“Bu kitab günümüz üçün çox əhəmiyyətlidir və ona yazılmış rəyi də Qələbəmizdən sonra İranda yaranmış əhval-ruhiyyə ilə uyğunlaşdırmışıq və bu rəy eyni zamanda oralarda böyük Zəfərimizə qısqanclıqla yanaşanlara bir cavabdır.”
Səməd Bayramzadə
27 Sentyabr 2020-ci il tarixində ermənilərin təxribatı ilə başlanmış 44 günlük II Qarabağ savaşı 10 Noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında elan edilmiş bəyanatla Azərbaycanın tarixi zəfəri ilə bitdi.
30 ilə yaxın bir müddətdə erməni təcavüzkarları tərəfindn işğal altında saxlanılmış vətən torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildi.
II Qarabağ savaşı kimi tarixə yazılan bu ədalətli müharibədəki qələbəmiz bütün dünyadakı azərbaycanlılar və dostlarımız tərəfindən çox böyük ruh yüksəkliyi, sevinc hissləri ilə qarşılandı, yerlərdə adətlərimizə uyğun el şənlikləri düzənləndi, hamı küçələrə axışdı, zəfər marşları çalındı, xalqın ura sədaları, vətənpərvərlik ruhunda mahnı səsləri, saz havaları göylərə ucaldı, Araz çayının hər iki sahilində – həm Şimalında və həm Cənubunda toplaşan soydaşlarımız tarixi qələbə müjdəsini paylaşdılar, bir-birlərini təbrik edib gözaydınlığı verdilər, qurbanlar kəsildi.
Azərbaycan, Ermənistan və Rusiya dövlət və hökumət rəhbərləri arasında imzalanan bu Bəyanat atəşkəs haqda anlaşma deyil, əslində bir Sülh anlaşmasıdır, daha doğrusu, onun çərçivələrini müəyyən edən ilkin sənəddir. Biz müharibəni danışıq aparmaq üçün saxlamamışıq, Ermənistan bizim qələbəmizi qəbul edib və artıq mövcud şərtlərlə sülhə razı olub. Hüquqi anlamda bu kapitulyasiyadır! Bu Sülh anlaşması Azərbaycanın ərazi bütövlüyünə heç bir xələl gətirmir, əksinə onun təminatı üçün bir baza sənədidir.
Bununla belə hazırkı vəziyyətdə Qələbəmizə kölgə salmaq istəyən, hətta iftira və böhtan atmaqdan belə çəkinməyən çoxlu sayda qüvvələr ortadadırlar və bizə qarşı qollarını da bərk çırmalayıblar.
II Qarabağ savaşının sonuna doğru İran İslam Respublikası dövlətinin Ermənistanın işğalçı dövlət olması və işğal etdiyi Azərbaycan ərazilərini qaytarması tələbi barədə rəsmi və ədalətli bəyanatlarına baxmayaraq, öz taktiki maraqlarına uyğun siyasət yeridən İranın bir çox dairələri hələ də müharibənin mahiyyətini tamamilə təhrif edir, Ermənistan-Azərbaycan müharibəsinin onlar üçün gözlənilməz olan nəticələrinə hələ də obyektuiv münasibət formalaşdıra bilmirlər. İndi həmin qüvvələrin ən böyük qorxusu bizim bu uğurlarımızdır, qələbəmizdir, bundan sonrakı yaradıcılıq işlərimiz və onun Güneyə gözlənilən təsiridir. Ona görə də öz fəaliyyətləri və yaradıcılıqları ilə İranın müsəlman əhalisini, xüsusilə də Güneydəki çoxmilyonluq soydaşlarımızı bizə qarşı kökləyirlər. Guya, İkinci Qarabağ müharibəsindən məqsəd İranın Qafqazda, xüsusən Azərbaycan Respublikasında geosiyasi, mədəni, dini və tarixi potensialını tükətməkdən ibarət olmuşdur. Onlar Azərbaycanın qələbə ilə başa çatmış müharibəsini işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan müharibə kimi deyil, İrana qarşı çevrilmiş bir hadisə kimi dəyərləndirirlər. Sözsüz ki, İrandakı bu qüvvələrin belə bir fəaliyyəti onların düşmənçilik, fars millətçiliyi mövqeyini əks etdirir.
Zənnimizcə, öz taktiki maraqlarına uyğun siyasət yeridən həmin qüvvələrə qarşı mübarizənin ən yaxşı forması onların məkrli və pis niyyətlərini, məqsədlərini açıb ortaya qoymaq, vətənpərvərlik və milli hisslərlə dolu Azərbaycan, türk oxucularına açıqlamaqdır. Biz yaşadığımız zamanın hər bir anını qələbəmizi möhkəmləndirmək və əbədiləşdirmək üçün çalışmalıyiq.
Belə bir mərhələdə qələbəmizə, onun tarixi köklərinə, səbəb və nəticəlrinə qara yaxmaq, ədalətli savaşımıza böhtan atmaq istəyən, Azərbaycan tarixini saxtalaşdırmağa çalışan və bu yolla da zehnləri qarışdıran qüvvlərə qarşı ən tutarlı və təsirli nəzəri-ideoloji bir vasitə olaraq tanınmış tədqiqatçı və diplomat, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosialogiya institunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin bu günlərdə Bakıda “Turxan” NPB-də 508 səhifədə çapdan çıxmış “İranda Azərbaycan tarixi məsələləri” adlı monoqrafiyasını diqqətinizə təqdim edirik. İlk növbədə onu qeyd etmək lazımdır ki, müəllif çox maraqlı bir mövzuya toxunmaqla günümüz üçün çox aktual ola biləcək sanballı bir əsəri böyük zəhmətlər hesabına ərsəyə gətirmişdir.
Kitabda müəyyən dövrlər ərzində İranda Azərbaycan tarixinin saxtalaşdırılmış və sifarişlə yazılmış bir sıra problemləri, tarixi dövrləri geniş bir çərçivədə araşdırılmış, onlara münasibətdə ciddi və dərin elmi-tənqidi yanaşmalar ortaya qoyulmuşdur.
Azərbaycan tarixinin öyrənilməsindəki bəzi problem məsələlər sırasında Cənubi Azərbaycan tarixinin, eləcə də bu tarixi-coğrafi ərazidə yaşayan milyonlarla soydaşlarımıza qarşı ardıcıl olaraq həyata keçirilmiş ayrı-seçkilik siyasətinin araşdırılması və öyrənilməsi də əsas mövzulardandır. Müəllifin adıgedən əsərində bu məsələlərə də elm və məntiq müstəvisindən baxılmış, dərin təhlillər aparılmış, gərəkli nəticələr əldə olunmuşdur.
Azərbaycan bölünmüş bir ölkə, azərbaycanlılar isə parçalanmış bir millət olduğundan E.Mədətlinin “İranda Azərbaycan tarixi məsələləri” adlı kitabı bu gün Azərbaycan Respublikasının aparıcı milli ideologiyası olan azərbaycançılığın müəyyən istiqamətlər üzrə inkişaf etdirilib zənginləşdirilməsi, bu ideologiyanın dünya azərbaycanlıları arasında təbliğinin və təsir gücünün araşdırılması baxımından irəliyə atılmış çox ciddi elmi addımlardandır. Belə ki, İran İslam Respublikasının bu günkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi əyalətlərində və eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, eləcə də bir sıra digər yaşayış məntəqələrində 32-35 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) yaşayır. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanşı, eyni zamanda da ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadı-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin, bir sözlə mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə də malikdirlər. Azərbaycanla İran arasındakı bu əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf edib milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş Güney qolunun tədqiqini bizim üçün çox zəruri edir. Eyni zamanda da bu gun müstəqillik qazanmış Azərbaycan Respublikasında onun xalqını, sərvətini qorumaq üçün həyata keçirilən azərbaycançılıq ideologiyasını əsaslandıra və möhkəmləndirə biləcək bu səpkidə mövzuların işlənməsinə və elmi ictimaiyyətə təqdim olunmasına böyük ehtiyac var.
E.Mədətlinin adıgedən əsərində araşdırma və tədqiqat obyekti olan məsələlər sırasında azərbaycanlıların etnogenezinin formalaşması məsələsi, Azərbaycan tarixi üzrə ümumi məlumatların əldə edilməsi, Güney Azərbaycan tarixinin araşdırılması və öyrənilməsi, Şimali Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi, 20-ci yüzilliyin başlanğıcında Azərbaycanda milli hərəkatın dirçəlişinədəki obyektiv və subyektiv amillər, 1918-1920-ci illər dövrü Azərbaycan tarixinin araşdırılması və yazılması kimi mühüm məsələlər dayanır. Azərbaycan tarixindəki bu problem məsələlərin elmi-tədqiqat mövzuları kimi öyrənilməsi həmişə aktualdır, tarixi həqiqətlərin üzə çıxarılması sahəsində gərəkli və mühümdür. E.Mədətlinin bu gün oxucuların diqqətinə təqdim olunmuş kitabında da sözügedən məsələlər tədqiqat obyekti olaraq ortaya qoyulmuş və ümidvarıq ki, elmi ictimaiyyətin diqqətini özünə cəlb edəcək.
Azərbaycan tarixinə və həqiqətlərinə qeyri-elmi və natamam subyektiv mövqelərdən yanaşma halları ortaq siyasi, ictimai, dini, ədəbi, mədəni, hərbi dəyərlərimizin və ilişgilərimizin olduğu İranının tarixşünaslığında müşahidə olunmaqdadır. İran tarixşünaslığında belə bir yanaşmanın qabarıq şəkildə mövcudluğu isə heç şübhəsiz ki, Azərbaycan həqiqətlərinin təhrif edilməsi ilə bərabər, müstəqil Azərbaycanın dövlət rəhbərliyi tərəfindən iki dövlət arasında əldə etməyə çalışdığı səmimi və dost münasibətlərə heç də fayda gətirmir. Ona görə də, İran tarixşünaslığında mövcud olan antiazərbaycan xəttinə doğru-düzgün, obyektiv və reallığa uyğun şəkildə prinsipial cavab verilməsi tək tarixi həqiqətin ortaya çıxarılması baxımından deyil, həm də Azərbaycan və İran arasında dostluq münasibətlərinin daha da güclənməsindən qısqanclıq keçirən qüvvələrə cavab verilməsi baxımından yalnız elmi-tarixi deyil, həm də ictimai-siyasi əhəmiyyət kəsb edir.
Eynulla Mədətlinin araşdırdığı məsələlərin tarixi xronologiyasından da göründüyü kimi, İran hüdudlarında Azərbaycan həqiqətlərinin təhrif edilməsinə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ciddi bir təkan verilmişdir. Demək olar ki, Azərbaycan həqiqətlərinin təhrif edilməsi və bunun üçün obyektivlikdən uzaq olan müddəaların irəli sürülməsi İran tarixşünaslığında artıq ayrıca bir istiqamət kimi formalaşmışdır. Təəssüf ki, belə müəlliflərin sayı az deyil və onlar öz məqsədlərinə nail olmaq üçün müraciət etdikləri faktlar bazasına birtərəfli yanaşmaqdan belə çəkinmirlər. Hətta XX əsrdə İranın siyasi sistemlərində dəyişiklik baş versə də, tarixşünaslıqdakı antiazərbaycan meyli nəinki səngiməmiş, hətta daha da güclənmişdir. Bu meyl haqqında daha ətraflı və dərin elmi təsəvvürün yaradılması üçün müəllif çoxlu sayda tədqiqat əsərlərini, tarixi sənədləri və qaynaqları araşdırmaya cəlb etmişdir və onlara elmi yanaşma nümayiş etdirməklə bərabər, antiazərbaycan mövzusunu istiqamət götürmüş tədqiqatçıların, xüsusilə də iranlı müəlliflərin siyasi mövqeyinə də öz münasibətini bidirməyə çalışmışdır. Kütləvi informasiya vasitələrində antiazərbaycan mövzusunda olan yazılar da müəllifin diqqətindən kənarda qalmamışdır.
E.Mədətlinin uzun müddət İranda bir diplomat kimi Azərbaycan Respublikasını təmsil etməsi, İranın elmi-mədəni mühitini əyani olaraq izləməsi ona imkan vermişdir ki, İran tarixşünaslığında Azərbaycan mövzusunu yaxından izləsin, İran tarixşünaslığında antiazərbaycan meylinin haradan və nədən qaynaqlandığını təyin edə bilsin. Bu isə həmin tendensiyanın mahiyyətini daha obyektiv və hərtərəfli şəkildə araşdırmaq üçün müsbət zəmin yaratmışdır.
Kitabın əhatə etdiyi tədqiqatın xronoloji çərçivəsi təxminən bir əsri əhatə edir. Müəllifin araşdırmalardan əldə etdiyi nəticələr də göstərir ki, həmin müddət ərzində İranın müəyyən elmi dairələrinin Azərbaycana qarşı münasibəti mahiyyət etibarı ilə elə ciddi bir dəyişikliyə məruz qalmamışdır. Belə ki, sözügedn elmi dairələr, o cümlədən tarixçilər, onlara bağlı siyasətçilər, dövlət xadimləri, ideoloqlar, təbliğatçılar göstərilən dövr ərzində davamlı olaraq Azərbaycan həqiqətlərini təhrif etmiş və Azərbaycan reallıqlarını qəbul etməmişlər. Belə bir qeyri-elmi və qeyri-obyektiv yolu tutmuş tarixçilər və onların təbliğatçıları bugünkü İran arealında da ictimai, mədəni, ədəbi, tarixi mühitin formalaşmasında Azərbaycanın və azərbaycanlıların rolunu və təsirini inkar etməyə çalışırlar.
Azərbaycan reallıqlarını təhrif etmək üçün İran tarixçilərinin qabartmağa çalışdıqları istiqamətlərdən biri Azərbaycan adı altında tanınan coğrafi məkanın inkar edilməsi və ya Azərbaycanın coğrafi anlamda yalnız Arazın cənubunda azərbaycanlıların məskunlaşdıqları ərazi ilə məhdudlaşdırılmasıdır. Hətta bu zaman da Cənubi Azərbaycanın heç də bütün əraziləri Azərbaycan kimi qəbul və Azərbaycan Respublikasının əhatə etdiyi ərazilərin isə Azərbaycan adlandırılması tarixi baxımdan düzgün hesab edilmir. E.Mədətlinin yenicə çapdan çıxmış bu kitabında qeyd edildiyi kimi, bir sıra İran tarixçiləri öz əsərlərində Azərbaycan Respublikasının ərazisini “Şimali İran” kimi qələmə verirlər və oxucunu da bunun əsaslılığına inandırmağa çalışırlar. Kitabın müəllifi isə öz tədqiqatlarında belə yanaşmanın mahiyyətini dəqiqliklə dəyərləndirmiş və onun elmi-tarixi obyektivlikdən uzaq olduğunu tutarlı faktlar əsasında ortaya qoymuşdur. Bunun üçün istər farsdilli mənbələrdən, istərsə də digər dillərdə yazılmış mənbələrdən çoxlu faktlar ortaya qoyulmuş, Azərbaycan adının yalnız cənubla məhdudlaşmasının yanlış olması çox anlaşıqlı bir şəkildə aydınlaşdırılmışdır. Bu məsələnin əsaslandırılması elə elmi və inandırıcı şəkildə aparılmışdır ki, obyektiv münasibət göstəriləcəyi halda, bu məsələdə artıq elmi möhtəkirliyə yol verilməsinə də bəhanə qalmamışdır.
Azərbaycan reallıqlarının təhrif edilməsi üçün bu sahədə “ixtisaslaşmış” İran tarixçilərinin üz tutduqları istiqamətlərdən biri də azərbaycanlıların türk etnosuna mənsubluğunun inkarı, onların işlətdiyi dilin, yəni Azərbaycan dilinin isə fars dilləri qrupuna mənsub olmasının iddia edilməsidir. E.Mədətlinin adıgedən kitabında göstərildiyi kimi, bu nəzəriyyənin banisi Əhməd Kəsrəvi Təbrizidir. Əsası Əhməd Kəsrəvi tərəfindən qoyulmuş həmin qeyri-elmi nəzəriyyəni davam etdirən Hüseynqulu Katibi, Əbdüləli Karəng, Əhməd Kavyanpur, Əli Dehqan, Mənuçehr Murtuzəvi, İzədyar, Cəmaləddin Fəqih, Məhəmmədcavad Məşkur, İnayətulla Rza və başqaları kimi üzdəniraq tarixçilərin Azərbaycan xalqının mənşəyinin, tarixinin, coğrafiyasının saxtalaşdırılmasına yönəlmiş iddiaları elə erməni tarixçilərinin, ideoloqlarının iddiaları ilə tam üst-üstə düşür, əksər hallarda isə bu əsassız müddəalar bir-birindən qaynaqlanır. Kitabın uyğun fəslində bu məsələyə də əhatəli şəkildə aydınlıq gətirilmiş, Kəsrəvi nəzəriyyəsinin qeyri-obyektivliyi elmi-tarixi faktlarla əsaslandırılmışdır. Bununla, əslində, İran tarixçilərinin elmi möhtəkirliyinə xidmət edən daha bir ciddi arqumentin qeyri-elmiliyi ortaya qoyulmuşdur.
Azərbaycan tarixinə və həqiqətlərinə naxələflik nümayiş etdirən və əslən Cənubi Azərbaycandan olan xeyli sayda “araşdırmaçılara” da rast gəlmək mümkündür. Eynulla Mədətlinin kitabında belə “azərbaycanlı tədqiqatçıların” öz tarixlərinə qərəzli münasibətlərinin mahiyyəti açıqlanmış və belə tədqiqatçıların elmi fəaliyyətinə obyektiv qiymət verilmişdir.
Məlumdur ki, 1918-ci iliun may ayında Azərbaycan xalqının öz müstəqilliyini elan etməsi və yeni yaradılan müstəqil dövlətə “Azərbaycan” adının verilməsi İranın Qacarlar sarayı tərəfindən qorxu və təşvişlə qarşılanmışdı. Bu qorxu İranın elm və düşüncə sahiblərini də əhatə etmişdi. E.Mədətlinin qeyd etdiyi kimi, bu dairələr müstəqil Azərbaycan dövlətinin varlığını İranın bütövlüyü və təhlükəsilziyi üçün təhdid hesab edirdilər. Ona görə də 1918-ci ildən başlayaraq İranda Azərbaycanın bütövlüyünü, Azərbaycanın varlığını, onun dövlətçilik tarixini, dilini, mədəniyyətini inkar edən böyük bir elmi-ictimai cərəyan təşəkkül tapmağa başladı. Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra isə İranda Azərbaycan həqiqətlərinin təhrifini bir elmi cərəyana çevirən tarixçilər nəslinin formalaşmasına başlandı. Bu tarixçilərin və onların havadarlarının baxışlarının əsasını isə Mahmud Əfşar tərəfindən yaradılmış “Vahid İran milləti” nəzəriyyəsinin formalaşdırılması və həyata keçirilməsi, milli-etnik təfəkkürün oyanışının qarşısının alınması, milli-demokratik hərəkatların aradan qaldırılması təşkil edirdi. Bu hədəflərin əldə edilməsi üçün çoxlu kitablar, yazılar ortaya çıxdı ki, onların elmi-tarixi obyektivliyi E.Mədətlinin adı çəkilən kitabında doğru və düzgün şəkildə araşdırılmışdır. Müəllif tərəfindən ortaya qoyulan dəlil və sübutların məntiqiliyi oxucuda da onun fikirlərinin obyektivliyinə şübhə yeri qoymur.
İranda 1978-1979-cu illlər inqilabından sonra ölkədə yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Azərbaycan dilində kitablar, qəzet-jurnallar çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı. Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələrin yaranmasına yardım etmək və bu dayaqlar üzərində Cənubi Azərbaycanın inqilabi və demokratik ruhlu ədəbiyyat və incəsənətini inkişaf etdirmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. O zaman Azərbaycan SSR KP MK-nın I katibi olan ulu öndər Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi, Cənubi Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açıldı.
Elə bu dövrdə İranda da Azərbaycan xalqının tarixi, xüsusilə də Cənubi Azərbaycanda XX əsrdə baş vaş verən mühüm tarixi hadisələr çoxlu sayda araşdırmaların obyekti oldu, Səttarxan hərəkatı, Xiyabani hərəkatı, S.C.Pişəvərinin rəhbərliyi altında İranın ərazi bütövlüyü və istiqlalının qorunması şərtilə Azərbaycan Milli Hökumətinin qurulması və sair mövzular müxtəlif prizmalardan araşdırılmağa başlandı. Lakin bu araşdırmalar da əsasən dövlətin siyasi-ideoloji çərçivəsindən çox da kənara çıxa bilmədi.
XX əsrin əvvəllərindən İran tarixşünaslığında Azərbaycan xalqının tarixinə, həqiqətlərinə münasibətdə yaranmış olan baxış və konseptual ənənə yeni rejim dövründə də ciddi dəyişikliyə məriuz qalmadı. E.Mədətlinin tədqiqatından da göründüyü kimi, İranın çoxlu sayda tarixçiləri yenə də Azərbaycanın tarixini, coğrafiyasını və dövlətçilik ənənələrini saxtalaşdırmağa çalışır, “Azərbaycan” adının yalnız İranın şimal-qərb əyalətlərinə aid olduğunu, Araz çayından şimalda olan ərazilərin heç zaman Azərbaycan adlandırılmadığını, Azərbaycan Respublikası ərazisinin tarix boyu Aran, Muğan və Şirvan kimi coğrafi adlar daşıdığını, Azərbaycan türklərinin İranın siyasi, dövlətçilik, hərbi, mədəni, dini, ictimai həyatında oynadığı rolu və cənublu şimallı Azərbaycan xalqının vahidliyini inkar etməyə cəhd göstərirlər.
Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsindən sonra da İran tarixşünaslığında Azərbaycana qarşı ənənəvi münasibətin davam etdyini görmək mümkündür. Doğrudur, bu dövrdə Azərbaycan xalqının tarixinin doğru-düzgün işıqlandırılamsı sahəsində zəhmət çəkən müəlliflərin fəaliyyətini də görürük. Onların arasında C.Heyət, T.Pirhaşimi, M.Zehtabi, S.Sərdariniya kimi fədarak tədqiqatçıalr vardır. E.Mədətlinin kitabında bu tədqiqatçıların və milli ziyalıların əsərlərinin təhlilinə geniş yer verilmişdir. Bununla belə tədqiqat əsərindən göründüyü kimi, son illərdə də Azərbaycan həqiqətlərinin araşdırılmasına məhdud siyasi-ideoloji çərçivədən yanaşanlar vardır. Azərbaycan tərəfindən İranla qarşılıqlı dostluq münasibətlərinin inkişaf etidilməsi üçün izlənilən prinsipial siyasət də bir çox hallarda qonşu ölkənin tarixşünaslığında təhrif olunmuş şəkildə mövzu obyektinə çevrilmişdir. E.Mədətlinin tədqiqata cəlb etdiyi bir çox əsərlərdə və yazılarda hətta Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ziddiyətli mövqelər görmək mümkündür.
Bütün bunlarla bərabər, ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində son zamanlar baş verən hadisələrlə bağlı İranın dövlət rəhbərliyinin ədalətli və qətiyyətli mövqeyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın işğalından azad edilmiş ərazilərə səfəri zamanı Araz çayının iki dövlət arasında dostluq sərhədi adlandırılması həm İranda, həm də Azərbaycanda tarixi dəyərlərin obyektiv şəkildə daha geniş tədqiq edilməsinə təkan verəcək.
Əslində, Eynulla Mədətlinin yenicə işıq üzü görmüş kitabından əldə edilən elmi qənaət də bundan ibarətdir ki, tariximizə yalnız qarşılıqlı obyektiv münasibət Azərbaycan və İran arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlavə bir stimul ola bilər.
Sonda qeyd edilməlidir ki, Eynulla Mədətlinin elmi təfəkkürünün məhsulu olan bu əsəri Azərbaycan tarixşünaslığının son illərdə əldə etdiyi uğurlu nəticələrdən biri saymaq olar.
Mehman Süleymanov,
professor, tarix üzrə elmlər doktoru
Səməd Bayramzadə,
dosent, tarix üzrə fəlsəfə doktoru
Şərhlər bağlıdır.