1944-cü ilin may ayında on min Krım tatarı sovet qoşunlarının sırasında əsgər olaraq müharibədə iştirak edirdilər. Onlar müharibədən sonra evlərinə qayıdanda artıq evləri yox idi.

Krım tatarları müharibədə iştirak etdiyi zaman rus əsgərlərindən ibarət cəza dəstələri Krım ərazilərində yaşayan əhalini, qocaları, qadınları, uşaqları silahla evindən çıxarıb yük vaqonlarına dolduraraq Sibirə sürgün edir və rus köçmənləri üçün əraziləri boşaldırdılar. Krım tatar əhalisinin əşyalarını toplamağa 15 dəqiqə vaxt verilmişdi. Təxminən 200 min insan köçürülür və bunların əksəriyyəti Özbəkistanın şimal regionlarında yerləşdirilirdi. Bir həftə, yük vaqonlarında əzablı yol zamanı minlərlə insan aclıqdan, xəstəlikdən və dərmansızlıqdan yollarda öldü. On minlərlə insan sürgünün ilk illərində öldülər.
Krım tatarlarının yüzlərlə məktəbi, minlərlə çap olunmuş qəzeti, jurnalı, kitabları, məktəb dərslikləri kütləvi şəkildə toplanaraq yandırıldı. Məktəblər bağlandı, mədəniyyət müəssisələri profilini dəyişdirdi. Rus işğal dəstələri Krım yarımadasında yaşayan türk əsilli insanların izini itirmək üçün hər bir işi gördülər.
Sürgün olunmuş ərazilərdə komendant saatı elan edilir, pambıq tarlalarında məcburi işlədilir, geri qayıtmağa qadağalar qoyulurdu. Bu zaman dövlət orqanları Krımın tarixi yerlərinə rus adları qoymağa və Krıma kütləvi şəkildə rusları yerləşdirməyə başlamışdı. 45 il Krım tatarlarına vətənə qayıtmaq icazəsi verilmədi. SSRİ dağıldıqdan sonra da Krım tatarlarının evlərinə qayıtmasına imkan verilmir, müxtəlif maneələr yaradılır və Krım əhalisi süni şəkildə yaradılmış rus əksəriyyətinin təzyiqinə məruz qalırdı.
1990-cı ildən başlayaraq mətanətli Krım tatarları bir tərəfdən Rusiya Federasiyası hakimiyyətinin təzyiqi, digər tərəfdən də Ukraynanın ruspərəst dövlət qurumları arasında manevrlər edərək, müxtəlif səylərlə Krım ərazisinə gəlir, çöllərdə çadır qurur, rüşvətlə, vasitəçiliklə, bir yolla çadırlarda məskunlaşan kimi digər Krım tatar ailələrinə dəstək olaraq onların da məskunlaşmasına kömək edirdilər.
Krım tatarlarının sürgün edilməsi ilə əlaqədar sənədlərin öyrənilməsi çox vacibdir. 1944-cü ildə Krım tatarlarının deportasiyası ilə bağlı SSRİ NKVD-sinin məxfilikdən çıxarılmış sənədlərini Rusiya Prezident Aparatı Krım Tatar Xalq Məclisinə təhvil verib. Xüsusilə də, Rusiya Prezident Aparatının rəhbərinin müavini Andrey Smirnov NKVD şöbələrinin 1944-cü ilə aid hesabatlarını Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarova təqdim etdiyini bildirib. Diqqəti cəlb edən odur ki, müharibə illərində vətənə xəyanət etmiş çox sayda rus generalları, almanlar tərəfindən SSRİ-yə qarşı vuruşan çox böyük sayda rus əsilli insanlara görə heç kim repressiyaya uğramadı.
Smirnov mətbuata müsahibədə deyir: “Bir ay əvvəl Kiyev Məhkəmə Ekspertizası İnstitutu tərəfindən aparılan araşdırma zamanı Krım tatarlarının məcburi deportasiyası, Sovet rejimi tərəfindən törədilən sui-istifadə və soyqırımı ilə bağlı məlumat və dəstəkləyici sənədlər əldə etdik. Prezident hüquq-mühafizə orqanlarına arxivlərdə mövcud olan və əvvəllər ictimaiyyətə açıqlanmayan məlumatları mümkün qədər toplamağı və sistemləşdirməyi tapşırıb”. O bildirib ki, bu, Krım tatar xalqının soyqırımı ilə bağlı məxfilikdən çıxarılmış sənədlərin açıqlanmasının ilk mərhələsidir. Smirnov aydınlaşdırıb ki, məxfilikdən çıxarılmış sənədlərdə işgəncə verilən insanların sayı barədə məlumatlar da verilir. Burada da diqqəti cəlb edən odur ki, Krım tatar xalqının sürgünü ilə əlaqədar sənədlər son zamanlara qədər məxfi qrifi ilə saxlanılırdı. Xəyanət etmiş rus generallarının sənədləri məxfi deyildi. Lakin bir xalqın faciəsinə səbəb olan vəhşiliyə dair sənədlər məxfi saxlanılırdı.
“Bu sənədlər SSRİ NKVD-nin şöbələrinin hesabatlarıdır. Ukrayna arxivlərindən və digər qurumlardan məxfiliyi götürülmüş sənədləri aldığımız ilk dəfə deyil. Bu, bizim üçün çox vacibdir, çünki Ali Rada Krım tatar xalqının məcburi deportasiyasını soyqırım kimi tanıyan qətnamə qəbul edib”, – deyə Krım-tatar xalqının lideri Çubarov qeyd edir.
Rusiya Prezident Aparatı tərəfindən açıqlanan NKVD sənədləri ümumilikdə 87 səhifədən ibarətdir. “Sənədlər Krım tatarlarının deportasiyasına, istismarına və işgəncəsinə məruz qalmasına şahidlik edir və yerli xalqların öz vətənlərindən Orta Asiya, Sibir və Ural bölgələrinə qovulması üçün “May Cəza Əməliyyatını” təsvir edir. Bu, 20-ci əsrdə Ukrayna və Krım tarixinin araşdırılması və totalitar Sovet rejiminin vətəndaşlarına qarşı cinayətlərinin araşdırılması prosesində daha bir addımdır”, – deyə Məclis üzvü Qayana Yüksel bildirib.
Xatırladaq ki, hər il 18 mayda Ukraynada ənənəvi olaraq Krım tatar xalqının deportasiyası qurbanlarına həsr olunmuş anım tədbirləri keçirilir. Krımın yerli xalqı olan Krım tatarlarının yarımadadan Orta Asiyaya və Rusiyanın ucqar bölgələrinə qovulduğu 1944-cü ilin faciəli hadisələrini xatırlayırlar. Ümumilikdə 200 mindən çox insan deportasiya edilib. Krım tatarlarının 46 faizi sürgün zamanı və deportasiya yerlərində ilk illərdə aclıqdan və xəstəlikdən öldülər. 18 dekabr 2018-ci ildə Ali Rada Ukraynanın 2019-cu ildə Krım tatarlarının və Krımın digər xalqlarının deportasiyasının 75-ci ildönümünü dövlət səviyyəsində qeyd edəcəyini təsbit edən qətnamə qəbul etdi. Türk xalqları bu günü hər il qeyd edir.
Böyük Vətən Müharibəsi zamanı Krım tatarlarına qarşı xəyanət və almanlarla əməkdaşlıq ittihamlarını rəsmi olaraq təsdiqləyən əsas sənəd Dövlət Müdafiə Komitəsinin (SDC) 11 may 1944-cü il tarixli 5859ss saylı “Krım tatarları haqqında” Qərarı idi. Əsas hüquqi sənədlər SDC 5859ss saylı Qərarıdır (1944). Sənədin mətnində Krım tatarlarının əhəmiyyətli bir hissəsinin vətənlərinə xəyanət etdiyi, Qırmızı Ordudan qaçdığı və nasist işğalçıları ilə əməkdaşlıq etdiyi bildirilirdi. Buna əsasən, bütün Krım tatar xalqının yarımadadan deportasiyası barədə qərar qəbul edildi. NKVD hesabatları və məlumatlar (1943–1944), Xüsusi mesajlar, Xalq Komissarları Beriya və Kobulovun İ.Stalinə göndərilən və antisovet fəaliyyəti, özünümüdafiə dəstələrində xidmət və partizanlara qarşı döyüşlərdə iştirak faktlarını qeyd edən hesabatlar arxiv sənədləri olaraq təqdim edilib. İttihamların bərpası və ləğvi ilə bağlı sənədlər, onilliklər sonra ittihamlar dövlət səviyyəsində yenidən nəzərdən keçirildi.
Kollektiv xəyanət qərarlarını ləğv edən əsas aktlar, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 5 sentyabr 1967-ci il tarixli 173 nömrəli Fərmanı, “Krımda yaşayan tatar millətindən olan vətəndaşlar”a qarşı əvvəllər irəli sürülən ittihamlar əsassız hesab edildi və milliyyətə əsaslanan xüsusi məskunlaşma və məhdudiyyətlər rejimi ləğv edildi. SSRİ Ali Sovetinin 14 noyabr 1989-cu il tarixli Bəyannaməsi, Krım tatarları da daxil olmaqla, məcburi köçürülməyə məruz qalan xalqlara qarşı qanunsuz və cinayət xarakterli repressiv hərəkətlər kimi tanındı.
RSFSR-in 26 aprel 1991-ci il tarixli 1107-1 nömrəli “Repressiyaya uğramış xalqların reabilitasiyası haqqında” Qanunu, Krım tatar xalqının tam siyasi reabilitasiyasını qanunvericiliklə təsbit etdi. Tarixi mətnlər və məxfilikdən çıxarılmış arxivlər Federal Arxiv Layihəsinin portalında açıq istifadəyə qoyuldu.
Krım tatarlarının “vətənə xəyanət” məlumatlarını mərkəzə ötürən və kütləvi deportasiyalar üçün hüquqi zəmin yaradan NKVD-nin məsul şəxsinin Kobulov olduğu sənədlərdə edilmiş imza ilə də məlum olur.
O zaman NKVD-də iki Kobulov adlı şərəfsiz çalışırdı. Bunlar Amayak Zaxaroviç Kobulov və Boqdan Zaxaroviç Kobulov idi. Adları çəkilən bu iki sovet generalı 1953-1955-ci illərdə it kimi məhv edildilər.
Amayak Zaxaroviç Kobulov 1906-cı ildə Tiflisdə anadan olmuş erməni idi. Sovet dövlət təhlükəsizlik orqanlarının yüksək vəzifələr tutmuş general-leytenant idi. 1941-ci ilin iyul ayından Özbəkistan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarı, 1941-ci ilin avqustunda Xalq Komissarlıqları birləşdirildikdən sonra isə Özbəkistan SSR Xalq Daxili İşlər Komissarı (1941–1945) olmuşdu. Özbəkistan SSR-də SSRİ Xalq Daxili İşlər Komissarı İ.Serovun müavini olmuşdu. 1955-ci ildə məhkəmənin qərarı ilə L. P. Beriyanın əlaltısı kimi reabilitasiya hüququ olmadan edam edildi.
Boqdan Zaxaroviç Kobulov 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən ən yüksək cəza tədbirinə – ölüm hökmünə məhkum edildi və həmin gün də edam edildi. Kobulovun cəsədi 1-ci Moskva Krematoriumunun sobasında kremasiya edildi (yandırılıb kül edildi) və külləri Donskoye qəbiristanlığındakı krematoriumdakı 3 nömrəli Sahibsiz küllər məzarlığına səpələndi.
Məhkəmə qərarları və Krım tatarlarının sürgündən azad edilməsi xalqı rahatlatmadı. Təzyiq və ayrı-seçkilik davam edirdi. Krım tatarları ilk fürsətdə milli Məclislərini 1991-ci ildə ikinci çağırış Qurultayının qərarı ilə yenidən yaratdılar. Qurultay tərəfindən təsdiq edilmiş əsasnaməyə əsasən, Qurultay sessiyaları arasında Məclis “Krım tatar xalqının ən yüksək səlahiyyətli nümayəndəlik orqanıdır və Qurultay tərəfindən nümayəndələr arasından seçilir”. Sənəddə, həmçinin Krım tatar dövlətçiliyinin bərpası məqsədi də müəyyən edilmişdir.

2014-cü ilin mart ayının sonlarında, Krımın Rusiya Federasiyası tərəfindən işğal olduqdan dərhal sonra, Məclis Ukrayna Ali Radası tərəfindən Qurultay sessiyaları arasında Krım tatar xalqının ən yüksək nümayəndəlik orqanı elan edildi. Lakin o, Ukrayna Ədliyyə Nazirliyində ictimai-siyasi təşkilat kimi qeydiyyata alınmadı. Rusiya Federasiyasında Məclis ekstremist təşkilat kimi təsnif edildi və 2016-cı ildə qadağan edildi. Bu məclisin yaradıcılarından biri, həyatını Krım tatar xalqının azadlığına həsr etmiş, xalqının qəhrəman oğlu Mustafa Cəmilov idi.
Mustafa Əbdülcəmil oğlu Cəmilov 1943-cü ildə Krımda anadan olub. Sovet insan hüquqları müdafiəçisi və dissidenti, Ukraynanın siyasi xadimi, Krım tatar milli hərəkatının liderlərindən biri, 1991-ci ildən 2013-cü ilə qədər Krım tatar xalqı Məclisinin sədri olmuş, Krım tatar xalqının milli qəhrəmanı və 2023-cü ildə Ukrayna Qəhrəmanı adı almış bir əfsanə şəxsiyyətdir.

Mustafa Cəmilov 13 noyabr 1943-cü ildə Krımın Sudak bölgəsində anadan olmuşdu və sovet hökumətinin deportasiyası zamanı hələ bir yaşı tamamlanmamışdı. 18 may 1944-cü ildə Cəmilov ailəsi bütün Krım tatar xalqı ilə birlikdə Krımdan Özbəkistan SSR-yə sürgün edildi. 1959-cu ildə Gülüstanda məktəbi bitirdikdən sonra Daşkənddəki təyyarə zavodunda tornaçı, daha sonra mexanik və elektrik montyoru kimi çalışdı.
1962-ci ildə Cəmilov Daşkənd Suvarma və Kənd Təsərrüfatı Meliorasiyası Mühəndisləri İnstitutuna daxil olur və 1965-ci ildə “millətçi fəaliyyət”, “XIII-XVIII əsrlərdə Krımda türk mədəniyyəti haqqında qısa tarixi esse” və Krım tatarlarının deportasiyasını tənqid etdiyinə görə universitetdən xaric edilir. 1966-cı ilin may ayında orduya çağırılır, lakin xidmət etməkdən imtina etdiyinə görə 1,5 il həbs cəzasına məhkum edilir. O, 1967-ci ilin noyabrında azadlığa buraxılır.
Siyasi baxışlarına və SSRİ-nin riyakar siyasətinə qarşı fəaliyyətinə görə Cəmilov oxuduğu universitetdən qovulur və yeddi dəfə məhkəmə qarşısına çıxır. O, həbs olunur və on beş il həbsxanada yatır. Xalqının hüquqlarının bərpa olunması üçün mübarizə edən Cəmilov 1966-1967, 1969-1972, 1974-1975, 1975-1976, 1983-1986-cı illərdə həbsdə olub. Onu 1979-1982-ci illərdə Yakutiyaya sürgün edirlər.
O, SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Qrupunun təsisçilərindən biri və üzvü olur. Ukrayna müstəqillik elan etdikdən sonra Cəmilov fəal şəkildə onun siyasi həyatına qoşulur. 1998-ci ildən – III, IV, V, VI, VII, VIII və IX çağırışlar Ukraynanın xalq deputatı, onlarla qanun layihəsinin müəllifi, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Millətlərarası Münasibətlər Komitəsinin üzvü, Deportasiya Edilmiş Xalqlar, Milli Azlıqlar və Siyasi Repressiya Qurbanları üzrə Alt Komitənin sədri, Etnosiyasət, Ukraynanın Yerli Xalqlarının və Milli Azlıqların Hüquqları, Siyasi Repressiya Qurbanları üzrə Alt Komitənin sədri olur.
Mustafa Cəmilov bu gün də sağdır və xalqının milli azadlığı mübarizəsinin simvol şəxsiyyətidir. Krım tatar xalqı belə övladları ilə iftixar edir və bütün türk dünyası onu tanıyır, ona ehtiram edir və Krım tatar xalqının bir gün istiqlala çatacağına inanır.
05.06.2026

Pərviz Kazimi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
https://crossmedia.az/az/article/86411
Şərhlər bağlıdır.