“21 AZƏR-75” FOTOALBOMU

NƏSİLLƏRƏ YADİGAR QALACAQ FUNDAMENTAL NÜMUNƏ

“21 Azər-75”. Fotoalbom. Tərtib edən və məsul redaktor: S.Bayramzadə, “Elm” nəşriyyatı, 2020, 188 səh. Fotoalbom tarixi fotoşəkillər və sənədlər əsasında tərtib edilmişdir. Albomda 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz əksini tapmışdır.

“75 il keçdikdən sonra 21 Azər hərəkatına müraciət etmək, ona aid tarixi faktlar və sənədləri araşdırmaq, şərh etmək tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Fotoşəkillər və sənədlər əsasında tərtib edilmiş bu albomun bugünkü və gələcək nəsli tariximizin şanlı bir səhifəsi ilə tanış etmək, onlara vətənpərvərlik hisslərini aşılamaq işində önəmli rol oynayacağına əminik.

Təqdim olunan albomda  ayrı-ayrı şəxslərin deyil, millətimizin mübarizə tarixinin bir hissəsi əks olunur. Onu unutmağa, yaddan çıxarmağa haqqımız yoxdur.

Ümid edirik ki, bu albomu vərəqləyən hər bir soydaşımızın zehnində 1945-1946-cı illərdə Arazın o tayında – Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun bir illik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz qiymətini alacaqdır.

1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti, gördüyü işlər və məğlubiyyəti ilə bağlı hadisələri əks etdirən bu albomun tərtibatında o dövrə aid müxtəlif sənədlər və fotoşəkillərdən, hərəkatda fəal iştirak etmiş və onun canlı şahidi olmuş şəxslərin xatirələrindən, eləcə də arxiv sənədlərindən istifadə edilmişdir.

Albomun hazırlanması işində AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsi əməkdaşlarının zəhmətini minnətdarlıqla xüsusi qeyd etməliyik”.

Azərbaycan Demokrat Firgəsindən: AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnsitutunun “Cənubi Azərbaycan” şöbəsinin kollektivi 5 il əvvəl də belə bir xeyirxah işə imza atmış, ADF-nin 70 illik yubileyinə nəsillərə yadigar qala biləcək fotoalbom ərməğan etmişdi. Azərbaycan cəmiyyəti günümüzədək orada cəmləşmiş nümunələrdən faydalanmaqdadır. Yeni nəşrin  əvvəlkindən daha zənginliyiylə seçilməsi müəlliflər kollektivinin məshuliyyət hissindən xəbər verir.

Səməd müəllim fotoalbom haqqında azerbaycan-ruznamesi.org-a  müfəssəl məlumat ünvanlayıb. Əminik ki, tarixçi alimlərimizlə yanaşı ictimaiyyət də  öz rəy və fikirlərini bizimlə bölüşəcək.

Şərhlər bağlıdır.