İran-İraq müharibəsinin qurtarmasına yaxın, 1988-ci ilin aprelində 3-cü çağırış İran İslam Şura Məclicinə (Parlamentə – V.M.) seçkilər keçirilirdi. Gilan ostanının mərkızi olan Rəşt şəhərindən Gilan “Qüds” korpusunun komandiri olmuş İlyas Həzrəti bir müddət namizəd göstərildi. O və şəhərin iki mötəbər, müstəqil ruhanisi koalisiya yaratdılar (Rəşt şəhərindən parlamentə 3 deputat seçilir). Amma təbliğat kampaniyasının əvvəlindən bu ittifaq ixtilafla əvəz olundu. Çox az keçməmiş onlar bir-birindən ayrıldılar. Cümə namazı zamanı məscid və minbərdən İlyas Həzrətiyə qarşı çıxışlar oldu. İ.Həzrətiyə qarşı təbliğatın ana xətti, şah beyti belə idi: HƏZRƏTİ TÜRKDÜR.
Rəşt azərbaycanlılarının hekayəti buradan başladı. Şəbnamələr, vərəqələr yaydılar və xəbərdarlıq etdilər ki, xalq agah olsun, namizədlər arasından TÜRK namizədə səs verməsinlər.
Bu məsələ İ.Həzrətinin Axilles dabanı hesab edilirdi. Amma həmin vərəqələr, xütbələr, elanlar, bəyanatlar Rəştin azərbaycanlı sakinlrinin diqqətini özünə cəlb etdi. Onlar hamısı bir nəfər kimi hiss etdilər ki, özlərindən deputatlığa bir namizədləri var. İ.Həzrətinin müxtəlif təbəqələr – müəllimlər, işçilər, cəbhədə olanlar, ali və orta məktəb gəncləri arasında populyar olması ilə yanaşı Loşt, Neşa, Sənkər, Xoşkbicar, Kuçsefan kimi rayonlarda güclü tərəfdarları vardı.
Onun Rəşt şəhərinin özündə də müxtəlif məhəllələrdə keçmiş işlərinə və xidmətlərinə görə çoxlu tərəfdarı vardı. Eyni zamanda rəqiblərinin Həzrətiyə qarşı fəaliyyəti azərbaycanlıları da onun ətrafında sıx birləşməyə vadar etdi. Onlar həmin elanları oxuyub hiss edirdilər ki, təhqir obyektinə çevrilmişlər. Odur ki, bir yumruq kimi öz azərbaycanlı namizədlərinin arxasında dayandılar. Həmin vaxtdan İlyas Həzrəti ikili kimlik daşıyıcısına çevrildi. Bir tərəfdən özünü rəştli hesab edirdi. Belə ki, göstərdiyi xidmətlərinə, Gilan korpusuna komandanlıq etdiyinə, əldə etdiyi qələbələrə görə Rəşt sakinlərinin sevimlisinə çevrilmişdi. Digər tərəfdən azərbaycanlılar da onun xətrini çox istəyirdilər. Bunun sayəsində azərbaycanlılar belə nəticəyə gəldilər ki, həmrəylik və birlik nəticəsində ictimai həyatda daha ciddi və fəal şəkildə iştirak edə bilərlər.
Həzrəti çox qısa zamanda siyasət aləmində tanınmış şəxsiyyətə çevrildi və həmin illərdə “sol qanad”da yer tutdu. Həmin qanad 2 xordaddan (23 may 1997-ci il tarixində prezident seçkilərində “sol qanad”ın nümayəndəsi S.M.Xatəmi prezident seçilmişdi – V.M.) sonra “islahançı”adlandı.
İllər sonra Bələdiyyələrə 3-cü çağırış seçkilər zamanı ( 2007) azərbaycanlılar İlyas Həzrətinin seçki qərargahının başçısı, Məhəmməd Mahmudiyanın isə Rəşt şəhəri bələdiyyə şurasına üzv seçilməsinə nail oldular (həmin vaxt Rəşt şəhər bələdiyyə şurası 9 nəfərdən ibarət idi – V.M.). M.Mahmudiyanın bələdiyyə şurasına seçilməsi azərbaycanlıların birliyini daha da gücləndirdi. Zaman keçdikcə azərbaycanlıların birliyi daha da güclənirdi. Hazırda onlar bələdiyyə şurası və məclisə seçkilərə təsir göctərən və nəticələrini təyin edən bir cəmiyyətə çevrilmişlər. Seçki zamanı azərbaycanlılar seçicilərin 20%-nə təsir göstərmək imkanına malikdirlər.
Azərbaycanlıların Rəşt şəhərində yerləşmə coğrafiyasını təyin etmək onların İranda etnik coğrafiyasını təyin etmək kimi çətindir.
Artist, idmançı, siyasətçi, radio, TV, media fəalları və bu kimi peşə adamları İran radio-televiziyasının mikrofonları qarşısında çıxış edərkən bir çox hallarda ya özlərinin və ya da ata-analarının Azərbaycanın Ərdəbil, Zəncan, Həmədan və ya digər türk regionlarından olduqları məlum olur. Rəştdə və Gilan ostanının digər şəhərlərində də vəziyyət belədir. Hazırda az şəhər, az xiyaban, az dalan tapılar ki, orada azərbaycanlı ailəsi yaşamasın. Azərbaycanlıların Gilana mühacirətinin sonuncu dalğasının tarixi bundan 50 il əvvəl başlanıb. Xalxaldan, Ərdəbildən, Meşkinşəhərdən, Həştruddan iş dalınca gəlib zaman keçdikcə burada məskunlaşmış və bu diyarın əhalisinin, eləcə də Gilan cəmiyyətinin bir parçasına çevrilmişlər. Bununla belə əksəriyyəti fəhləliklə məşğul olur, şəhər kənarındakı “gecəqondularda” (özbaşına tikililərdə – M.K.) yaşayır və siyasi həyatda heç bir iştirakları yox idi.
1990-cı illərin birinci yarısında azərbaycanlılar daha çox Rəşt şəhərinin qərb kənarımda yaşayırdılar, müxtəlif Azərbaycan ostanları, şəhər və kəndlərindən gəlmiş vətəndaşların – cəmiyyətin həmin hissəsinin 3-cü (1988) və 4-cü (1992 ) çağırış parlamentə seçkilər ərəfəsində davranışının obyektiv müşahidəsi göstərirdi ki, bir çox digər halların əksinə olaraq onların düşünülmüş siyasi mühəndisliklə müəyyən bir namizədə səs vermək üçün səfərbər olunması baş verirdi. Onlar hər birinin öz lideri olan koloniyalar şəklində təşkil olunmuşdular. Seçki kampaniyası zamanı onlar öz liderlərinin başçılığı ilə fəaliyyət göstərirdilər və onların bir əsas məqsədi var idi: azərbaycanlı namizədi müdafiə etmək.
Bələdiyyə şuralarına seçkilər keçirilməyə başlayandan sonra azərbaycanlıların əsas vəzifəsi hər bir seçki dairəsində azərbaycanlı namizədi dəstəkləmək idi. Hər bir seçki dairəsində namizəd olan qeyri azərbaycanlı vətandaş azərbaycanlı namizəddən iki qat çox səy göstərməli idi, çünki azərbaycanlı namizədin islahatçı və ya mühafizəkar olmasından asılı olmayaraq əhəmiyyətli dərəcədə səsi olurdu. Son iki onillikdə İranda siyasət gəmisinin bir çox qabarma və çəkilmələr təcrübəsindən keçməsinə, partiya, “partiyalaşma” kimi modern siyasi anlayışların yeni ölçülər kəsb etməsinə baxmayaraq, Rəştdəki azərbaycanlıların qırılmaz bağlılıqları azalmadı. Onlar sürətlə periferiyadan mərkəzə hərəkət etdilər, marginallıqdan çıxdılar…
Parlamentə VI çağırış seçkiləri zamanı (2000) islahatçıların ən populyar və nüfuzlu vaxtları idi. Bununla belə “Müşarikət” partiyası (islahatçıların əsas siyasi partiyası -V.M.) heç kimin gözləmədiyi bir halda İlyas Həzrətinin adını Tehrandan 30 nəfərlik namizədlər siyahısına (Tehrandan 30 deputat seçilir) daxil etmədi. Amma nəticə də gözlənilməz oldu. Tehranda adətən siyahıya səs verirlər, şəxslərə yox. Həmin il Tehran siyahısına daxil edilmiş şəxslərin 28 nəfəri lazımi səs yığa bildi. 29-cu qalib İ.Həzrəti oldu. Keçmiş spiker, prezident, amma islahatçılar tərəfindən xoş qarşılanmayan, ölkənin ən nüfuzlu şəxsiyyətlərindən biri olmuş ayətullah Haşımi Rəfsəncani yalnız sonuncu, 30-cu yeri tuta bildi. “Müşarikət”çilər Həzrətini öz siyahılarına daxil edəndə bir amili düzgün hesablaya bilməmişdilər:AZƏRBAYCANLILARIN BİRLİYİNİ!
Yazı “Etimad” qəzetindən götürülüb, diyamirza.ir saytında yerləşdirilən iri həcmli materialın maraqlı hissələri tərcümə-icmalı şəklində təqdim olunub.
Tərcümə və tərtib edən:V.M.Kamal
Şərhlər bağlıdır.