AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ: MƏMMƏDRZA AFİYƏT İRSİ DAİM DƏRİNDƏN TƏDQİQ OLUNMALIDIR

Yazıçı, jurnalist, publisist, tərcüməçi Məhəmmədrza Afiyətin Azərbaycan Demokrat Firqəsi, milli azadlıq hərəkatımız qarşısındakı xidmətlərinin miqyasını təsəvvürdə canlandırmaq üçün mütləq surətdə XX əsrin ikinci yarısından sonrakı azı 3  onilliyə nəzər salmaq lazım gəlir. Bunu ona görə vurğulayırıq ki, səmimi, nikbin, gülərüz insanı onda hazırda ADF-nin yadrosunu təşkil edənlərin əksəri görüb, salamlaşıb, hal-əhval tutub. “Azərbaycan” qəzetinin 30 il baş redaktoru olmuş M.Afiyət gənc yazarlarla  həmin mətbu nəşr arasında həmişə körpü salıb, onların yazar kimi formalaşmasına köməyini əsirgəməyib. Misallar çoxdur, indi elə adam tapılmaz ki, bu dəstəyi minnətdarlıq hissi ilə yada salmasın.

Məhəmmədrza müəllimin “ Alov”, “Atamı istəyirəm”,” Sərdari-Milli Səttərxan”, “Məşrutə inqilabı və Pəhləvi dərbarının xidmətləri”, “ Ürəkdə işıq” kitabları, Səməd Behrəngidən və digər mütərəqqi yazarlardan tərcümələr Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş M.Afiyətdən ədəbi irsimizə yadigarlardır. “Azərbaycan” qəzeti isə onun baş redaktorluğu dövründə də mübariz ənənələri layiqincə davam etdirib.

Məhəmmədrza Afiyət barəsində geniş yazılmağa layiq şəxsiyyətlərdəndir. Mənəvi keyfiyyətləri və yaradıcılığı daha geniş səciyyələndirilməyə haqq edən söz sənəti ustadlarımızdandır. Bunu unutmamalı və xatirəsini yubileydən-yubileyə yada salmalıyıq.

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

 

MƏRƏNDİN DAHA BİR YAZARI-MƏHƏMMƏDRZA AFİYƏT 

Mərəndin türkcə yazarı da varmış: Məhəmmədrza Afiyət. Sən demə keçmişdə Mərəndimizin Gəncəli Sabahidən başqa birisi Afiyət! Bunu “Azərbaycan hekayələri” adlı kitabı oxuduqda əldə edə bilmişik. İki cilddə çap olunan bu kitabı Məhəmməd Səbəhdel və Fatimə Mirhüseynpur hazırlayıb bizim əlifbaya köçürmüşlər…
“Azərbaycan hekayələri” kitabında yazardan belə bir qısa bioqrafiya gəlib: “Abdulla oğlu Məhəmmədrza Afiyət 1305-ci (1926-cı) ildə Mərənddə bir alverçi ailəsində anadan olmuşdur. Orta təhsilini Mərənd şəhərində bitirmişdir. Onun 1338-ci (1959-cu) ildə “Alov” adlı hekayə toplusu çapdan çıxmışdır. Ələ gətirdiklərimizə görə onu Güney hekayəsinin önəmli yazıçılarından saymaq olar…”

Mərənddə yaradılan “Sabahi dərnəyi”nin (əncüməninin) üzvlərindən Məhəmmədrza Afiyət
(22.01.1926 – 24.04.2011)

 Azərbaycan yazıçısı, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü,”Azərbaycan” qəzetinin redaktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvü Afiyət Abdulla oğlu Məhəmmədrza Mərəndi 1926-cı ildə Qazax rayonunda anadan olmuşdur. Altı yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçmüşlər. Orta məktəbi Təbrizdə bitirmişdir. 1946-cı ildə Sovet Ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıtmış, burada Hərbi Məktəbə daxil olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirmiş və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq ali təhsil almışdır.

30 ilə yaxın ADF-nin orqanı olan “Azərbaycan” qəzetində baş redaktor vəzifəsində çalışmışdır. Məhəmmədrza Afiyətin müxtəlif vaxtlarda “Səttarxan Sərdari Milli”, “Ürəkdə işıq”, “Atamı istəyirəm”, “Alov”, “Məşrutə inqilabı və Pəhləvi dərbarlarının xəyanətləri” kitabları nəşr edilmişdir.

O, bir sıra əsərləri – Səməd Behrənginin “Balaca qara balıq” (1978), “Çuğundur satan oğlan”, “Məhəbbət nağılı” və digərlərini fars dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

Güləddin İsmayılov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

Şərhlər bağlıdır.