzun məsnəvisini qələmə alıb.

Vahid Dəstigirdi 1919-cu ildə Tehrana gəlib. Ertəsi il “Əncümən-i ədəbi-ye İran” adlı dərnək qurub və bir çox ünlü araşdırmaçının dərnəyə üzv olmasını təşviq edib. Bu dərnək zamanla məqsədindən uzaqlaşmağa başlayınca buradan ayrılaraq bir müddət sonra “Əncümən-i ədəbi-yi Həkim Nizami” adlı yeni dərnək yaradıb (1932). Bu arada 1919-cu ildə dərc etməyə başladığı və ölümünə qədər iyirmi iki il müddətlə məsul redaktor olduğu aylıq “Ərmağan” dərgisində ədəbi və tarixi məqalələr yazıb, qədim şairlərin tərcümeyi-hallarına geniş yer verib. “Ərmağan”ın nəşri onun vəfatından sonra oğlu Mahmud Vahidzadə tərəfindən sürdürülüb. Təhsil və Mədəniyyət nazirliyinə bağlı mətbuat, müəlliflik və tərcümə şöbələrində də çalışan Vahid Dəstigirdi bir müddət Tehran Universitetinin ədəbiyyat fakültəsində müəllim işləyib.

Vahid Dəstigirdi 19 dekabr 1942-ci ildə Tehran şəhərində vəfat edib.

Vahid Dəstigirdi Seyid Zəhra Mirzə Seyid Məhəmmədsadıq qızı ilə ailə olub. Mahmud, Bəhram, Huşəng adlı oğlanları vardı.

Qədim İran ədəbiyyatını gözəl bilən Vahid əski şairlərə və şeir janrlarına bağlı qalıb, Nizami Gəncəvinin izi ilə gedərək özəlliklə məsnəvi tərzində daha mükəmməl olub. XX əsrin ikinci rübündə İran ədəbiyyatında ortaya çıxan novatorluq cəryanına şiddətlə qarşı gələrək yenilik tərəfdarlarını zövqsüzlük, cahillik və sayğısızlıqla suçlayıb.

Qeyd edək ki, V. Dəstigirdinin klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami yaradıcılığının tədqiqi istiqamətində olub. Onun Nizamişünaslığından: “Leyli ü Məcnun” (Tehran, 1313 hş.); “Məxzənül-əsrar” (Tehran, 1313 hş.); “Xosrov ü Şirin” (Tehran, 1313 hş.); “Həftpeykər” (Tehran, 1316 hş.); “İskəndərnamə” (Tehran, 1316 hş.); “İqbalnamə” (Tehran, ts.); “Şərəfnamə” (Tehran, ts.); “Divan-ı Niẓami-i Gəncəvi” (Tehran, 1318 hş.); “Həzar əndərz-i Ḥəkim Niẓami” (Tehran, 1319 hş.).

Səid Nəfisi ilk olaraq 1918-ci ildən başlayaraq müxtəlif təzkirə və cünklərdən Nizami şeirlərini toplamağa başlayıb və onun topladığı şeirlərin ümumi həcmi 400 beytdən artıqdır. Bundan sonra S. Nəfisinin topladığı həmin şeirlər hissə-hissə V. Dəstigirdinin kiçik qeydləri ilə “Ərməğan”ın səhifələrində dərc olunmağa başlayır. V. Dəstigirdi özü də müxtəlif mənbələrdən topladığı şeirləri bunlara əlavə edirdi. Artıq 1926-cı ildə V. Dəstigirdi şairin min beytdən artıq şeirinin çap olunduğunu yazırdı, həm də göstərirdi ki, indiyə qədər nəşr olunan əsərlərin bəziləri heç şübhəsiz ki, Nizaminin deyildir.

Nizami lirikasının ilk naşiri V. Dəstigirdi müxtəlif mənbələrdən topladığı 46 rübaidən yalnız 9-nun Nizami Gəncəviyə aid olduğunu bildirib, qalanlarının müəllifini isə Səfəvilər dövrü nizamiləri olduğunu yazıb. Müəllif həmin doqquz rübaidən beşini Saib səfinəsindən, üçünü “Həft-iqlim”, birini isə “Məcməül-füsəha” təzkirəsində qeyd olunmuş rübailərin içərisindən seçib. [V. Dəstigirdi, 1318. səh. 225-226] Sonralar bir sıra İran və Sovet alimləri V. Dəstigirdinin bölgüsü ilə hesablaşmayaraq onun Nizamidən hesab etmədiyi rübailərdən də bəzilərini Nizami əsəri kimi çap etdirdilər. [X. Yusifli, 1968. səh. 179] Buna misal olaraq Nizami lirikasının 1947-ci il Moskva və Bakı nəşrlərini göstərmək olar. [Yusifli, 1968. səh. 179] Bakı nəşrində V. Dəstigirdinin bölgüsü təshih edilərək Nizami adına 12 rübai yazılıb. On iki rübainin içərisində İran aliminin Nizami adına yazdığı 9 rübaidən ancaq beşi vardır. Qalan 7 rübai isə “Həft iqlim” təzkirəsindən və V. Dəstigirdinin molla nizamilərin hesab etdiyi şeirlər içərisindən seçilib. [Nizami. Lirik şeirlər. Bakı. 1947. s. 75-76.]

1935-ci ildə “Ərməğan” jurnalının birinci nömrəsində Nizaminin 25 qəzəli dərc olunur. [Yusifli, 1968. s. 21] Həmin qəzəlləri jurnala geniş elmi müqəddimə ilə birlikdə məşhur Çexiya şərqşünası Yan Rıpka təqdim edib. [Yusifli, 1968. s. 21] Bu şeirlər 1330-cu ildə yazılmış və hazırda Aya Sofya kitabxanasında saxlanılan 2051 nömrəli cünkdən götürülüb. [Yusifli, 1968. s. 21] Bu mənbə o vaxta qədər Nizami lirikasından sayca çox nümunə verən, ehtimal ki, şairin divanından götürülmüş ən qədim və mötəbər mənbə idi və indi də ən mötəbər mənbələrdən biri sayılır. [Yusifli, 1968. s. 22] Yan Rıpka jurnala müəyyən dərəcədə elmi mətn təqdim edib. O, mətndəki bəzi səhvləri düzəldib, vaxtilə “Ərməğan”da çap olunmuş ayrı-ayrı əsərlərin nüsxə fərqlərini qeyd edib. Bu dövrlərdə V. Dəstigirdi Nizami əsərlərinin mükəmməl mətnini hazırlayıb nəşr etdirir. [Yusifli, 1968. s. 22] 1939-cu ilin axırında müəllif, Nizami lirikasını toplamaq sahəsindəki səylərinə yekun vuran “Gəncineyi-Gəncəvi” adlı əsəri nəşr etdirir. [Yusifli, 1968. s. 22] Bu nəşr üçün İran alimi bir çox mənbədən istifadə edir.

Uzun illər Nizami lirikasının toplanması ilə məşğul olmuş İran alimi V. Dəstigirdi 1939-cu ilin axırında bu sahədəki səylərinə yekun vuran “Gəncineyi-Gəncəvi” adlı əsəri nəşr etdirir. Bu nəşr üçün alim, bir çox mənbədən istifadə edir. V. Dəstigirdinin istifadə etdiyi əsas mənbələrdən biri “Nizami divanı” adı ilə tanınan məcmuədir ki, V. Dəstigirdi onun 8 nüsxəsini əldə edib. Buraya Berlin, Oksford, Rampur, Laknau, Kəlküttə, Təbriz nüsxələri və Xacə Əxtər Miyan tərəfindən hazırlanmış məcmuə daxil idi. [Yusifli, 1968. s. 22] Bundan əlavə V. Dəstigirdi Y. Rıpkanın “Ərməğan” jurnalına təqim etdiyi 25 qəzəldən, Saib, Xalxali bayazlarından və bir sıra başqa mənbələrdən istifadə edib. Mənbələrdə Nizami adına yazılan şeirlərin məzmun, forma cəhətdən bir-birindən çox fərqli olduğunu bir sıra şairlərin ayrı-ayrı müəlliflərə də aid edildiyini nəzərə alaraq, V. Dəstigirdi topladığı bütün şeirləri üç qrup altında cəmləşdirib:

1) şübhəsiz Nizamiyə məxsus əsərlər (buraya 5 qəsidə, 56 qəzəl, 2 qitə, 9 rübai daxil edilir);

2) şübhəli şeirlər (buraya daxil edilən 29 qəzəl də əsasən Nizaminin hesab edilir);

3) şübhəsiz, Səfəvilər dövründə İran və Hindistanda yaşamış molla nizamilər tərəfindən yazılmış şeirlər (buraya 7 qəsidə, 49 qəzəl, 6 qitə, 39 rübai daxil edilmişdir).

Bunlardan əlavə topluda bir neçə şeir də verilir ki, müəllif onların Nizamiyə məxsus olduğuna şübhə etmir. [Yusifli, 1968. s. 23]

V. Dəstigirdinin “Gəncineyi-Gəncəvi” toplusunu qiymətləndirən X. Yusifli qeyd edir ki, “Nizami şeirlərinin əsas mənbələri ilə V. Dəstigirdinin nəşrini müqayisə etdikdə aydın olur ki, müəllif bu bölgüdə müəyyən dərəcədə Y. Rıpka tərəfindən aşkar edilmiş qəzəllərə, Saib, Xalxali bayazlarına və bir sıra əsas təzkirələrə əsaslanıb. Lakin, müəllif bu mənbələrdəki şeirlərin də bəzilərini şübhəlilər sırasına daxil edib ki, bu da onun əsasən hər hansı elmi bir prinsipə deyil, şəxsi zövqünə və meyarına əsaslandığını göstərir. Nəticədə V. Dəstigirdi sol mövqe tutmuş və mənbələrdə Nizami adına yazılan əsərlərin yarısını üçüncü qrupa daxil edib. Son araşdırmalar göstərir ki, belə bir solçuluq doğru mövqe deyildir. [Yusifli, 1968. s. 23]

V. Dəstigirdinin nəşrini tənqid edən X. Yusifli yazır ki, Dəstigirdinin Səfəvilər dövrü Nizamilərinin adına yazdığı şeirlərin bəziləri, Səfəvilərdən iki yüz il əvvəl yazılmış və şübhəsiz ki, Nizami divanının əslindən köçürülmüş cünkdə Nizami Gəncəvinin adına yazılır. [S. Nəfisi, 1338. s. 308-345] X. Yusifli bildirir ki, Dəstigirdinin şübhəsiz Nizaminin əsəri hesab etdiyi qəzəllərdən bir neçəsi Sənainin divanında da mövcuddur və böyük ehtimalla ona məxsusdur. [Yusifli, 1968. s. 23] Həmin şeirlərdən birincisi Nizami divanında 6, ikincisi isə 4 beyt olduğu [S. Nəfisi, 1338. s. 308-345] halda, Sənai divanında birinci şeir 11, ikinci şeir isə 12 beytdir. [Sənai. Külliyyat. Bombey. 1328. S. 93]

Vahid Dəstigirdinin tərtib etdiyi “Xosrov və Şirin” nüsxəsi otuz qədim və mötəbər əlyazmasının müqayisəsi nəticəsində ortaya çıxıb. Bu nüsxələr 1300-1689-cu illər arasında yazılıb. Bu və digər cəhətlərinə görə Vahid Dəstigirdinin nəşr etdiyi nüsxə poemanın ən etibarlı nüsxələrindən biri hesab edilir. Dəstigirdinin tərtib etdiyi nüsxədə poemanın misralarının sayı 12508-dir. Digər mühüm mənbə olan L. A. Xetaqurovun tərtib etdiyi nüsxədə misraların sayı 12330-dur. Xetaqurovun tərtib etdiyi elmi-tənqidi mətn dünyanın məşhur kitabxanalarında saxlanılan on ən qədim, etibarlı nüsxə əsasında tərtib olunub, habelə Dəstigirdinin nəşrindən də istifadə edilərək dəqiqləşdirmələr aparılıb. Dəstigirdinin tərtib etdiyi nüsxə Xetaqurovun tərtib etdiyi nüsxədən 278 misra artıqdır.

“Xosrov və Şirin” poeması Nizami Gəncəvi Xəmsəsinin ən maraqlı əsərlərindən biri olsa da, sırf bu əsərin tədqiqinə həsr edilmiş tədqiqatlar olduqca azdır. Bu sahədə Q. Beqdeli və Q. Əliyevin əsərləri xüsusi əhəmiyyətə malikdir. Vahid Dəstigirdi ilk dəfə şairin əsərlərinin mükəmməl elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirib, həmçinin Nizami əsərlərində çətin anlaşılan sözlərin lüğətini tərtib edib. Lakin, əsərlərin elmi təhlili ilə məşğul olmayıb.

Vahid Dəstigirdinin elmi nəşrləri təkcə Nizami ilə bitmir. Mətnşünas alim müxtəlif illərdə Baba Tahir Üryani Həmədaninin “Divan-ı kamil-i Baba Ṭahir ʿUryan” (Tehran, 1306 hş.); Rüknəddin Əvhadi Marağayinin “Cam-i Cəm ya Cam-i Cahannüma” (Tehran, 1307 hş.); Mirzə Əbülqasim Marağayinin “Divan-ı Qaimməqam Fərahani” (Tehran, 1308-1309 hş.); Mirzə Sadıq xan Fərahaninin “Divan-ı Ədibülməmalik Fəraḫani” (Tehran, 1312 hş.); Məhəmməd Tahir Nəsrəbadinin “Təzkirə-i Nəsrabadi” (Tehran 1317 hş.); Divan-ı Cəmaləddin İṣfahani (Tehran 1320 hş.); Hatif İsfahaninin “Divan-i Hatif” (1312 hş.) əsərlərini çapa hazırlayıb.

Vahid Dəstigirdi öz əsərlərini də nəşr etdirib. Bunların arasında “Rəhavər-i Fərid” I Dünya müharibəsi illərində İsfahan və Cənubi İranda meydana gələn hadisələri anladan bir əsərdir, iki cild halında buraxılıb (Tehran, 1308-1311 hş.). Müəllifin “Mənẓumə-i sərgüzəşt-i Ərdəşir-i Papəkan” (Tehran, 1341 hş.) əsəri bildirdiyimiz kimi, almanları öyən və İsfahanda yaşanan olayları anladan bir məsnəvidir.

“İnqilab-i ədəbi” əsərin taleyi nakamdır. V. Dəstigirdinin müxtəlif dərgi və qəzetlərdə çıxan şeirləri bu günə qədər toplu halında nəşr olunmayıb.

İran ədəbiyyatşünaslıq elminin inkişafına Vahid Dəstigirdi özünün çoxcəhətli fəaliyyəti ilə sanballı elmi töhfələr verib, böyük ədəbiyyatşünaslıq ənənələrini uğurla davam etdirib.

O, görkəmli bir tədqiqatçı kimi ədəbiyyatşünaslıq baxımından qədim və böyük ədəbiyyatın problemlərini araşdırıb, müasirlik işığında qiymətləndirməyə daha çox diqqət yetirib.

Orta əsrlər İran ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz V. Dəstigirdinin axtarışları nəticəsində üzə çıxıb. Yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Nizami və başqa şairlər barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirib.

Şərhlər bağlıdır.