Bulud Qaraçorlu Səhəndin həyat və yaradıcılığı

Güney Azərbaycan ədəbiyyatında müsətəsna xidmətləri olmuş mübariz ruhlu şair Bulud Qaraçorlu Səhənd şərəfli bir ömür sürmüşdür. Orta çağlarda Orta Asiya səhralarından köçüb Qaradağda yurd salan Qaraçorlu eli, Oğuz tayfalarının ən adlı-sanlı tayfalarından biridir. Mahmud oğlu Qaraçorlunun əsl adı Buluddur. Günəşə pərdə çəkən bulud deyil, rəhmət yağışa yağdıran bulud!

Qaraçorlunun atası Əbdül Mütəllib bir zaman, Qaradağdan köçüb gedib, Marağa şəhərində məskun olmuşdur. B.Qaraçorlu 1926-ci ildə Marağada anadan olmuşdur. Bulud Qaraçorlunun təbirincə desək, atası əyri-üyrü bir xətlə adını çızmalardı, tayfada az-çox başı çıxan təkçə anası idi ki, o da dürqələt, fəqət Quran oxuyardı. Azsavadlı zəhmətkeş ata və anasının oxşamaları, nağılları, söhbətləri, öyüdləri onun qanına, yaddaşına hopur, elini, obasını sevən bir gənc kimi yetişdirirdi. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən «Razi», az müddət keçdikdən sonra isə «Səhənd» təxəllüsü ilə şeirlər yazmağa başlamışdır. Bulud Qaraçorlunun gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-ci illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. Azərbaycan xalqının İranda ən adi milli-hüquqlardan məhrum olunması şairin qüruruna toxunur. O göstərir ki, doğma xalqı zülmət içində əzilir. «Üçüncü ərmağan» şeirində yuxarıda dediyimizin bariz nümunəsini görürük:

Ömürlük zindanmış bəs mənim taleyim,

Qaradan qaraymış alnımın yazısı,

Dünyada məndən də yazığı olarmı;

Arzusu dilində danışmaq arzusu.

Əgər ah yerinə sinəmdən od çıxsa,

Əgər bir od olsam yandırsam aləmi,

Yer-göyü, dünyanı, insanı qarğısam,

Qardaşım qınama, qınama məni

Zöhhaklar, fironlar, hitlerlər dünyada

Neyləsə, neyləsə, neyləsə, neyləsə,

Açgilan tarixi, varaqla, baxginan,

«Dilində danışma!» – demədilər bir kəsə…

Bulud Qaraçorlu Səhəndi yetirən xalqın dərdləri də keçmişi qədər böyükdür. İki əsrə yaxındır ki, Azərbaycan xalqı və torpağı iki yerə bölünmüşdür. Şair ürək ağrısı ilə «Sazımın sözü» şeirində belə yazır:

Bir ürək aradan iki bölünüb,

Ayaq da qanlıdır, baş da qanlıdır!

Ağ saçlı analar qara geyinib,

Yanaq da qanlıdır, yaş da qanlıdır!

Və yaxud

…Anadan doğulandan belə,

Özüm bilməyə -bilməyə.

Dil açıb danışdığım dildir,

Danışmadığım yasaq imiş, yasaq!

O, Təbrizin «Şairlər məclisi»ndə iştirak edib, gənc bir şair kimi şeirlərini söyləyərdi. Bulud Qaraçorlu Səhənd 1945-ci il Təbriz inqilabı dövründə Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatının üzvü olmuşdur. 1946-cı ildə (1325) şairlər məclisi bağlanarkən o da başqa şairlər kimi həbsxanaya salınıb və Tehrana sürgün edilmişdir. O, Tehranda toxuculuq fabrikində bir sadə işçi kimi çalışır. Sonralar özü də belə bir fabrik açır, amma ticarət onun şairliyinə mane olmur.

1947-ci ildən sonra «Xatirə» adlı ilk mənzum əsərini yazır. Yenidən inqilabi -demokratik hərəkata qoşulur. 1951-ci ildə həbs olunur. Tehran həbsxanasında şair «Xatirə» şeirinin davamı olan «Araz»ı yazır və kiçik tirayla çap etdirir.

50-ci illərdə Güney Azərbaycanın şair və yazıçıları şeir məclislərində yazdıqları əsərləri müzakirə edirdilər. Onun Azərbaycanın adət-ənənələrini tanıtdırmaq üçün «Kitabi-Dədə Qorqud» eposu əsasında qələmə aldığı «Dədəmin kitabı» əsərini qələmə alır. Bu dastan Türkiyədə Bəsri Qocul və Niyazi Gənc Osman oğlu tərəfindən də nəzmə çəkilmişdi. Amma Səhənd «Sözümün sözü» kitabını bir ədəbi əsər kimi özündən sonrakı nəsillərə yadigar qoydu.

Mənimdə əlimdən bu gəlir ancaq,

Səni keçmişinlə eyləyir tanış

Başıuca yaşamaq istərsən əgər,

Bax, gör babaların necə yaşarmış.

Səhəndlə yanaşı Güney Azərbaycan ziyalıları, şair və ədibləri Doktor Salamullah Cavid, Məhəmmədəli Fərzanə, Doktor Cavad Heyət (Varlıq jurnalı), Həsən Məcidzadə (Savalan) Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini çətinliklə də olsa gizli şəkildə çap etdirməyə başlayırlar. Şair «Dədə Qorqud» eposunun altı boyunu əziyyətlə nəşr etdirir. Çünki 1942-ci ildən (1963-cü il) sonra Pəhləvi

hökuməti türk dilində kitab nəşrini yasaqlamışdı. Səhənd bu kitabın ayrı 6 boyunu da «Qardaş andı» ilə nəzmə çəkmişdi ki, onun ölümü kitabın çapa gəlməsinə mane oldu. Amma bu 6 boyu sonralar dostu Bəhruz İmaninin himayəsi ilə çap olundu.

Şair «Sazımın sözü» kitabının hər səhifəsində ana yurdu və xalqına məhəbbət göstərib, öz tarixi ilə həmişə oyunmuşdur. Şair xalqı barəsində belə deyir:

Əzəl gündən qəhramanlıq,

Mərdanəlik, qoçaqlıq

Vətənimin, ellərimin,

Ad-sanıyla yanaşıdır.

Sonra deyir:

Doğrudanda, hər insanlıq,

Fəxri olan təciyyələr.

Bu ellərin, obaların,

Əkiz bir tay qardaşıdır.

Bulud Qaraçorlu Səhənd 1967-ci ildə Tehran Universitetində şərqşünas alim Rüstəm Əliyevin görüşünə gedir və bu səmimi dostluğa çevrilir. O, «Ərməğan» adlı şeirini Bakıya göndərir. 1968-ci ildə «İkinci ərməğan»ı yazır. Bakıdan M.Rahim, B.Vahabzadə, S.Rüstəm və başqalarından cavab mənzumələri gəlir.

1968-ci ilin sonlarında «Üçüncü ərmağan»ı yazıb Şimali Azərbaycana göndərir. Səhənd ilk dəfə olaraq Sovet İttifaqına səfərə gəlir və məqsədi Azərbaycan xalqı ilə görüşmək idi. İrana qayıdandan sonra səfər təəssüratını bir neçə əsərində qələmə alır.

Güney Azərbaycan çağdaş ədəbiyyatımın novator şairi Həbib Sahir Səhənd haqqında xatirələrinin birində demişdir: «Mənim Qaraçorlunun başına gələnlərdən, o qədər də xəbərim yoxdur. Ancaq bilirəm ki, o Tehranda ikən «Qızıl qala» suyu içmişdir,,, «Qızıl qalada» şeir yazmışdır… SAVAK-ın qan-qan dediyi zamanda, Qaraçorlu, gecələri yuxusuzluq çəkdi, şeir yazdı, qaçağ çap etdirdiyi, o da – «Sazımın sözü» və «Dədəmin kitabı»dır. Bu kitabların sahibi artıq «Bulud Qaraçorlu» ya «Mahmud ağa» deyil, yanardağ «Səhənd» imiş!… Əfsus ki, yanardağ, artıq od yağdırmayacaq. Bir daha «Səhəndin şeirlərini azərbaycanlılar oxumayacaqlar…» («Yoldaş» dərgisi Ordubehişt 1358).

Azadlıq şairi 1979-cu il aprel ayının 10-da ürək xəstəliyindən qəflətən vəfat etmişdir.

Qeyd etmək lazımdır ki, şairin şah əsəri – «Kitabi Dədə Qorqud» eposu əsasında qələmə aldığı «Dədəmin kitabı» poemalar silsiləsi Azərbaycanda ilk dəfə Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsi tərəfindən tam şəkildə nəşr edilmişdir.

Güləddin İsmayılov

Şərhlər bağlıdır.