İBRAHİM RƏİSİYƏ YAXIN QURUMLAR JURNALİSTLƏRİ TƏHDİD EDİR

İrandan prezidentliyə namizəd İbrahim Rəisiyə yaxın bir sıra rəsmi qurumların jurnalistləri təhdid etdiyi barədə xəbərlər alınır.

Bir sıra jurnalistlər və media fəallarının yaydıqları məlumatlarda deyilir ki, son günlər Mədəniyyət və Media Məhkəməsinin sədrindən və “Sepah”ın ETTELAAT idarəsindən media sahəsində çalışan və sosial şəbəkələrdə fəal olan jurnalistlərə təhdid dolu zənglər gəlir.

Telefon zənglərində jurnalistlərə və media nümayəndələrinə açıq-aşkar deyilir ki, qarşıdan gələn prezident seçkilərindən yazarkən İran Məhkəmə Sisteminin rəisi və prezidentliyə namizəd İbrahim Rəisi tənqid olunmamalı, əleyhinə və onun keçmiş fəaliyyətləri barədə tənqidi yazılar yayılmamalıdır, əks təqdirdə ona qarşı tənqidi və etiraz xarakterli yazılar dərc edənlərə problem yaranacaq, barələrində tədbir görüləcək.

İnformasiyalarda bildirilir ki, İbrahim Rəisi prezidentliyə namizədliyini irəli sürməsinə baxmayaraq, indiki postundan, yəni Məhkəmə Sisteminin rəisi postundan nəinki isefa verməyib, hətta bu qurumu özünün seçki qərargahının bir hissəsinə çevirərək, dolayı yolla müxaliflərinə, xüsusən də jurnalistlərə və media fəallarına təzyiqini davam etdirir.

İran Məhkəmə Sisteminin rəisi, vaxtilə ölkə həbsxanalarında saxlanılan siyasi məhbusların gizli və kütləvi şəkildə edamına hökm verən məşhur “Ölüm heyəti”nin başçısı və ölkə əhalisi arasında “Ayətullah Edam” və “Ayətullah Qətliam” ləqəbləri ilə tanınan axund İbrahim rəisi prezidentliyə namizədliyini irəli sürmüş əsas namizədlərdən biri sayılır.

Rəisi, həm də İranın dini lideri Əli Xamneyinin və hakimiyyətdəki radikal mühafizəkarlar cərəyanının prezidentliyə əsas namizədlərindən biri kimi tanınır.

Xatırladaq ki, İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin ilk canişini, ayətullah Hüseynəli Müntəzirinin oğlu Əhməd Müntəziri 2016-cı il, avqustun 12-də atasının 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamına etiraz bildirən səs yazısını yayıb.

Yayılan 40 dəqiqəlik səs yazısında Hüseynəli Müntəziri “Ölüm heyəti”nin başçısı İbrahim Rəisi və onun digər gənc üzvləri ilə üz-üzə söhbətdə onlara törətdikləri səssiz cinayətə görə kəskin etirazını bildirib. O deyib: “İran İslam Respublikasında baş vermiş ən böyük cinayət, sizin əllərinizlə həyata keçirilmiş bu edamlardır. Bilin ki, bu edamlara görə tarix bizi məhkum edəcək və gələcəkdə tarix sizi cinayətkar kimi xatırlayacaq”.

Xatırladaq ki, o vaxtkı “dini lider” ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə 4 nəfərin, yəni şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə “Ölüm heyəti” deyilən bir qurum yaradılıb və heyətə ölkə zindanlarında saxlanılan və hələ də öz siyasi əqidə və mövqeyinə israr edən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.

Bunun ardınca ölkə həbsxanalarının qapıları 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. 2-3 dəqiqə sürən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinin üstündə durub-durmaması müəyyən edilib. Nəticədə tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində gülləbaran edilib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb.

Mübariz

Şərhlər bağlıdır.