O GÜN MEYDANDA OLANLARIMIZ

RZAŞÜVARİ NİZAMİ HÜSEYN oğlu,

RZAŞÜVARİ NİZAMİ HÜSEYN oğlu,

“20 Yanvar” Cəmiyyətinin Nəzarət-Təftiş Komissiyasının sədri,

ehtiyatda olan mayor

 

1956-cı ildə Təbrizdə anadan olub Nizami. Atası İranda Milli mücadilə hərakatının fəallarından idi. O, 1960-cı ildə Quzey Azərbaycana pənah gətirir.

Şimali Azərbaycanda yaşayan cənublu Milli hərakatçıların (Q.Yəhya, Lahuti və b.) övladlarına, o cümlədən Nizamiyə də valideynlərinin yanına gəlməyə icazə verilir. Onları 1963-cü ildə Ənzəli limanından yola salırlar.

Nizami Quzey Azərbaycana gəlməklə ata həsrətindən qurtulursa, yaşa dolduqca ikiyə bölünmüş Vətən həsrəti onu yandırıb-yaxır. Söhrab Tahirin bu misraları ona rahatlıq vermir:

Azad qardaşım var, onunla xoşam,

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

…Nizami taleyini hərb sənəti ilə bağlamaq tövsiyə edilir və o, 1974-cü ildən bu sahəyə bağlanır. Naqinskdə şəhərində hərbi xidmət keçdikdən sonra Frunze şəhərinə göndərilir. 1978-ci ildə Ryazan şəhərindəki Suvorov adına Ali Hərbi məktəbə daxil olur. Bir qədər sonra Semipalatinsk şəhərində nüvə silahının sınaqdan keçirilməsi zamanı şüalanmaya məruz qalır.

1979-cu ildə Nizami Əfqanıstana müharibəyə göndərilir. Qızğın döyüşlərin birində kantuziya alır. 1988-ci ildə ordudan tərxis olunur.

1988-ci il, məlum olduğu kimi, Azərbaycanda xalq hərakatının formalaşdığı, təşkilatlandığı dövr idi. N.Rzaşüvari də Xalq Hərakatına qoşulur, onun fəallarından olur.

O da bəllidir ki, 1990-cı ilin yanvar hadisələri zamanı hərakatçılar vəhşi ordunun daha çox əzab, işgəncə verdiyi şəxslər olmuşlar.

-20 yanvar gecəsi Q.Yəhya küçəsindəki yaşadığım bina ordu tərəfindən mühasirəyə alındı. Saqqallı vəhşilər, təxminən gecə saat ikinin yarısında mənzilimə soxuldular. Atama xəsarət yetirib, məni evdən çıxartdılar. Gətirib, o vaxt 26-lar rayon partiya komitəsi yerləşən binanın zirzəmisinə atdılar. Bir ay ağır işgəncələrə dözməli oldum. Dişlərimi, ayağımı qırdılar. Başımı butulka ilə vurub yardılar. Məcbur edirdilər ki izahat yazım və izahatda faciənin baş verməsində hərakatçıları günahlandırım. İşgəncələrə dözdüm, amma onların dediklərinə qol qoymadım.

Nəhayət, zindandan qurtuldum. Əsil faciəm də bundan sonra başlandı. Atam bu vəhşiliyə, dərdə dözməyib, mən aparılandan 3 gün sonra dünyasını dəyişmişdi. Dərd gələndə, doğrudan da batmannan gəlirmiş. Hardan biləydim ki, bacım da Vətən yolunda qurban gedəcək, qalan ömrümü doğmalarımsız, tənha keçirəcəyəm.

Qərarlaşdım ki, Vətəni müdafiəyə, Qarabağı erməni faşistlərindən qorumağa gedim. Necə olsa da, hərbi təhsil görmüşdüm və müəyyən qədər də döyüş təcrübəm var idi.

1992-ci ildə Xocəvənd hadisələrinin ərəfəsində artıq Ağdamda idim. Bir neçə qanlı döyüşdə, xeyli yaşayış məntəqəsinin, o cümlədən Əsgəranın qaytarılmasında iştirak etdim. Vətən yolunda canını əsirgəməyən, şir kimi döyüşən oğullarla bir səngərdə mən də vuruşdum. Eyni zamanda xəyanətlərin, siyasi oyunların şahidinə çevrildim.

Fevralın sonlarında qara xəbər aldım-həkim-cərrah kimi Qarabağ cəbhəsində xidmət edən bacım Solmaz şəhid olmuşdu. Özümü çatdırana qədər onu yaşadığı Bərdədə dəfn etmişdilər. Bu da mənə bir ağır dərd oldu-nə atamın, nə də bacımın dəfnində iştirak edə bilmədim.

Bərdə Rayon Məhkəməsinə müraciət edib, bacımın oradakı evini Xocalıdan qaçqın düşmüş ailələrdən birinə verilməsini xahiş etdim. Bacımın ziynət əşyalarını və ondan qalan maddi vəsaiti son qəpiyinə qədər Müdafiə fonduna keçirib, rəsmi arayış aldım…

Müharibədən tərxis edildikdən sonra “20 Yanvar” cəmiyyətinə-həmdərdlərimin yanına gəldim. Cəmiyyətin binasının abadlaşdırılmasına, su xəttinin çəkilməsinə, telefonlaşdırılmasına, qəzetin nəşrinə-ümumiyyətlə, Cəmiyyətin normal fəaliyyət göstərməsi üçün əlimdən gələn köməkliyi göstərdim.

Üç övladım var. Qızım Həcər Xarici Dillər İnistutunu bitirib. Oğlum Anar idmançıdır-5 dəfə Azərbaycan, 1 dəfə Avropa çempionu (kikboks üzrə) olub. İkinci oğlum Rüstəm orta məktəbi bitirib, DİN-də işləyir.

Məqalə yazıçı Aslan Salmansoyun “20 Yanvar: güllələnən gecənin fəryadı” kitabından götürülüb.

Şərhlər bağlıdır.