Artıq neçə illərdir söhbət gedir ki, Kremli azərbaycanlı usta tikib.
Tikən də şəklini gördüyünüz bu ağsaqqaldır. Guya ad-soyadı da Əliş Sübhan oğlu Kərəmlidir.
Əgər ermənilər deyirlərsə ki, İsa peyğəmbər ermənidir, biz niyə gizlədək ki, Kremli tikmişik?
Üstəlik də bunu bəzi media orqanları yazırsa?
Azərbaycanca Vikipediya Əliş usta üçün babat bir CV də düzəldib.
Guya 1322-ci ildə Şamaxıda doğulub.
1367-ci il yanvarın 5-də “şaxtalı bir qış səhəri Moskvadan gələn elçilər Şirvanşahların baş darvazasından saraya girib” (ifadələr azərb-ca Vikipediyadan götürülüb) knyaz Dmitri Donskoyun məşhur memar Əliş Kərəmlini təcili Moskvaya çağırdığını xəbər verirlər.
1367-ci il yanvarın 10-da Əliş kişi elçilərə qoşulub Moskvaya yola düşür.
1367-ci il martın 14-də Dmitri Donskoyla müqavilə imzalayıb martın 25-də Kremli tikməyə başlayır. Dörd ilə işini qurtarır. Amma Kremlin harasını tikir, bilən yoxdur. Xanım müəllifi Moskvada taksovatlıq eləyən həmvətənimizin ekspert rəyinə əsasən yazır ki, indi üzərində beşguşəli ulduz işıldayan Vodovzvodkaya qülləsi Əliş ustanın əsəridir. Həmin qüllənin 1488-ci ildə italyan memarı Antonio Cilardinin layihəsi əsasında tikildiyi haqda məlumat bütün soraq kitabçalarında var. Uzunömürlülər diyarından olsa da, Əliş usta yəqin bu qədər yaşaya bilməzdi. Amma kim bilir? Azərbaycan Vikipediyası inşasına 1532-ci ildə başlanan Bağçasaray kompleksinin tikintisini də ona isnad verir. Belə çıxır ki, ağsaqqal bu layihəyə 210 yaşında imza atıb. Nə isə…
Kremlə soyadını verən Əliş ustanın dəqiq maaşı, ünvanı və s. vikipediyaçılarımıza bəlli imiş – ayda 300 qızıl rubl alırmış, 10 nəfər mühafizəçisi varmış və s.
Beləcə, Kərəmli Kremli tikib qurtarır. Amma sonda rus xəyanətinin qurbanı olur. 1371-ci il iyunun 22-də Moskva-Smolensk şossesinin 9-cu km.-də başqa yerdə də Kreml tikməsin deyə sərxoş bir kazak ustamızı vurub öldürür.
Siz bir tarixlərin dəqiqliyinə baxın! Sabirin XX əsrin əvvəlində Şamaxıdan Bakıya hansı ildə gəldiyini bilmirik, amma 650 il bundan əqdəm yaşamış Əliş ustanın bioqrafiyasını, fəaliyyət qrafikini ayına, gününə qədər dəqiqləşdirmişik…
Belə-belə işlər!
Sonda onu əlavə etmək qalır ki, rus sovet yazıçısı Sergey Borodinin bir vaxtlar çox məşhurlaşan, tirajı bir milyona çatan “Dmitri Donskoy” romanı var və həmin romanda Kreml divarlarının tikintisinə “Шемахинский персианин Алис” kimi təqdim olunan birisinin rəhbərlik etdiyi təsvir olunur. Özbəkistanın xalq yazıçısı olan Borodinin İran-Turan məsələsində irançılıq mövqeyində dayandığı gizli deyil. Amma hətta “Şamaxı azərbaycanlısı Əli” də yazsaydı, bu tarixi fakt yox, sadəcə yazıçı təxəyyülünün məhsulu olacaqdı. Çünki bədiiliklə tarixilik tam fərqli anlayışlardır. Təəssüf ki, uzun illərdir ki, məmıəkətimizdə “Kremli tikən Kərəmli” nağılı tirajlanır və bu sadə həqiqətin fərqinə varan yoxdur…
Yaxşısı budur ki, ermənilərlə gülünc miflər yaratmaqda yox, savaş və siyasət meydanında, idmanda, elm və təhsil sahəsində rəqabət aparaq.
Vilayət Quliyev
Şərhlər bağlıdır.