NADİR ŞAHIN QƏRİBƏLİKLƏRİ

Avropada “Şərqin Napoleonu” ləqəbi ilə tanınan Nadir şah olduqca qürurlu, cəsur və dahi sərkərdə olduğu kimi, həm də çox qəzəbli bir şah idi. Bir dəfə qəzəblənən zaman hətta öz sevimli oğlunun gözlərini də çıxartdırmışdı. Bunun səhəri günü, yəni qəzəbi soyuyandan sonra isə özünün yaxın əyanlarını öldürtmüşdü ki, mən oğlumu cəzalandıranda siz niyə mane olmadınız.

Nadir çadırdan düzəldilmiş alaçıqda yaşayırdı və xarici qonaqlarını da möhtəşəm bir alaçıqda qəbul edirdi. Döyüş zamanı o, ordusundan 10-15 metr qabaqda hücuma keçirdi. O, bircə dəfə osmanlılarla döyüşdə məğlub olub. Onda da sərkərdəsinin atdan yıxılmasını görən ordu, onun ölməsini zənn edərək, geri çəkilməyə başlayıb və özündə güc tapıb yenidən at belinə qalxan Nadir də geri qayıtmağa məcbur olub. Yolda o düşünürmüş ki, görəsən bu hadisədən sonra əskərlər arasında onun əvvəlki nüfuzu qalıbmı? O, görür ki, ondan qabaqda əskərlərindən ikisi əl-ələ verərək gedirlər. Nadir anlayır ki, onlar yaxın dostdurlar. Atını yeyin sürərək onlara çatır və onlardan adlarını soruşur. Biri deyir Əli, diğəri – Həsən. Nadir şah deyir ki, “Əli, mən sənə əmr edirəm, Həsənin boynunu vur”. Əli də qılıncını çəkib, Həsənin başını yerə salır. Bununla da Nadir şah özü üçün aydınlaşdırır ki, onun nüfüzuna xələl gəlməyibdir (Düz deyiblər ki, “dahiliklə dəlilik həmsərhəddir”). Eyni zamanda Nadir osmanlı generalına da məktub göndərir ki, “sən elə bilmə ki, mən birdəfəlik gedirəm, sən yerindən tərpənənə qədər mən qayıdacağam” (osmanlı paşası çox kök olduğuna görə belə yazıb). Həqiqətən də Nadir öz qoşununu yenidən qruplaşdıraraq hücuma keçir və qalib gəlir. Döyüş zamanı Lütfi paşanın özü də həlak olur. Nadir onun başını gətirib, üç gün şəhər darvazasından asdırdıqdan sonra böyük hörmət-izzətlə dəfn etdirir.

Dehlidə onun əskərləri topladıqları qənimətləri gətirib Nadir şaha təhvil verərkən bir əskər tək bir sırğa da verir. Nadir soruşur ki, bu sırğa elə tək idi? Əskər cavab verir ki, möhtərəm şahım, sırğanın birini çıxardım, ikincisini də çıxarmaq istəyirdim ki, “dayan” təbili çalındı və daha onu çıxara bilmədim. Bu fakt aydın surətdə göstərir ki, Nadirin ordusunda necə nizam-intizam var imiş.

Kamil Allahyarov,
professor, filologiya elmlər doktoru

Şərhlər bağlıdır.