Sədrəddin Soltan: “Azərbaycan türkü də öz ana dilində təhsil almalıdır”
“İranda Azərbaycan türklərinə qarşı konstitusiyanın bu iki maddəsi 40 ildir pozulur”
“Azərbaycan dilinə qarşı çıxanlar İrana qarşı çıxır”. Bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri deyib. Deputat bildirib ki, türk dilinin məktəblərdə tədris olunması İran Konstitusiyasının 15-ci maddəsində qeyd olunub və bu qanundan kənar heç nə tələb olunmur. Onun sözlərinə görə, yerli dillərin məktəblərdə tədris olunması sərbəstdir və mütləq tədris olunmalıdır:
“Məktəblərdə türk dilinin tədris olunmasına qarşı çıxanlar İran inqilabına zidd hərəkət edirlər və konstitusiyaya qarşı çıxırlar. Biz elə buna görə inqilab edib, şəhid vermişik. Konstitusiya inqilabın nizamnaməsidir, buna qarşı çıxanların əks-inqilabi ünsürlərdən heç bir fərqi yoxdur”. Xatırladaq ki, ötən gün güneyli soydaşımız, deputat Nadir Qazipur da təkliflə çıxış edərək İranda orta məktəblərdə rus dili əvəzinə Azərbaycan dilinin tədris olunmasını istəyib. Fars deputatlar isə ona qarşı çıxıblar.
İran parlamentində Azərbaycan dili ilə bağlı aparılan müzakirələri “Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan məsələyə fərqli rakursdan yanaşıb. Analitikin sözlərinə görə, İranda milli məsələ öz həllini tapmayıb və problemin həll edilməməsi İranın təhlükəsizliyi və gələcək mövcudluğunu təhdid edir:
“İslam Respublikasının müxtəlif qurumlarında təmsil olunanlar gözlənilən təbii və hüquqi dalğanı hiss etdiklərindən bu cür çıxışlar edirlər. Məsələn, parlament və ya prezident seçkiləri qabağı bu tipli məsələlər təbliğat kampaniyası kimi tez-tez qabardılır. Çox güman ki, bu deputatlar “sifarişli” çıxış edənlərdəndir. Çünki irəli sürülən tələblər Güney Azərbaycan cəmiyyətinin 40 illik tələbləridir və inqilabdan sonra qəbul edilən Ana Yasada öz əksini tapıb. Həmin maddənin qəbul edilməsi üçün uzun müddət müzakirələr aparılıb.
Hakimiyyət həmin deputatlar vasitəsi ilə təşəbbüsü Güney Azərbaycan türklərindən və Milli Hərəkatdan alaraq, belə deputatların nəzarətinə verməyə cəhd göstərir. Belə olarsa, gələcəkdə həmin prosesi idarə etmək asan olacaq. Həm də Azərbaycan türkləri İran Ana Yasasının köhnəlmiş 15-ci maddəsindən kənara çıxmayacaqlar. İndi səsini çıxaran deputatlar 20 il bundan əvvəl Güney Azərbaycan türklərinin şərlənməsinə göz yumurdular. Hətta Nadir Qazipur Azərbaycan Respublikasına qarşı çıxış edirdi. Bəs indi nə dəyişdi? Sözügedən deputatla parlamentdə “Türk fraksiyası” yaratmağa səy göstərdilər. Hanı o fraksiya? Nə iş görür?”
S.Soltan bildirib ki, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə bağlı problemlərin İranda açıq-aşkar dilə gətirilməsi yaxşı haldır. Ancaq məsələnin avantürsitlər tərəfindən deyilməsi onların səmimiliyinə şübhə yaradır:
“Bu şübhə perspektivdə Azərbaycan Milli Hərəkatı üçün maneə törədə bilər. İran konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ölkədə rəsmi dövlət dili olsa da, bu dilə əlavə olaraq regional və tayfa dillərinin mətbuat və kütləvi informasiya vasitələrində istifadə olunmasına və məktəblərdə tədrisinə icazə verilir. Həmin qanunun 19-cu maddəsində isə deyilir – “İranda yaşayan bütün xalqlar, etnik qrupu, irqi və dilindən asılı olmayaraq bərabər hüquqa malikdir”. İranda Azərbaycan türklərinə qarşı konstitusiyanın bu iki maddəsi 40 ildir pozulur. Nadir Qazipurun dedikləri də qanunun pozulmasına haqq qazandırmaqdır. Necə ola bilər ki, İran vətəndaşı olan Azərbaycan türkü ana dilini öz ölkəsində xarici dil kimi öyrənsin?!”
Şərhlər bağlıdır.