2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Heydər Əliyevin Azərbaycanın inkişafında müxtəlif sahələrə verdiyi töfhələr haqqında AMEA -nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Olaylar”-a danışıb. Azerbaycan–ruznamesi.org yazını təqdim edir:
-Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsini yaşadan siyasətçilərdən biri idi. Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi hər birimizin dilində əzbər olub. İndi biz həmin məfkurəni layiqincə yaşada bilirikmi?
-Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana və onun inkişafına sərf edib. Onun azərbaycançılıq fəlsəfəsinin əsasını Azərbaycanın qüdrətli dövlət olması, regional güc mənbəyinə çevrilməsi, azərbaycanlıların tarixi torpaqlarına sahib olması, ideoloji cəhətdən daha da möhkəmlənməsi, dünyada azərbaycanlıların təşkilatlaması, milli-mənəvi dəyərlərimizin dünyada təbliği və s. təşkil edirdi. Ümummilli Lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini deməsi, azərbaycançılıq məfkurəsi, milli kimliyi, azərbaycanlılığı ilə fəxr etməsini göstərir, bizlərin də qürurla bu sözü deməyimizi, yaşatmağmızı istəyirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi qürur mənbəyidir. Bu baxımdan hər birimiz böyük Azərbaycana, tarixi Azərbaycana sahib olmalı, dövlətçiliyimizi, milli məfkurəmizi, azərbaycançılığı bütün həyat fəaliyyətimizdə yaşatmalıyıq.
-Heydər Əliyev hələ hakimiyyətə gəlməzdən öncə xalq üçün böyük işlər görüb. Həmin dövrü bizimlə paylaşa bilərsinizmi?
-Ulu Öndərin istər Azərbaycanda hakimiyyətinin birinci dövründə, istərsə də müstəqil Azərbaycanda hakimiyyətinin ikinci dövründə dövlətimizin sosial, iqtisadi, siyasi, hərbi, elmi, ideloloji və s. sahələrdə inkişafına böyük xidmətləri olub. Həyatının 40 ilini Azərbaycanın inkişafına sərf etmişdir ki, bunun nəticəsində Azərbaycanın bütün sahələrində Heydər Əliyev şəxsiyyətinin, fenomeninin, böyüklüyünün, liderliyinin izi, rolu vardır.
Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi. Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın Konstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə onun tərəfindən həyata keçirilən xarici siyasət strategiyasında öz əksini tapmışdır.
-Neft-qaz sənayesində etdiyi yeniliklər Azərbaycan tarixi üçün unudulmaz olub. “Əsrin müqaviləsi” kimi böyük işlərə imza atıb. Həmin sahədə olan işlərdən bəhs edək. Təməli o dövrdə atılan işlər indiki Azərbaycan üçün hansı rolu oynayır?
Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan Respublikası ötən illərdə özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edərək regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilib. Dəyəri 7,4 milyard dollar olan, dünyanın 7 ölkəsinin və 11 beynəlxalq neft şirkətinin iştirak etdiyi “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, ölkədə qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaradıb. “Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnologiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının mühüm nailiyyətləri kimi diqqəti cəlb edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının neft strategiyasını müəyyənləşdirmək üçün xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə edilməsini və dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.
2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində qlobal əhəmiyyət kəsb edən və Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub, 2005-ci il mayın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTC neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
2014-cü il sentyabrın 20-də Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib.
“Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın neft strategiyası sayəsində reallaşan BTC, BTƏ, BTQ, TANAP, TAP və digər layihələr həm Azərbaycanın enerji siyasətininin əsasını, həm də ölkəmizin enerji təhlükəsizliyinin təminatçısı oldu. Azərbaycanın enerji siyasəti sahəsində fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.
-Heydər Əliyev müəllimə, həkimə, sənətçiyə dəyər verən siyasətçi olub. Bu cür siyasətçilər hər xalqın tarixində çox az sayda olub və iz buraxıb. Onun ziyalı mövqeyinin ümumilli lider olmasında rolundan bəhs edək.
-Ümummilli lider Heydər Əliyev Azərbaycan müəlliminin əməyini yüksək qiymətləndirərək deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayındakı çıxışı zamanı “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”- deməsi də müəllim sənətini, peşəsini yüksək dəyərləndirməsidir.
Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda təhsilin sosial-iqtisad durumuna nəzər saldıqda görürük ki, 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirmişdi. Azərbaycanda təhsil strategiyasının inkişafı üçün mühüm işlər görülmüşdür. Eləcə də 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə təhsil sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi, “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratdı, təhsilin inkişafına mühüm rol oynadı.
-İndiki bütün dinlərə və irqlərə qarşı tolerant olan ölkə kimi Azərbaycanın formalaşmasında onun rolu danılmazdır.
-2018-ci il fevralın 9-da Azərbaycan Prezidentinin sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. Burda əsas məqsəd Azərbaycanda dini təhsil siyasətinin dövlət tərəfindən idarə olunması, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi və xarici ölkələrdə dini təhsil alan gənclərin orada müxtəlif qurumların, idarələrin təsiri altına düşməməsi baxımından da son dərəcə önəmlidir. Bu, bizim inanclarımız, digər məzhəblər, təriqətlər, digər dinlərarası tolerant mühitin yaranması baxımından da önəmlidir. Eləcə də islam, xristian, yəhudi və digər dini cərəyanlar arasında barışın, sülhün elmi əsaslarla öyrənilməsi, ənənəvi olaraq Azərbaycanda olan xalqlararası, dinlərarası müxtəlifliyin, birgə yaşayışın qorunması baxımından da çox önəmlidir. Bu baxımdan ölkə rəhbərimiz hər zaman bu konfessiyalara dəyər verib və ölkəmizdə islam dini və digər dini etiqadda olan insanlara qayğı və diqqət göstərib. İlahiyyat İnstitunun açılması onu göstərir ki, Azərbaycan dövləti, Prezidenti ölkədə dini təhsil alan, bu sahədə çalışanların sosial təminatlarının təminatı, müasir elmi texnologiyalardan yararlanmasında maraqlıdır.
İslam dini yayıldıqdan sonra Azərbaycanda eynilə xristian dininin nümayəndələrinə də ehtiram, izzət olmuşdur. Bu, bizim qurduğumuz qədim dövlətlərdə, sultanlıqlarda, xanlıqlarda da mövcud olub. Biz bunun nümunələrini qeyd olunan sənədlərdə, faktlarda, kitablarda görürük. Azərbaycanda olan kilsələrin qorunmasına baxdıqda dini inancların hansı tolerant, dini etiqad azadlığı müstəvisində idarə edilməsini görürük. Bu gün beynəlxalq aləmdə Azərbaycanı əbəs yerə multikulturalizmin və dinlərarası, millətlərarası, svilizasiyalararası, dialoqun təmasın olduğu ölkə kimi qeyd etmirlər. Son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini ayrıseçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühitinin çox yüksək səviyyədə olduğu bir daha üzə çıxır. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası sivilizasiyaların təmas mərkəzinə çevrilib. Avropa ölkələrində dinlərarası münaqişələr yaransa da, təbii ki, biz bunu Azərbaycanda görmürük. Azərbaycan xalqının bu məsələdə öz ənənəsi var. Azərbaycan dövləti də bu prosesin tənzimlənməsində, qanunvericilik bazasının yaradılmasında maraqlıdır. Bu, bizim xalqımızın ənənəsindən gələn qanuna çevrilmişdir.
Əfsanə Kamal
Şərhlər bağlıdır.