Ötən həftələrdə İranın keçmiş diplomatı, İtaliya və Əfqanıstandakı səfiri Əbülfəz Zöhrevəndə aid səs yazısı yayılıb. Həmin səs yazısında o, Türkiyə və Azərbaycan əleyhinə ağır ifadələrlə hücum edib, diplomatiya leksikonuna aid olmayan qəribə sözlər işlədib.
İranın “yazeco” saytı məsələni daha ətraflı araşdırmaq məqsədilə qeyd edilən səs yazısında qaldırılan məsələlərə aydınlıq gətirmək üçün onunla əlaqə saxlayıb. Amma daha nə o emosional hücumlardan, nə də təhqirlərdən heç bir xəbər yox idi. Bu dəfə cənab Zöhrevənd sərt və təhqiramiz ritorikadan geri çəkilərək, dostluqdan, regional inteqrasiyadan, sərhədlərin götürülməsindən danışıb və öncəki fikirlərinin əksəriyyətini əsas etibarilə təkzib edərək etiraf edib ki, həmin səs yazısı yayılmamalı idi və bu sözləri o, dost və qeyri-diplomatik bir ortamda səsləndirmişdi.
O, təhqiredici sözlər işlətdiyinə görə də üzr istəyib. Aşağıda “yazeco” saytının keçmiş diplomatla müsahibəsinin birinci hissəsi yer alır:
– Niyə “xəbis türklər” sözü işlətdiniz? Bu, bütün türklərə qarşı təhqirdir.
– Mən üzr istəyirəm. Mən “bədnam” Türkiyə hökumətini nəzərdə tuturdum. Ərdoğanın nə etdiyi bəlli deyil. Bir tərəfdən pantürkist, digər tərəfdən deyir ki, mən İslam dünyasının “Müsəlman Qardaşları” təşkilatının lideriyəm. üçüncü tərəfdən də Avropa Birliyinə üzv olmaq istəyirsən.
Axı sən kimsən, Ərdoğan? Bu bir paradoksdur. Bir tərəfdən Azərbaycanı işə salıb. Digər tərəfdən Amerika və Avropanı aldadıb. Başqa tərəfdən də kürdlərin üzərinə bomba yağdırır. Axı ölkənizin 25%-i kürdlər olduğu halda niyə kürdlərə bomba atırsan?
– Siz yüksək diplomatik səviyyələrdə işləyibsiniz və hətta bir vaxtlar nüvə danışıqlarında da iştirak edibsiniz. Bizdən də yaxşı bilirsiniz ki, xarici siyasətin əsas istiqamətlərini İranın ali lideri müəyyən edir və onun Qarabağla bağlı çox dəqiq mövqeyi var, deyib ki, Qarabağ Azərbaycanın ərazisidir. Lakin onun fikrinin əksinə olaraq siz demisiniz ki, Qarabağ ermənilərdə qalmalı idi və indi azərbaycanlılara da ermənilərin bayrağı altında yaşamağa icazə verilərdi.
– Mən “Aşağı Qarabağı” nəzərdə tuturdum.
– Rəhbərlin heç bir bəyanatında və mövqeyində yuxarı-aşağı söhbəti olmayıb, Qarabağ Azərbaycanın tərkibində vahid və bütöv ərazi kimi qeyd edilib.
– Biri var, ərazi mülkiyyəti azərbaycanlılara qaytarılır, digəri isə regionun suverenliyinin Azərbaycan dövlətinə məxsus olmasıdır. Mən də sevinirəm ki, sakinlər öz torpaqlarına qayıda bilsinlər. Amma söhbət həmin torpaqların suverenliyinin İrəvanın, yoxsa Bakının əlində olmasından gedir…
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.