Onlar mübarizlər nəslinin varisləridirlər

Sağaldı, cəbhəyə qayıtdı, rayonları azad edənlərdən oldu, 2 medal aldı

76 il əvvəl şah rejimi 21 Azər hərakatını beynəlxalq imperializmin iştirakı ilə baxanda fədailər, milli ordunun döyüşçüləri, Azərbaycan Demokrat Firqəsinin üzvləri nicatlarını Arazın digər tayındakı qardaş və bacılarına pənah gətirməkdə gördülər. Astarada əsrlər boyu balıqçılığı özlərinə peşə seçənlər isə mütərəqqi insan, sahibkar Ağa Sultanovla birgə Neftçala rayonunun Bankə qəsəbəsində yerləşdilər.

Ömrünün sonuna kimi balıq kombinatında usta işləyən, qəsəbədəki mühacirlərin gənc yaşlarından hamisi və ağsaqqalı sayılan İltifat Dövləti də inanmazdı ki, bu seçim ömrünün sonuna kimi yaşanan bir taledir. Yeni nəsillər də mübarizlik ənənələrinin davamçıları olacaqlar, istehsalatda fərqlənəcəklər, Azərbaycanın azadlığı uğrunda mücadilələrdə gülləyə tuş gələcəklər, qəhrəman adlarını qazanacaqlar. Erməni işğalçılarına qarşı müharibə başlayanda heç kim seyrçi qalmayacaq. Birinci Qarabağ müharibəsində iştirak edənlərin övladları da 2020-ci il sentyabrın 7-də Azərbaycan xalqı torpaqlarımızın azad olunması üçün ön cəbhəyə yollananlar isə qaliblər kimi geri qayıdacaqlar. Onların sırasında mərhum İltifat babanın, Zərifə nənənin qız nəticəsi Hüseyin də doğma yurda məğrurcasına dönəcək. Prezident İlham Əliyev isə bu gəncin də şücaətlərini dəyərləndirəcək, onu 2 medalla təltif edəcək: Cəbrayılın və Fizulinin azad olunmasına görə medalları ilə.

Yəqin siz də fikrimizə şərik çıxarsınız ki, qibtə olunan bir faktdır. Hüseyin 2 illik hərbi xidmətini başa vuranda növbəti Qarabağ müharibəsinin ab-havası duyulmaqda idi. Təxris edilməsi ilə geri qayıtması çox da çəkmədi. Birbaşa ön cəbhəyə gəldi. Komandirlərinin və döyüşçü yoldaşlarının hörmətini qazandı. Harada oldusa nümunə göstərdi. Yaralı yoldaşlarını döyüş mövqeyindən çıxartmaq istəyərkən yaxınlıqda partlayan bomba zərbəsindən kontuziya aldı. Yalnız 2 gündən sonra tapdılar. Huşunu itirmiş, yarıcan döyüşçünün əlacı allaha bir də həkimlərə qalmışdı. Ağxalatlı xilaskarlar 20 günə yaxın başının üstünü kəsdirdilər. Özünə gəldikdə eşitdi ki, ordumuz Şuşaya yaxınlaşır. Tez durub paltarlarını istədi. Soruşdular ki, bu vəziyyətdə hara getmək istəyirsən, səni buraxa bilmərik.

İmkan tapıb hərbi hissədəki dostları ilə telefon əlaqəsi yaratdı: “Şuşanı mənsiz almaq istəyirsiniz” – sözləri ilə hədə gəldi. Xəstəxanada naəlac qalıb sağaldığını qeyd etdilər. Hüseyin geri döndü, qələbə sevincini cəbhədə yaşadı.

Qeyd edək ki, qəhrəmanın atası Müşfiq müəllim birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hərbi vərdişlərə Rusiyada, Sovet Ordusunun tərkibində ikiillik hərbi xidmətdə qazanıb, yaralanıb. Lakin noyabrın 8-dək ona ağrı-acı verən bu yaralar deyil, torpaqlarımızın erməni işğalı altında qalması olub. O nəslin edə bilmədiklərini övladlar həyata keçirib. Bu da bütün nəslin təsəllisidir.

 

Pərvin Huşiməndi,

Neftçala rayonunun Bankə qəsəbəsi

 

 

Şərhlər bağlıdır.